Mahmud bəy Mahmudbəyov – maarifçi ziyalı və  pedaqoq Mədəniyyət

Mahmud bəy Mahmudbəyov – maarifçi ziyalı və  pedaqoq

Azərbaycan təhsil və ictimai fikir tarixində özünəməxsus xidmətləri və yeri olan, habelə folklor toplayıcısı kimi tanınan Mahmud bəy Mahmudbəyovun (1863-1923) həyatı və yaradıcılığı bundan sonra daha geniş araşdırılmağa layiqdir. O 1863-cü ildə Şamaxı şəhərində maliyyə işçisi ailəsində anadan olub. 1880-ci ildə Qori Seminariyasının birinci sinfinə daxil olub, oranı bitirdikdən sonra 1883-cü ildə Yelizavetpol qəzasının Padar kənd məktəbində, Ağcabədi məktəbində işləyib. 1887-1888-ci illərdə Ağdam, 1888-1890-ci illərdə il Bakı quberniyasının Şamaxı qəzasında – Kalva, Dilman kəndlərində müəllimlik edib.
M.Mahmudbəyov ana dili, rus dili, hesab, hüsnxət, rəsm, bağçılıq və bostançılıq fənlərini tədris edib. Əyani vəsait olaraq oxu mətnləri hazırlayıb, bu mətnlərdən sonralar hazırladığı dərsliklərdə də istifadə edib. "Zaqafqaziya tatarlarının şifahi ədəbiyyatı", "Qafqazda müridizm təriqəti" adlı elmi araşdırmaların müəllifidir. 1890-cı ildə Bakıya köçüb, Sabunçuda 2 sinifli məktəbdə dərs deyib. Üçüncü "rus-tatar" məktəbinin ilk müdiri, Bakı xalq məktəblərinin inspektoru vəzifəsində çalışıb.
M.Mahmudbəyov 1907-ci ildə birinci siniflər üçün ilk “Yeni əlifba” dərsliyini nəşr etdirir. Kitab 1923-cü ilə kimi 16 dəfə “Qiraət”, “Birinci il”, “Türk əlifbası” və “İlk qiraət” adları ilə yenidən nəşr edilir. 1908-ci ildə əsasını Qori Seminariyasının məzunları təşkil edən beş nəfərlə “İkinci il” dərsliyini yazır, 1909-cu ildə isə Abbas Səhhətlə “Üçüncü il” dərsliyini nəşr etdirir. 1911-ci ildə Mahmud bəy Mahmudbəyovun "İmlamız" kitabı nəşr edilir. Onun 1914-cü ildə nəşr etdirdiyi “Türk ədəbiyyatına ilk qədəm” adlı kitab ilk müntəxəbat olmaqla ibtidai məktəbin yuxarı sinfində Azərbaycan və türk ədəbiyyatını öyrənmək üçün nəzərdə tutulmuşdu. M.Mahmudbəyov 1917-ci il Oktyabr inqilabına kimi məktəblərə ana dili müəllimi qəbul edən imtahan komissiyasının sədri olub. İnqilabdan sonra Xalq Maarif Komissarlığında işləyib, məktəblərin yenidən qurulmasında, proqram, dərslik və tədris planlarının hazırlanmasında yaxından iştirak edib. İndiki ADPU-da (o zamankı APİ-də) işləyib, yeni əlifba komitəsinin üzvlərindən biri olub. 1922-ci ildə M.Mahmudbəyovun başçılığı ilə Süleyman bəy Əbdürrəhmanzadə, Süleyman Sani Axundov, Fərhad Ağazadə, Abdulla Şaiq Talıbzadə, Rəşid bəy Əfəndizadə "Yeni türk əlifbası" adlı dərslik hazırlayıblar.
M.Mahmudbəyov 1923-cü il martın 13-də Bakıda vəfat edib.
1906-cı ildə məktəblilər üçün “Rəhbər” jurnalını nəşr M.Mahmudbəyov çox çalışsa da, yalnız beş nömrə çıxara bilir. Jurnalın birinci nömrəsi 1906-cı ilin sentyabrında, sonuncu, 5-ci nömrəsi isə 1907-ci ilin yanvarında çıxır. Jurnalda Mirzə Ələkbər Sabir, Abbas Səhhət və başqaları çıxış edirdilər. “Rəhbər” jurnalının birinci nömrəsində Firudin bəy Köçərlinin “Seyid Əbülqasim Nəbati” məqaləsi dərc olunub.
Fil.ü.f.d. Könül Nəhmətova yazır: “M.Mahmudbəyovun tərtib etdiyi “Türk ədəbiyyatına ilk qədəm” müntəxəbatı transfoneliterasiyaya daxil edilib. S.Nəsirovanın 7-9 may 2012-ci il tarixində Türkiyədə keçirilən “Bir fikir hərəkətinin yüz ili: Türk ocaqları” adlı beynəlxalq simpoziumun materiallarında dərc olunan “Türk ədəbiyyatına ilk qədəm” kitabı və cocuq eyitimində türkçülük” adlı məqaləsi öz məzmunu ilə böyük maraq doğurur. Tədqiqatçı müntəxəbatın mündəricəsinə xüsusi incəliklə yanaşıb, kitabın ehtiva etdiyi ideya istiqamətlərini doğru müəyyənləşdirməyə nail olub. "Türk ədəbiyyatına ilk qədəm" müntəxəbatında Xalid Ziya bəyin "Sınıq savça" hekayəsi mənalı məzmunu ilə diqqətimizi çəkdi. "Sınıq savça" hekayəsi uşaqlara elmin faydasını sadə bir məzmun əsasında anlatması baxımından çox maraqlıdır. Bir axşam soyuq havada savçanın (bardağın) öz-özünə sınması ilə evdəkilərin hamısını həyəcanlandırsa da, azyaşlı məktəb şagirdi təəccüblənmir. Məktəbdə aldığı dərs hadisənin səbəbini anlamaqda ona yardım edir. Soyuq havada bardağın öz-özünə sınması səbəbini aydın dillə anasına başa salması evdəkilərin xoşuna gəlir. Anası qürur duyub, oğlunu qucaqlayaraq onunla fəxr etdiyini söyləyir. Müntəxəbatda verilən belə hekayələr vasitəsilə ibtidai sinifdə oxuyan şagirdlərə həyat hadisələrinin öyrədilməsinin əhəmiyyəti vurğulanırdı. "Türk ədəbiyyatına ilk qədəm" müntəxabatının tərtibatı Mahmud bəy Mahmudbəyovun boyük pedaqoji səriştəsindən xəbər verir”.
Yuxarıda qeyd edildiyi kimi, M.Mahmudbəyov Şamaxı qəzasının (indiki Ağsu rayonunun) Kalva kəndində də müəllim kimi çalışıb. Əvvəllər kənddə Hacı Abdulla və onun qızı Molla Kafiyyə öz evlərində 9-12 yaşlı uşaqlara - oğlanlara və qızlara dini dərslər keçmişlər. Mənbələrdə göstərilir ki, hələ 1886-cı ildən Kalvada yeni üsullu məktəb olub. Məktəb Osman adlı bir kənd sakininin evində fəaliyyət göstərib. Məktəbin 36 şagirdi olub. Tanınmış pedaqoq Soltan Məcid Əfəndiyev məktəbə gələr, dərslərdə oturar, məsləhətlər verərmiş. Böyük maarifçi Mahmud bəy Mahmudbəyov Kalva kənd məktəbinin ilk müəllimlərindən olub.
Z.Göyüşovun kitabında M.Mahmudbəyovun xalqın elm, təhsil yoluyla gözünün açılması, tərbiyələnməsi üçün arasıkəsiləməz çabaları haqqında danışılır. Şirvan bölgəsində yeni qaydalı məktəb açılması ilə bağlı çətinliklərdən yazarkən aşağıdakı məqamları ayrıca qabardır: “Məktəb binasını tikdirmək xərcini öz üzərinə götürən şəxsin olmasına baxmayaraq, müridlərin təsiri nəticəsində Zərdabda məktəb açmaq mümkün olmadı. 1886-cı ildə Kalvada məktəb açıldıqdan sonra Hacı: "Kalvadan rus iyi gəlir, ona görə də oradakı müridlərə Allahın xeyir-duasını yetirə bilmərəm", - deyərək Kalvaya getməkdən imtina etdi".
Qalib Soltanoğlu “Yurd sorağında. Kalva” kitabında yazır: “1918-ci ildə kəndin şimal tərəfində böyük məktəb binası tikilib, lakin ermənilərin törətdiyi soyqırım və talançılıq nəticəsində həmin məktəb də yandırılıb. 1924-cü ildə Kalva kəndində ibtidai məktəb üçün yeni bina tikilib. 1925-ci ildə Kalva kəndində "Birinci dərəcəli Şura zəhmət məktəbi" açılıb. Kəndin hazırkı məktəb binası 1926-cı ildə inşa edilməyə başlanılmış, 1932-ci ildə isə istifadəyə verilib. Həmin bina ibtidai siniflər üçün nəzərdə tutulmuşdu. 1933-cü ildə bu təhsil ocağı yeddiillik məktəbə, 1938-ci ildə isə orta məktəbə çevrilib. Təhsil ocağının birinci buraxılışı 1941-ci ildə olub. Cəmi 5 otaqdan ibarət bu binaya yardımçı otaqlar əlavə edilib”.
M.Mahmudbəyovun mədəni irsində onun müridizm haqqında tədqiqləri əhəmiyyətli yer tutur. Hərtərəfli dərin biliyin, uzun sürən müşahidənin məhsulu olan bu tədqiqlər əvvəlcə “Müridizm təriqəti” (“Myuridiçeskaya sekta”) sərlövhəsi ilə 1893-cü ildə “Kaspi” qəzetində, sonra isə 1898-ci ildə “Myuridiçeskaya sekta na Kafkaze” başlığı altında Tiflisdə çıxan “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kafkaza” məcmuəsində çap edilmişdir. Burada müridizmin mənşəyi, mahiyyəti, Qafqazda yayılması qısa şəkildə şərh edilib.
M.Mahmudbəyov cəhalətin hərtərəfli şəkildə öz çağında insanların aqibətinə hakim olmasını aşağıdakı şahidi olduğu faktla təqdim edir: “Quba müridlərini tanıyanlar nəql edirlər ki, onlar hər dəfə Şeyx Mənmmədin evinə gələndə, onun itini yemləyib, ondan bir qom tük qopardırdılar ki, tutiya edib bərəkəti artırmaq üçün hasil etdikləri məhsullara qatıb bərəkəti artırsınlar və tilsim kimi özlərilə gəzdirsinlər. Xülasə, müridlər yazıq itin bütün tüklərini didmişdilər. Buna görə it bir yad adam görən kimi zingildəyib, ulaya-ula ya qonşu meşəyə qaçırdı”.
Z.Göyüşovun sözügedən kitabında M.Mahmudbəyovun Şirvan bölgəsindən topladığı materiallardan özünün vurğuladığı kimi, “müridizmlə” bağlı olanlar təhlilə cəlb olunur. Bu kitab sovet dövründə yazıldığından müəyyən məsələlərə sovet ideologiyası yönündən yanaşıldığı aydındır. Ancaq bütün hallarda M.Mahmudbəyovun cəhalətə qarşı amansız olduğu, toplama materiallarını böyük həvəslə araya-ərsəyə gətirdiyi, məsuliyyətlə sabah üçün örnək yaratmaq istədiyi, elm, təhsil-tərbiyənin xalqa əvəzsiz xeyir verəcəyinə ümidləndiyi, inandığı faktını ruhun işığında görmək mümkündür.
AMEA Folklor İnstitutunun nəşr etdirdiyi “SMOMPK: Azərbaycan folkloru materialları” (Bakı, 2019) adlı kitabın 2-ci cildində M.Mahmudbəyovun da toplama materialları (13-cü buraxılış, 1892-ci il) çap olunub. Bu sıradan “Aşıq Qərib” dastanı (institutun nəşr etdiyi kitabın 19-65-ci səhifələrində) diqqəti çəkir. Toplayıcının qeydindən görünür ki, dastan Bakı quberniyası Şamaxı qəzasının Tircan (indi İsmayıllı rayonunun kəndidir) kənd sakini Aşıq Orucdan yazıya alınıb. Dastanın başqa variantlarından fərqi, özünəməxsusluğu ayrıca tədqiqatın mövzusudur. Buradaca onu demək olar ki, M.Mahmudbəyov folklor toplayıcısı olaraq peşəkardır. Dastanın dili aydındır, hadisələrin gedişi məntiqlidir. Maraqlıdır ki, dastan dakı şeirlər ardıcıllıqla nömrələnir. Bir sözlə, dastandakı gəraylı, qoşma, deyişmələrin hər biri rəqəmlə sıralanır, 87-də qurtarır.
Sonda belə bir qeyd var: “Kalva kənd məktəbinin müəllimi Mahmudbəyov yazdı”. Kalva hazırda Ağsu rayonunun kəndidir. Məlum olur ki, M.Mahmudbəyov bu dastanı Kalvaya yaxın olan kəndlərin birindən, Basqalın yaxınlığındakı Tircandan toplayıb. Həm də bu fakt M.Mahmudbəyovun bir neçə il ərzində folklor toplayıcılığı işi ilə necə məhsuldar çəkildə məşğul olduğunu göstərir.
Dastanla bağlı M.Mahmudbəyovun irili-xırdalı 13 qeyd-izahı var. Əlbəttə, çağımız üçün bunlar tam elmi görünməyə bilər, ancaq bütün qeydlər, izahlar M.Mahmudbəyovun hər şeydən öncə ziyalı məsuliyyətini, işinə son dərəcə ciddi yanaşdığını, səmimiyyətini göstərir.
M.Mahmudbəyovun toplayıcılığı ilə SMOMPK məcmuəsində “Atalar sözləri və məsəllər” 19-cu buraxılışda (1894-cü il) çap olunub. İnstitutun nəşr etdiyi kitabın 167-184-cü səhifələrində verilmiş atalar sözü və məsəllər əlifba sırası gözlənilmədən verilir, sayı 475-dir. Atalar sözü-məsəlllər qarışıq şəkildə verilib, cəmi 5 izah verilib. Burda bir məqam diqqətimizi çəkdi: Dağlıq Şirvan bölgəsindən, xüsusən Kalva kəndindən topladığımız atalar sözləri-məsəllər 130 il öncəki toplama materiallarına təbii olaraq oxşayır. Bununla bağlı bir məsəl də var: “Əsil itməz, cövhər dönməz”.
Sonda toplayıcı olaraq “Kəlvin məktəbinin müəllimi Mahmudbəyov” kimi göstərilir. Məsələ burasındadır ki, Kalva kəndinin adı çar dönəmində rusca “Kyalvinskoye” kimi verilib ki, bu da mexaniki olaraq “Kəlvin” kimi təqdim olunub.

Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə doktoru