“Dədə Qorqud” oğuznamələrinin kökü Mədəniyyət

“Dədə Qorqud” oğuznamələrinin kökü

Onu Orta Asiyada və Altayda axtaranlar yanılırlar

Oğuzların Azərbaycanda yaşamaları ilə bağlı tarixçilərimiz və ədəbiyyatşünas alimlərimiz bir-birindən ziddiyyətli qənaətlər irəli sürüblər. Ə.Dəmirçizadə, H.Araslı, M.Təhmasib XI-XII əsrlərə, S.Cəmşidov bir neçə əsr əvvəl, S.Əliyarov VI-VII yüzilliklərə aid edib. Son illərin araşdırmalarında isə bu tarixi eramızdan əvvəlki çağlara aparıb çıxarırlar. Dastandan sonuncu qənaəti əsaslandıran çoxlu faktlar gətirmək olar. "Dədə Qorqud"un ilk tədqiqatçısı F.Ditsin bir fikrini yada salaq. O, "Təpəgöz" boyunu alman dilinə çevirib kiçik ön sözlə 1815-ci ildə nəşr etdirərkən qeyd etdi ki, "Məncə Homer Asiya səyahətində Təpəgöz əfsanəsini eşitmişdi və Polifemin əsas həyatını oradan almışdı. Kim bilir, bəlkə İonidə yaşayan hər hansı sikloplar əfsanəsi, ən köhnə zamanlardan bəri Homerdən asılı olmayaraq göstərilən müstəqil qövmlər arasında mövcud olub. Bir də yazılarında olan hər şeyi yunanlara mal etmək, haqsızlıq olardı". Sitat S. Cəmşidovun "Kitabi-Dədə Qorqud" monoqrafiyasından (Bakı, 1977, s. 145) götürülüb. Müəllif Ə.Sultanlının "Dədə Qorqud boyları haqqında qeydlər" məqaləsinə (ADU-nun "Əsərləri", 1959, 4) istinad etdiyini bildirməklə yanaşı, ilkin mənbəni də nişan verir, lakin ilini və harada çap olunduğunu yazmağı unudur. Ə. Sultanlının "Məqalələr" toplusunda (Bakı, 1971, s. 63) isə F.Ditsin əsərində daha maraqlı misallara rast gəlirik, eləcə də mənbəyi dəqiq nəzərə çatdırılır: "Buradakı "Təpəgöz" başqa-başqa sikloplara, hələ Homerin siklopuna bütün cəhətləri ilə bənzəyir. Ancaq oğuz siklopu yunanlarındakından alınma deyil. Yunanlarınkı bunun təqlididir. Yunanlarınkı köhnə deyilsə, oğuzlarınkı da yeni deyil" (Fon Diez. 1825). Bu fikri nədənsə ak. H.Araslı tənqid edib, başqaları isə qəribçiliyə salıblar. Doğrudur, Ə.Süleymanlı və S.Cəmşidov geniş bəhs açsalar da, müdafiə etdiklərini açıq şəkildə bildirməyiblər. Lakin Ditsin fikrini söylədiyi dövr elə bir zaman idi ki, böyük acgözlüklə dünya xalqlarının qədim adət-ənənələrini toplayırdılar, miflərini araşdırırdılar. Avropada olan və Şərq ölkələrində əlləri çatan bütün mənbələr nəzərdən keçirilirdi. E.Taylorun "İbtidai mədəniyyət", C.Frezerin
"Qızıl budaq" kimi ciddi tədqiqat əsərlərinin meydana gəlməsinin ərəfəsi idi. F.Dits hansısa mötəbər mənbəyə əsaslanmasaydı, həmin fikirləri söyləməyə cəsarət etməzdi. Çünki o, bununla Avropada o qədər də rəğbətlə qarşılanmayan türklərin hələ elm aləminə bəlli olmayan yazılı abidəsini az qala o dövrdə dünya mədəniyyətinin yaranmasına təkan verən qüvvə kimi götürülən yunan miflərinin mənbəyi sayırdı. Maraqlıdır ki, III Muradın hakimiyyəti dövründə (1574-1595) türk tarixçisi Osman Bayburdlu tərəfindən yazılmış "Təvarixi-cədidi mirəti cahan" ("Dünya güzgüsündə görünən tarix xəbərləri") kitabında oğuzların nəsil səcərəsindən, xüsusilə Bayandur soyundan bəhs edilir. "Bayandır xanın şəxsiyyətinin təsviri" adlanan bölmədə isə XI əsrə aid fars dilində yazılmış, müəllifi məlum olmayan "Bəor-əl-ənsab" ("Genealogiya") kitabına müraciət edilir. Orada Bayandur tayfasının Qafqazla əlaqəsindən çox geniş danışılır. Oğuzlar Gürcüstan torpağına yürüş edirlər. Həmin hadisəyə "Kitabi-Dədə Qorqud" dastanında bir neçə boyda işarə var. Tarixi mənbədə göstərilir ki, Bayandur xan bütün oğuzun başçısıdır, qalan döyüşçülər özlərini onun övladları hesab edirlər. Kitabda yazılır ki, "Qafqazda yaşayan oğuzlar özlərini bir soydan hesab edirlər, hamısı Bayandur xanın döyüşçüləridirlər". X.Koroğlunun fikrincə, "Bəhr-əl-ənsab" kitabında verilən cümlələr eynilə "Dədə Qorqud" dastanında da işlənib: "Oğuz bəyləri gürcü kafirləri ilə döyüşür və belə qərara gəlir ki, Gürcüstanın doqquz vilayətinin bəyindən vergi alsınlar".
Dastanın XI boyunda oxuyuruq: "Gürcüstanın doqquz vilayətlərindən hədiyyələr gəldi". "Tarix xəbərləri"nə əsasən, bu hadisələr Məhəmməd peyğəmbərin dünyaya gəlişindən çox əvvəllər baş verib. Dəqiq dövr də göstərilir: oğuzların islamı qəbul etmələrindən 700 il qabaq. İisus Xristosun zühur etdiyi çağlarda. "Həmin çağlarda İisus, yeri cənnətlik olsun, göydən yerə enmişdi və bizim peyğəmbərimiz barədə hələ dünyaya heç nə məlum deyildi"-yazan "Bəhr-əl-ənsab" müəllifi türk tayfalarının inanc sistemi ilə üst-üstə düşən daha maraqlı fakt gətirir: "Oğuzların heç bir dindən xəbərləri yox idi, onlar ancaq göydə olan tək allaha inanırdılar".
X.Koroğlu düzgün olaraq onun "Orxon-Yenisey" abidələrində adı çəkilən "Göy Tanrısı" olduğu qənaətinə gəlir. Cem Sultanın "Cəmşidin cəmi" əsərində və başqa mənbələrdə isə oğuzların V-VI əsrlərdə Qafqazda yaşamaları və Məhəmməd peyğəmbərin özündən islam dinini qəbul etmələri barədə məlumata rast gəlirik. Cem Sultan (Sultan Cəmşid) yazır ki: Məhəmməd peyğəmbər Qorqudu və Salman Farisi Dərbəndə göndərir ki, orada türkləri islama dəvət etsin.
X.Koroğlu hətta dastanı yazıya alan katibin adını da müəyyənləşdirib. Tədqiqatçı yazır: "1887-ci il (1482-ci ildə) yazıya alınan abidənin titul vərəqəsindəki dekorativ imzaya əsasən ehtimal etmək olar ki, Abdullah İbn Fərəc tərəfindən qələmə alınıb. Ş.Cəmşidov dastanın titul vərəqəsində Osman paşanın ölüm tarixi ilə əlaqədar olaraq bu rəqəmi 993 (1585) göstərir. O, Osman paşanın şəxsiyyətini müəyyənləşdirən faktlar gətirir.
Ulu babalarımızın ən əski əmək fəaliyyəti qoyunçuluq olub desək yanılmarıq. İlk çobanın Qafqazla bağlılığı barədə A.Dyüma yazır ki: "Qafqaz-öz adının yaranmasına görə qədim allahlardan birinin törətdiyi cinayətə borcludur. Saturn atasını şikəst edəndə və övladlarını diri-diri udanda Yupiterin (öz oğlunun) müqaviməti ilə qarşılaşır, möhtəşəm döyüşdə tar-mar edilib, meydandan qaçır. Qərib diyarlarda gəzib dolaşarkən qoyun sürüsü ilə Assuriyanı ərməndən ayıran Pifaq dağına (Strabona görə, Tiqr çayı mənbəyini bu dağdan alır) yollanan Qafqaz adlı bir çobanla rastlaşır. Qafqaz ehtiyatsızlıq edib, qaçanın qarşısına sürüsü ilə sədd çəkir. Saturn qəzəblənib qılınc zərbəsi ilə onu öldürür. Yupiter bu cinayətə nifrət oyatmaq məqsədi ilə şəhid çobanın adını əbədiləşdirir və bütün dağ silsiləsini "Qafqaz" adlandırır. Eləcə də "Yupiter Qafqaz dağlarının ən uca zirvəsi Kazbaqdən intiqam silahı kimi istifadə edir".
Əsatirdən göründüyü kimi, Qafqazın qədim sakinləri çoban sənətini tanrıların sevdiyi iş zənn edib və böyük həvəslə nəsildən-nəslə ötürmüşlər. Qafqazın əsas hissəsinin əbədi sakinləri olan Azərbaycan türklərinin çobanlıqla bağlı nəğmələrinin geniş yayılması və bizim günlərimizədək el arasında xüsusi adla (sayaçı sözləri, yaxud çoban nəğmələri) mərasimlərdə oxunması, yaşaması fikrimizi təsdiq edir. Bir sıra tarixi sənədlərdə və "Kitabi-Dədə Qorqud" dastanlarında oğuzların çox böyük qoyun sürülərinə sahibliyi barədə qeydlərə rast gəlirik. XII əsrə aid bir rus səlnaməsində yazılır ki, bayandırlar ("Kitabi-Dədə Qorqud" dastanlarında oğuz ellərinin başçısı Bayandır xan və Ağqoyunlular dövlətinin banisi qüdrətli hökmdar Uzun Həsən də bayandır tayfasına mənsub idi) 1139-cu ildə rus knyazlarının dəvəti ilə köməyə gələrkən (30 min nəfərdən çox idilər, peçeneqlərə qarşı aparılan müharibələrdə rusların müttəfiqi olublar, bir sıra siyasi-tarixi hadisələrdə fəal rol oynayıblar), özləri ilə o qədər qoyun sürüləri gətirmişdilər ki, şəhər qalalarının ətrafında onlar üçün ayrılan yer azlıq etmişdi, ona görə də başqa daha münasib yerə - Porosyeyə köçürülmüşdülər.
Bu cür faktların sayını artırmaq olar. Belə qənaətdəyik ki,
"Kitabi-Dədə Qorqud" oğuznamələrinin kökünü Orta Asiyada və Altayda axtaran tədqiqatçılar yanılırlar. Faruq Sümərin dediyi "Dastanların Sır-Dərya boyundakı oğuz elinə aid olduğu o qədər şübhə doğurmayan bir həqiqətdir ki, bunu təsdiq edəcək başqa dəlillər aramağa belə lüzum yoxdur" kimi subyektiv qənaətlərə söykənib oğuzların Azərbaycan və Anadoluya XII əsrdən sonra gəldiklərini və özləri ilə "Dədə Qorqud" hekayələrini gətirib burada XVI əsrdə yazıya aldıqlarını müdafiə edənlər yanılırlar. İlk növbədə ona görə ki, Sır-Dərya boyunda Qorqud atanın qəbrinin nişan verilməsi elə bir əsas deyil. Ona qalsa Divayev Orenburq əyalətində də Xorxut ata qəbri olduğunu hələ 1859-cu ildə yazmışdı. Eləcə də V.Bartold əsrin əvvəllərində Dərbəndə gəlmişdi ki, Dədə Qorqudun qəbrini tapıb ziyarət etsin. Bu gün sonuncu ehtimala daha çox üstünlük verilməsi ictimaiyyətə bəllidir. "Dədə Qorqud"un yazılı tarixinə gəlincə, əlyazmanın üzərində olan 1074 rəqəminə əsasən ilk dəfə XI əsrə aidliyi irəli sürülür.
Ozan sənətinə münasibət də birmənalı deyil. Güman ki, ozanlığın yazılı ədəbiyyata keçməklə davamını göstərmək uğurlu addım idi. Çünki Əhməd Yasəvi və Yunus İmrə ilə ozanlıq türk yazılı poeziyasının inkişafına güclü təkan verib, Qazi Bürhanəddinin və Şah İsmayıl Xətayinin yaradıcılığı vasitəsi ilə yeni həllini tapıb, xalq şeiri və klassik poeziyanın qovuşuğunda qəhrəmanlıq, ərənlik ideyaları yaşadılıb. Belə nəticəyə gəlmək olar ki, ozanlığın yazılı ədəbiyyatla bağlı qolu heca vəznindən, daha qədim olan şifahi ənənəsi isə "Dədə Qorqud"da olduğu şəkildən - türk şeirinin səs, söz və təkrarlarına əsaslanan xüsusi formasından istifadə ediblər. Bizə elə gəlir ki, ozanlığın aşıqla eyniləşdirilməsi, bir adın başqası ilə əvəzlənməsi ideyasının müəllifi akademik V.Bartolddur. O yazır ki, ozan "bizim zamanımızda aşıq adı almış xalq şair-musiqiçisinin qədim adıdır... Ozan əslində qopuz xaqan (şah) qarşısında mərasimlərdə mifoloji hekayələr, gözəl, ahəngdar nəsrlə tərtib olunmuş qəhrəmanlıq dastanları ifa edirdi".
V.Bartoldun bu qənaəti əslində onun başqa fikrinin əsassızlığını sübut edir. O, ozanların türkmən adlandırılmasına söykənib "Dədə Qorqud"u da türkmən abidəsi sayırdı. Eləcə də dastanın Qafqaz mühitindən kənarda mövcud ola bilməməsi hökmünü verirdi. Birincisi, türkmənlərdə heç vaxt aşıq adından istifadə olunmayıb, onlar "akın", yaxud "baxsı" deyirdilər. Eləcə də türkmənlərin Qafqazda uzun müddət ağalığı faktına da tarixdə rast gəlmirik. Deməli, akademikin mülahizələrində dolaşıq məqamlar çoxdur. Ona görə də biz heç kəsin fikrini hökm kimi qəbul edə bilmərik və ancaq öz yerli faktlarımıza və materiallara əsaslanıb ozanlığın Azərbaycanda uzun müddət geniş vüsət aldığını söyləməliyik. Yurdumuzda isə ozanla bağlı adlar çoxdur: Ozanlar məhəlləsi, Ozan qəbri və s.

Ramazan Qafarlı,
professor