Kino Agentliyi son üç ildə 22 filmin çəkilişinə dəstək göstərib Mədəniyyət

Kino Agentliyi son üç ildə 22 filmin çəkilişinə dəstək göstərib

Film layihələrinə dəstək göstərilən zaman bizim üçün prioritet məsələ əsasən milli vətənpərvərlik ruhunun və milli yaddaşımızın qorunmasına xidmət edən, habelə Qarabağ və Vətən müharibəsi mövzularına həsr edilmiş filmlərin sayının artırılmasıdır. Azərbaycan Respublikasının Kino Agentliyi bu istiqamətdə son üç ildə 22 filmin istehsalına dəstək göstərib. Onlardan 15-i tam təhvil verilib, 4-ü təhvil mərhələsindədir, 3 filmin isə təhvili 2026-cı ildə nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Kino Agentliyinin Baş direktorunun müşaviri, Əməkdar incəsənət xadimi Elxan Cəfərov məlumat verib.

“Dediyim kimi, tarixi mövzular da bizim üçün hər zaman ön plandadır. Çünki kino təkcə sənaye deyil, həm də milli yaddaşın qorunması deməkdir. Bu baxımdan “Tağıyev” çoxseriyalı bədii filmi, “Molla Nəsrəddin: Çətin günlərimin dostu”, “Nargin”, “Atropatena”, “Azıx”, “Akinak. İşquz qılıncı”, “Cənnət yuxusu” kimi layihələri qeyd edə bilərəm. Bu filmlər həm mövzu, həm də texniki səviyyə baxımından beynəlxalq standartlara cavab verir və bir neçəsi artıq tamaşaçılara təqdim olunub”, - deyə Kino Agentliyinin Baş direktorunun müşaviri söyləyib.

Onun sözlərinə görə, 2025-ci il üzrə “Dövlət sifarşi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin prioritet mövzuları məhz bu yanaşma əsasında müəyyən edilib.