Türkün Qaraqoyunlu elinin ruh yaddaşından soraqlar Mədəniyyət

Türkün Qaraqoyunlu elinin ruh yaddaşından soraqlar

Deyirlər, Qazan xanın sürüləri Murğuz yaylasını bürümüşdü. Yurd yerlərində onun sürülərinin sayı-hesabı yox idi. Amma bir neçə kafir (bəzən gavır da deyirlər) haramısı peyda olmuşdu. Sürünü bölüb aparsa dərd yarıdı, gəlib əvvəlcə çobanı qaladığı ocağa atıb diri-diri yandırırlar, sürüdən isə apara bildiklərini aparırlar, apara bilmədiklərini qırırlar. Çobanın ürəyinə damır ki, gavırlar onun da başına bu müsibəti açacaqlar. Qazan xan Ağca qalada oturmuşdu. Dünya görmüş çoban köməkçisini göndərdi ki, gedib Qazan xana xəbər versin, köməkçilər göndərsin. Bala çoban bir neçə dağ aşmalıydı ki, gedib Ağca qalaya yetişsin. Tək qalan yaşlı çobanın içinə bir qara bulud çökdü, vahimələndi, sürünün ətrafını dolandı, nədənsə ümidi üzüldü. Yenə də üzünü Tanrıya tutdu, həmişəki kimi dua oxudu. Bir dəfə oxuduğu duadan, Tanrı istəyindən bulaqdan su çıxdı, qurban kəsdi. Duası qəbul olmuşdu. Yenə ümidini üzməyib əllərini qoşalayıb, başını qaldırıb göyə üz tutdu. Amma indi Tanrıdan başqa dilək istədi: Ulu Hürmüz, uluların ulusu, səndən bir diləyim də var, bir diləyimi yerinə yetirdin, şəfa bulağı açdın, xəstələr şəfa tapdı, mənim də el içində adım Xan Çoban kimi əzizləndi, indi mən sənin bir tozun, bir yol daşınam. Kafirlər məni də, sürünü də odda yandıracaq. Diləyim odur ki, məni də, sürünü də, köməkçinin itini də daş elə, qoy yayda bu yaylağa gələnlər bizi görüb yad eləsinlər.
Çobana əyan olmuşdu, içində bir vahimə yaranmışdı, gavurların gəlişini gözləyirdi, birdən qulağına bir səs gəldi: Tanrı diləyini eşitmişdi. Sən də, sürülərin də, itin də əbədiləşdiniz. Beləcə çoban da, sürü də, iti də daşa döndü. Hər il Murğuz yaylağına gələn el-oba yaşı bilinməyən bu qədim heykəllərə baxıb heyrətlərini gizlədə bilmirlər. Bu daşlar pir kimi müqəddəsləşiblər.
Qocaların dilində bir versiya da dolaşır. Gavurlar gəlib gecə Çobanı diri-diri qaladığı ocağa atırlar, qoyunlardan kəsib çoban yandırdığı ocaqda kabab çəkib yeyib -içirlər. Bu zaman göydə ildırım çaxır, ildırım həmin yerə düşür, gavurları qırır, sürü dərələrə səpələnir, qayalardan tökülüb qırılır. Xəbər Qazan xana çatır. Çobanın ocaqda diri-diri yandırılması ona çox pis təsir edir. Çox düşünəndən sonra el-obada ev tikən ustaları gətirib onlara deyir:
- Çobanın da, yanında itin də, qoyun sürüsünün də heykəllərini həmin arxacda qurarsınız. Qoy çobanın arzusu yerinə yetsin, bu düzlərin daşları kimi yaşasınlar.
Əlbəttə, bu əfsanədən daha çox nə zamansa olmuş həqiqətdir. Hər əfsanənin mayasında bir həqiqətin izi yaşanır. Yaxşı deyiblər, hər daşın öz tarixi var.
Murğuz yaylasındakı bu əfsanələrin hər biri bir dastanın izindən xəbər verir. Bu əfsanələr bizə Dədə Qorquddakı Qaraca Çobanı da xatırladır.
Murğuz yaylasının həmin ərazisində yalnız uçuq divarları qalmış "Ağcaqala" adlı bir qədim abidə də var. Ağcaqala haqqında da çeşid-çeşid əfsanələr söylənilir. Əfsanələrin məzmunundan hiss olunur ki, bunlar çox maraqlı bir dastanın izləridir. Dastanın şeir hissəsi unudulub, məzmun dildən-dilə keçə-keçə dövrümüzə gəlib çatıb.
Əfsanənin məzmunu belədir: Arandan gəlib Qaraqoyunlu dərəsində yuva qurmuş Sərxan adlı bir əzazil bəy yerli camaatı çox incidir, bəylik nüfuzundan istifadə edib özbaşına vergi yığır, üzdə olan, tanınan cavanları döydürür, çoxlu mal-qoyunu olanların əlindən alır. Buna dözməyən cavanlar da ya Arana üz tuturlar, ya da çöllərə qaçırlar. Bu zaman Ağca adlı bir qaçaq peyda olur. Onun çox yaraşıqlı, ağ üzlü, qamətli bir gənc olduğunu görənlər adını bilmədiklərinə görə Ağca deyə tanıyırlar. Ağca adamlarla çox ünsiyyətdə olmur, qışda Arana üz tutur, yayda gah Murğuzda, gah Şah dağında, gah da Soyuqbulaq yaylasında libasını dəyişə-dəyişə dolanır, fürsət düşəndə Sərxanın adamlarına hücum edir, Arandan gələn adamlarını soyur, yaxınlarının var-dövlətini talan elətdirir. Ağca cin kimi bir zaman yoxa çıxır, kimsəyə görünmür. Çox adam elə bilir ki, Ağca dəstənin başçısıdır. Onun dəstəsində kimin olduğunu da tanımırlar. Deyirlər əlacsız qalan Sərxan Qazan xanın yurdunda onunla görüşür. Ağca əhvalatını ona danışır, onunla məsləhətləşir, onun ələ keçməsində köməyini arzulayır.
Qazan xan söz verir, çobanlarına tapşırır ki, Ağcanı, ya onun tanıdığınız adamlarını görsəniz, mənə xəbər verin.
Ağcanı tanıyan çobanlar onu satmırlar. Qazan xan özü də maraqlanır ki bu gözəgörünməz "cin" kimdirsə, sabah onun da mülkünə əl gəzdirə bilər. Bir dəfə xəbərçi Qazan xana bildirir ki, tanıdığı qaçaq Ağcadır, özü də indi bu dərədədir (bu dərə el arasında Qazandüşən, yəni Qazan xan yurd salan kimi tanınır). Qazan xan libasını dəyişib dərəyə enir və gizlənir. Bir nəfərin dərəyə girdiyini görür, ha gözləyir, adam dərədən çıxmır, yavaşca dərəyə girir, baxır ki həmin adam şəlalə altında yuyunur. Ona xeyli baxıb geri dönür... Aradan xeyli zaman keçir... Ağca Arandan yaylağa dönür, görür ki, Qazan xanın adamları onun yurd yerində bir qala tikiblər, fürsət tapıb qalanı seyr edir, səliqə ilə tikilmiş iki gözlü bu bina kənardan gözəl görünür. Ağca düşünür ki, yəqin Qazan xan qışı da bu yaylaqda keçirmək istəyir. Axı Murğuz yaylasının çox gözəl ab-havası var. Günlərin birində Ağca bu qalaya baş çəkmək istəyir, amma ehtiyat da edir. Çünki eşitmişdi ki, onu tutmaq üçün Sərxan Qazan xanla məsləhətləşib. Maraq güc gəlir, yenə də qalaya yaxınlaşır, kimsənin olmadığını yəqin edib içəri girir, içəridə çox səliqəli bir mənzil görür, hətta oturub bir az dincəlir də. Onu da düşünür ki, Qazan xan onu tutsa da Sərxana verməz. O mərd adamdır...
Qəfildən Qazan xan içəri girir. Ağca ilə üz-üzə dayanır.
- Ələkeçməz Ağca xoş gəlib - deyir - Qazan xan.
- Məni tora salmaq üçünmü tikibsiniz bu qalanı?
- Yox, Ağca, bu qalanı Ağca üçün tikdirmişəm, tora salmaq üçün yox, onun istirahəti üçün, bəsdir daha dağda-aranda gizlənpaç oynadığın. Bundan sonra insan kimi yaşamalısan, daha qaçaq Ağca yoxdur, Ağca qalanın gözəl Ağca xanımı var.
Ağca yerində dondu. Məni kimsə satıb, qız olduğumu bəs haradan bilib? Axı bunu anamdan başqa kimsə bilmirdi.
Qeyd edək ki, Ağcanın atası Sərxan bəy tərəfindən öldürülmüşdü. Oğul övladı olmadığından anası Ağcanı oğul kimi böyütmüş və bu sirri hamıdan gizlətmişdi ki, Ağca
böyüyüb Sərxan bəydən atasının intiqamını alsın.
Xeyli tərəddüddən sonra Ağca dedi: Qazan xan, bəs Sərxan bəyə söz veribsən ki məni tutub ona verəcəksən.
- Mən nə bilirdim Ağca göydən enmiş mələkdir, lazım olanda göyə çəkilir. Camaat da elə bilir sən ya cinsən, ya da mələk.
- Axı mən ona nifrət edirəm, birdən əlim dinc durmaz...
- Ağca, qoy Sərxan gəlsin, səni görəndə xəcalətindən öləcək.
Qazan xan Ağcanın igidliyini bilirdi, bu qədər gözəl bir qızın igidliyinə görə onu ülvi bir məhəbbətlə sevirdi.
- Ağca, sən narahat olma, mən Sərxan bəyə verdiyim sözü də yerinə yetirəcəm. Ağca xanım da Murğuzun qoynunda bu Ağca qalada səfa sürəcək, daha gündə yerini dəyişməyəcək.
Qazan xan Sərxan bəyə sifariş göndərir ki, Murğuza gəlsin. Sərxan bəy sifarişi alan kimi sevincək atını çapıb Murğuza gəlir. Qazan xanın qalaçasını görüb təəccüblənir, bir qədər də şübhələnir, görəsən yaylaqda bu qalanı niyə tikdirib? Atını düz qalanın önünə sürür. Qazan xan onu uzaqdan görürdü. Gözətçilər Qazan xanın göstərişi ilə Sərxan bəyi içəri dəvət elədilər. Sərxan bəy içəri keçir, səliqəli bəzədilmiş qalanı gözdən keçirir, Qazan xanla üz-üzə dayanır, tələsik Ağcanı soruşur.
- Narahat olma, Sərxan bəy, Ağca da buradadır, indi görəcəksən. Elatdan gəlibsən otur, bir az söhbət edək.
Otururlar. Qazan xan o biri odada olan Ağcanı səsləyir. Göz qamaşdıran məxmər libaslı Ağca yan odadan ədalı yerişlə çıxır və Sərxan bəyin önündə dayanır. Özünü tamam itirmiş Sərxan bəy güclə ayağa qalxır. Xəcalətli baxışlarla gah Ağcaya baxır, gah da Qazan xana. Dili tutmur söz desin, inana bilmir ki, bu Ağca qızdır ya oğlan, yoxsa Qazan xan məni ələ salır. Sükutu Qazan xan pozur.
- Sərxan bəy, mən vədimi yerinə yetirdim.
Sərxan bəy bilmir ki, nə cavab versin, o başqa aləmdə idi.
- Qazan xan, sən vədinə əməl elədin, mənsə rüsvay oldum. Daha mənim bu yerlərdə yaşamaq haqqım yoxdur. Xoşbəxt olun! Deyib tez bayıra çıxır, atına minib Arana üz tutur.
Sərxan bəy bir daha Murğuz yaylasında görünmür. Deyirlər o, Şəmkir diyarına köçüb orada yurd salır...
1985-ci ildə Murğuz yaylasının sol yaxasında Tərsa çayın sahilində torpaq altda qalmış bir tikilinin üstünü sel açmış, bu, bölgədə çox söz-söhbətə səbəb olmuşdu. Buraya Ermənistandan, hətta Fransadan alimlər və mütəxəssislər gəlmişlər. Azərbaycandan xalq yazıçısı İsa Hüseynov da bu mənzərənin şahidi olmuş, müxtəsər öz rəyini də yazılı qeyd etmişdi. Onunla birlikdə alban mütəxəssisi olan bir qız da gəlmişdi.
Qeyd edim ki, bu bölgə Qaraqoyunlu dərəsi adlanır. Vaxtı ilə bu dərədə irili-xırdalı 30-a yaxın kənd olub. Onların xarabalıqları gözdağı kimi yaşanırdı. Son köçdə (1988) 14 kənd məcburən köçməli oldu.
Qaraqoyunlu Murğuz yaylasının ətəyində Ağcaqalanın tuşunda üzə çıxan bu böyük tikintiyə (onu şərti olaraq dərədə yerləşdiyi üçün "Dərəqala" adlandıraq) baxış keçirilmiş, hələlik rəy belə olmuşdu ki, bu qala Alban qalasıdır, hətta Alban yazısını da oxuya bilən mütəxəssis də olmuş, divardakı yazını oxumuşdu: "Biz olmuşuq sizin kimi, siz də olacaqsınız bizim kimi".
Qalada "650-ci il" və Qazan xanın adını oxumuşlar. Fransalı qonaq da türk dilini bilirmiş. Bu yazı İrəvandan gələnləri pərt etmiş, qalaya bir erməni gözətçi qoyub yığışıb getmişlər. Qalanın yaxınlığında olan kəndlərin (Çölkənd, Çaykənd, Əmirxeyir) yaşlı adamları bildirmişlər ki, Ağca qala ilə bu qalanın (Dərəqalanın) yeraltı əlaqəsi olub, hətta saxsı su xətti də üzə çıxıb.
Bu bölgədə böyük bir mədəniyyət torpağa gömülüb. Murğuzun sağ yaxasında isə Aldədə abidəsi var. Bu abidə haqqında onlarla əfsanə və rəvayətlər söylənilir. Onların bəzilərini dilçilik üzrə fəlsəfə doktoru Ziyəddin Xasıyev "Tovuzun toponim dünyası" (2010) kitabına daxil edib. Bir neçəsini isə prof. Sədnik Paşayev toplayıb "Azərbaycan xalq əfsanəsi" (1985) kitabında verib. Biz də öz obamızın - Qaraqoyunlu dərəsinin ağsaqqallarından topladıqlarımızdan bəzilərini - daha doğrusu, ağla batanlarını qısaca xatırlatsaq yerinə düşər.

Qara Namazov,
professor