Epizodik rolların baş qəhrəmanı Mədəniyyət

Epizodik rolların baş qəhrəmanı

Aprelin 22-də görkəmli sənətkar, Xalq artisti Ağahüseyn Cavadovun anadan olmasından 126 il ötür. Bakının Xırdalan kəndində 1894-cü il aprelin 22-də anadan olan A.Cavadov buradakı “Səadət” məktəbində oxuyub. Əmək fəaliyyətinə isə tacir yanında köməkçi kimi başlayıb. Aktyorluğa maraq onda yeniyetmə yaşlarından yaranıb. Hələ uşaqlıqdan səhnəyə sirli-sehrli bir aləm kimi baxır, vaxt tapan kimi gedib tamaşaları izləyirdi. Ağahüseynin bu qarşısıalınmaz arzusunun reallaşması çox gecikmir. Respublika Hərbi Komissarlığı Siyasi İdarəsinin yaratdığı teatrın tamaşalarında (“Bəxtsiz cavan”, “Ac həriflər”, “Xor-xor”, “Dursunəli və Ballıbadı”, “Molla Cəbi” və s.) oynadığı rollarla tamaşaçıların alqışını qazanıb, truppa rəhbəri Sidqi Ruhullanın diqqətini cəlb edib.
Az keçməmiş Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır və burada maraqlı yaradıcılıq dövrünə qədəm qoyur. 1932-ci ilin sonunda Gəncəyə köçürülərək Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirən həmin kollektivdə Hacı Səməd ağa (“Bəxtsiz cavan”), Giko (“Pepo”), Barxudar (“Namus”), Mintoyev (“Morqanın qohumu”) kimi rolları ilə tanınmağa başlayıb.
Sonra yenidən Bakıya qayıdıb Milli Dram Teatrında işləmiş Ağahüseyn Cavadovu xatırlayanlar onun yaratdığı və çoxu öz dövrünün “hadisəsi” kimi qiymətləndirilmiş Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman (“Toy”, “Xoşbəxtlər”, “Nişanlı qız”), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı (“Almaz”, “Dönüş”, “Solğun çiçəklər”, “1905-ci ildə”, “Od gəlini”), Cəlal, Soraq kişi (“Həyat”, “Yaxşı adam”), Savalan (“Dağlar qızı”), Luka Lukiç (“Müfəttiş”), Brabansio, Qoca çoban (“Otello”, “Qış nağılı”), Petruşin (“Canlı meyit”), Popoviç (“Nazirin xanımı”), Platon, Məzarçı (“Şeyx Sənan”, “Xəyyam”) və onlarca digər rolları ilə tamaşaçıların rəğbətini qazanıb.
Aktyor sənətdə olması ilə bağlı demişdi: “İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov olmuşlar. Onlar mənə rol üzərində işləməyi, ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətmişlər”.
1938-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı təşkil olundu. A.Cavadov r həmin teatrda Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov, Xalidə Hüseynova və başqa sənətkarlarla çiyin-çiyinə işlədi. Böyük Vətən müharibəsi başlanandan sonra, 1942-ci ildə A.Cavadov M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına daxil edildi. Ömrünün sonunadək bu teatrda çalışan canlı xarakterlər ustası həmin səhnədə bir sıra maraqlı rollar ifa etmişdir.
Görkəmli kinorejissor Ə.Atakişiyev Ağahüseyn Cavadovu dörd filmində çəkmişdir. Bunlardan üçü – “Bir qalanın sirri”, “Sehirli xalat” və “Qərib cinlər diyarında” film-nağıllar, biri isə – “İstintaq davam edir” müasir macəra filmidir. A.Cavadovun kino personajları epizodik rollar olsa da, yaşayırlar. “Qızmar günəş altında”kı anbardar Pirioğlu da, “Əhməd haradadır?” filmindəki usta Əhməd də, “O olmasın, bu olsun”dakı masabəyi də, “Şərikli çörək”dəki İsmayıl baba da, “Qərib cinlər diyarında”kı Qaraşad da tamaşaçılar tərəfindən sevilib.Görkəmli aktyor 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik və ciddi rollar ifa etmişdir. Böyük sənətkar Ağahüseyn Cavadov uzun və mənalı ömür yaşayıb, 1981-ci ildə 87 yaşında vəfat edib.