21 fevral - Beynəlxalq Ana Dili günüdür Mədəniyyət

21 fevral - Beynəlxalq Ana Dili günüdür

Azərbaycanda söz yaradıcılığı ilə məşğul olmaq ənənəsi yaranmalıdır

Hazırda dünyanın 25 müxtəlif regionunda 300 milyondan çox insan türk dilinin 25 dialektində danışır. Tarixən türk dilinin digər dillərə təsiri məsələsiylə bağlı göstəricilər isə belədir. Erməni dilində 3159, yunan dilində 2643, bolqar dilində 2454, alban dilində 2422, ərəb dilində 1801, rus dilində 1576, rumın dilində 1542, ingilis dilində 1500, macar dilində 1142, çin dilində 213, fars dilində isə 1369 türk mənşəli söz qeydə alınıb.
Dil - xalqın ruhunu tam mənasıyla ifadə etmək qüdrətinə malikdir. Dil hər bir xalqın müəyyənliyi, özünəməxsusluğudur. Zamanlar bir-birini əvəz edir, ancaq dil ölmür, yaşayır. Hər bir xalqın dili o xalqın təfəkkürünü, hər mənada səviyyəsini göstərir. Ən əski dövrdən bəri, yəni xalqın ilkin inancları formalaşdığı zamanlarda dilin imkan verdiyi səviyyədə həmin xüsusiyyətlər yaşayıb, sonradan təkmilləşmə dövrü keçib, nəsildən-nəsilə ötürülüb, bugünümüzə gəlib çıxıb. Dil özündə tarixi çox gözəl ifadə edir, yaşadır.
Qəhrəmandır dilimiz, ona görə ki, biz bir xalq olaraq sarsıldığımız, hətta özümüzdən ayrıldığımız çağlarda belə ruhumuzun soraqlarını özündə kamil bir şəkildə qoruyub-saxlaya bilib. Azərbaycan türkcəsi Azərbaycanda yaşayan xalqların nümayəndələri üçün doğma, birləşdirici bir ünsiyyət dilidir. Professor İsmayıl Məmmədov bildirir ki, Azərbaycanda bütün dillərə sayğı var: "Heç kəs heç kəsə demir ki, sən lahıc, eləcə də talış, ya da ləzgi dilində danışma. Quba rayonunun Xınalıq kəndi qəribə bir məkandır. Bu kənddə yaşayan əhali xınalıq dilində danışır. Azərbaycanda başqa dillərə sayğının nəticəsidir ki, xınalıq dilinin daşıyıcısı olduğu yeganə kənd əsrlərdir bu bölgədə mövcudluğunu nəinki qoruyub saxlaya, hətta artıra bilib. Bütövlükdə götürdükdə Azərbaycan dili burada yaşayanlar üçün ümumi, birləşdirici, anlaşma dilidir".
Bu gün Güney Azərbaycanda yaşayan 35 milyondan çox soydaşımız fars şovinizminin əsarəti altındadır, onlara ana dilimizdə istənilən səviyyədə danışmasına belə imkan verilmir. Güney Azərbaycanda ana dilimizə qarşı olan bütün basqılara baxmayaraq ana dilimiz ölmür, itmir, daim mövcudluğunu hünərvərliklə qoruyub saxlayır.
Güney Azərbaycanda dövlət səviyyəsində dilimiz qəbul edilmədiyinə, ana dilimizdə məktəblər olmadığına görə daha çox şifahi ədəbiyyatımız inkişaf edib. Habelə aşıq sənəti Güneydə çox intişar tapıb. Güneydə yaşayan şairlərimiz ana dilində yazıb-yaratmağa üstünlük veriblər. Xalq öz dilini daim qoruyur, ölməyə qoymur. Şəhriyarın "Heydər babaya salam" poeması ana dilimizin soraqlarını çatdıran gözəl ədəbi abidələrdən biridir. Şəhriyar yaşlaşandan sonra dərk etdi ki, o, yalnız ana dili ilə bir olduqda güclü ola bilər. Adətən insan yaşlı dövründə Vətənə, yurda və dilinə daha çox bağlanır. Şəhriyar dərk edəndə ki, ana dilində möhtəşəm bir əsər yazmaq qüdrətinə malikdir; "Heydər babaya salam" poeması milli ruhunun izharı oldu.
Dilçi-alim İsmayıl Kazımovun fikrincə, hər bir xalqın milli dəyərlərinin əsasını onun ana dili təşkil edir: "Dilimiz türk dilləri arasında özünəməxsusluğu ilə seçilir. Ana dilimiz yaşam qaydamızdır". Müstəqillikdən sonra ana dilimiz tədricən beynəlxalq aləmdə tanınmağa başladı: "Əgər sovet dövründə alınma terminlər, beynəlxalq sözlər dilimizə rus dili vasitəsilə gəlirdisə, hazırda Avropa dillərindən birbaşa bəhrələnmə üstünlük təşkil edir. Habelə dilimizdə Avropa terminlərinə meyl artıb".
Şübhəsiz, heç bir dil özünə qapanıb qalmır, onun başqa dillərlə əlaqəsi, təbii ünsiyyəti olur. Həticədə bir dildən bu və ya digər dillərə çoxlu sözlər keçir və ya əksinə: əksər hallarda bu, qarşılıqlıdır. Ancaq faktdır ki, tarixin çox dönəmlərində işğalçılıq motivləri bu və ya digər dilin başqa dili üstələməsinə, nəticədə "dilin dili işğal etməsinə" səbəb olub. Fars dilində Azərbaycan Türkcəsinə məxsus min söz belə yoxdur. Tarixən türk qılıncının zəhmini dadmış çinlilərin dilində belə bu gün türk sözlərinin sayı azdır. Türklər fitri yaradıcılıq, bənzərsizlik keyfiyyətlərinə malik olduqları dərəcədə həm də təəssüf ki, arxayınlaşıblar. Dilimizi təəssübkeşliklə qorumamışıq. Bu arxayınçılıq indi də xarakterimizdə mövcuddur. Dili qorumaq milləti qorumaq deməkdir. Eləcə də dövləti, dövlətçiliyi təsdiq etməkdir. Bu, hər şeydən əvvəl aydınlarımızdan mümkün qədər ana dilimizin tələbinə uyğun səviyyədə köklənməyi tələb edir. Əks halda bundan sonra dilimizə daxil olacaq çoxsaylı yeni terminlərin qarşısında yenə də "ağ bayraq" qaldıracağıq, nəticədə dilimiz demək olar, əlimizdən gedəcək. Hə qədər bədbin səslənsə də, gerçəklik budur.
Ona görə də Azərbaycan dialektlərində olan, bu və ya digər bölgədə işlədilən sözlərin çalarlı, ümumişlək xarakterli olmağa layiqlilərini seçərək onların əcnəbi sözlərin qarşılığında işlədilməsinə çalışmalıyıq. Bu gün qloballaşma həşiri artıq ucqar yaşayış bölgələrimizə də gedib çıxıb. Azərbaycanda söz yaradıcılığı ilə məşğul olmaq ənənəsi yaranmır. Təəssüf ki, sovet vaxtında da barmaqla sayılası qədər söz yaranıb. Bu gün Azərbaycan dilçiləri söz yaratmaq məsələsini yenə də səyli şəkildə şair və yazıçıların üzərinə atırlar. XX yüzildə şair-yazıçılarımız tərəfindən çox az söz yaradılıb. Bu, onu deməyə əsas verir ki, söz yaratmaq xüsusi bir hadisə səviyyəsində mütəxəssislər tərəfindən olmalıdır. "Dədə Qorqud dastanları"nda söz yaradıcılığı ilahi bir səviyyədə ənənələşib. Bu mənada Azərbaycana indi ifrat səviyyədə dalğası çatan elmi-texniki inkişaf dövründə yeni gələn termin və sözlərə qarşı mümkün qədər "sipər çəkilməli", yəni onların qarşılığının tapılmasına səy etməliyik. Başqa bir fəlakətli hadisə isə Azərbaycanın şəxs adlarının əksəriyyətinin özgə adlardan ibarət olmasıdır.
1828-ci ildə Azərbaycanın Güney torpaqlarının İran tərəfindən qəsb edilməsindən sonra bu bölgələrdə tədricən ana dilimizin farslaşması mərhələsi başlandı. Bu gün Azərbaycan Türkcəsinin ardıcıl şəkildə farslaşdırılması üçün İran əlindən gələni edir. Şəhriyar yazır:

"...Türkün dili tək sevgili, istəkli dil olmaz,
Özgə dilə qatsan, bu əsil dil əsil olmaz...".

Bəxtiyar Vahabzadə isə ana dilimizi belə öyür:

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!

Yazar xalqını təmənnasız sevdiyi, ona ruhən qovuşduğu dərəcədə gözəl əsərlər yarada bilər. Yazar ruhlu, inamlıdırsa, əsəri də gözəl olacaq. Yazarlarımız bacardıqca ana dilimizdə yeni sözlər yaratmalıdırlar. Öz dilinin təəssübünü çəkməyən yazıçı mahiyyətcə antimillidir. Özünü Azərbaycan yazıçısı, şairi sayanlar türkcəmizi incəliklərinə kimi bilməlidirlər.
Azərbaycan dili genealoji bölgüyə əsasən türk dillərinə mənsubdur. Bu qrupa daxil edilən dillər də bir-birinə leksik, morfoloji və sintaktik cəhətdən çox yaxındır. Dialektlər bir-birindən fonetik xüsusiyyətlərinə görə fərqlənirlər. Azərbaycan dili türk, türkmən və qaqauz dilləri ilə yanaşı türk dilləri qrupunun oğuz dilləri yarımqrupuna daxildir.
Mütəxəssislərin araşdırmalarına əsasən Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan türkcəsinin yazılmasına ərəb əlifbasının bir variantı ilə başlanıb. Səlcuq və osmanlı türkləri X əsrdən başlayaraq ərəb qrafikalı əlifbanı əsas tutmuş və bu əlifba ilə çoxlu dəyərli əsərlər yaratmışlar. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub və bu əlifbayla Azərbaycan tarixinin, ədəbiyyatının qiymətli əsərləri qələmə alınıb.
Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 1919-cu ildə Xudadad bəy Məlikaslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.
1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə olunsa da Azərbaycan Respublikası ərazisində 1929-1939-cu illərdə latın qrafikalı əlifbadan, 1939-1991-ci illərdə isə kiril əlifbasından istifadə olunub. 1991-ci ildən başlayaraq tədricən yenidən latın əlifbasına keçilib. Güney Azərbaycanda yaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından istifadə edirlər.

Uğur