“Bakı prosesi” Nyu-Yorkda təqdimı olundu Mədəniyyət

“Bakı prosesi” Nyu-Yorkda təqdimı olundu

Nyu-Yorkda "Bakı prosesi" və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil edilib. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə nüfuzlu dini, siyasi və mədəniyyət xadimləri, akademik dairələrin təmsilçiləri iştirak ediblər. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "Bakı prosesi"nin dünya mədəniyyətlərini bir araya gətirmək üzrə mühüm platforma olduğunu və Bakının bu təşəbbüsün episentrinə çevrildiyini qeyd edib. O, bunun səbəbinin həm Azərbaycan xalqının tarixən tolerantlıq ənənələrinə malik olması, həm də ölkə rəhbərliyinin bu prosesə xüsusi diqqət və qayğı göstərməsi ilə bağlı olduğunu söyləyib. Səfir bu kontekstdə prezident İlham Əliyevin şəxsən tolerantlıq və mədəniyyətlərarası dialoq və sülhə sadiqliyini qeyd edib.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Bakı prosesi" haqqında məlumat verib, Azərbaycanın dini və mədəni müxtəliflik baxımından nadir ölkə olduğunu qeyd edib. Nazir müxtəlif etnik və dini azlıqlar və qruplar arasında qarşılıqlı etimad, hörmət və tolerantlıq prinsiplərinin belə bir cəmiyyətin qurulmasının təməlini təşkil etdiyini vurğulayıb, Azərbaycanın yəhudi icmasının əsrləri əhatə edən sülh və tolerantlıq şəraiti tarixinin nümunəvi olduğunu qeyd edib.
Nazir həmçinin Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması haqqında danışıb.
Əbülfəs Qarayev tədbir iştirakçılarını 2015-ci ilin may ayında Bakıda keçiriləcək III Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.
Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayr Azərbaycanın tolerantlıq məkanı olması barədə geniş məlumat verib və bu ənənələrin ABŞ-da təbliğ edilməsinin vacibliyini vurğulayıb.
Tədbir çərçivəsində "Bakı prosesi" sərgisi və Dünya Forumunun işindən bəhs edən film nümayiş olunub. Tədbir Emil Əfrasiyabın və Cefri Verbokun konserti ilə davam edib.
Qeyd edək ki, Etnik Anlaşma Fondu ABŞ-da müsəlman, iudaizm və xristian dinlərinin nümayəndələri arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə yaradılmış, nüfuzlu insanların, dini liderlərin şəbəkələşdiyi təşkilatdır. 2014-cü ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Fond arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.