Noğay tarixi və qəhrəmanlıq nəğmələri Mədəniyyət

Noğay tarixi və qəhrəmanlıq nəğmələri

Noğay folklorunda liro-epik poemaların da yeri böyükdür. Onların sırasında biz "Karaydar və Qızılgül", "Kozı-Korpeş və Bayan-Slu", "Bozyigit" və b. qeyd edə bilərik. Məsələn, "Karaydar və Qızılgül" poemasında iki gəncin məhəbbəti vəsf olunur. Poemanın baş qəhrəmanı Karaydar Qızılgülü bir başqa kişiyə məcburən ərə verən zaman ortaya çıxır.O, bir mahnı oxumaqla sevgilisinə onun yanına çatdığı barədə işarə verir. Bu nəğmədə Qızılgülün poetik obrazı canlanır. Burada istifadə olunmuş müqayisələr noğayların qız gözəlliyi haqqında müvafiq təsəvvürlər yaradır:

Qışda qardır ağappaq,
Qızılgül ondanda ağ.
Çöhrəsi qırmızı, al,
Dodaqlar da aldır, al.
Sözləri bala bənzər,
Tapmazsan belə şəkər.

Əsərdə Karaydar obrazı yüksək poetiklikliyi ilə fərqlənir. Bütün çətinliklərə və müxtəlif sədlərə baxmayaraq qəhrəman nikbindir və o, öz sevgi hisslərini bütün ömrü boyu saxlayacağına əmindir.Noğay şifahi xalq yaradıcılığında tarixi qəhrəmanlıq dastanları xüsusi yer tutur. Bu siklə noğayların "Edige", "Aysul oğlu Əhməd", "Mamay", "Şora batır","Koplanı-batır", "Yr Kasay", "Musevkə", "Adil Soltan", "Yr-Tarqıl", "Kazı-Tuqan" və başqaları daxildir. Yeri gəlmişkən qeyd edək ki, adlarını çəkdiyimiz bu epik və liro-epik poemaların əksəriyyəti ilə biz qazax və qaraqalpaq epik və liro-epik poemalarında da rastlaşırıq. Noğayların epik və liro-epik poemalarında XIV-XIX əsrlərin hadisələri əksini tapıb. Bu dövrdə noğay, qazax, qaraqalpaq, başqurd kimi türk xalqlarının tarixi taleyi bir sıra cəhətdən bir-birinə uyğundur. Poemaların əksəriyyətinin məzmununu xronoloji baxımdan Qızıl Ordanın mövcudluğu dövrünə aid etmək olar. Elə buna görədə bu poemalarda Teymur, Mamay və Toxtamış kimi hökmdarlarla bağlı hadisə və epizodların təsviri daha mühüm yer tutur.
Noğay tarixi-qəhrəmanlıq poemaları qəhrəmanların psixoloji əhval-ruhiyyəsini əks etdirmək və intonasiya baxımından rəngarəngdir. Bu poemalarda xalq öz qəhrəmanlarını öyür, onların sosial ədalət uğrunda mübarizlik əzmini ürəkdən alqışlayır. Bu tipli poemalar sırasında "Aysıl oğlu Əhməd" xüsusən maraqlıdır. Poemada Aysıl oğlu Əhmədin Canıbəy xana qarşı üsyanı, mübarizəsi əksini tapır. Xan qəzəbindən qurtulmaq üçün Aysıl arvadını və kiçik oğlunu evdə qoyub meşələrə üz tutur. Poemada başlıca diqqət Əhmədin ailəsinin uzun illər sərgərdan qalması üzərinə yönəldilir və bütün bunların səbəbinin xanın Əhmədin atasını gözaltına alması ilə bağlılığı vurğulanır. Xan qarşısında mərdi-mərdanə dayanmaq, ona baş əyməmək, insan ləyaqətini qoruya bilmək istəyi Aysıl obrazını və onun oğlu Əhmədin mübarizliyini əks etdirir. Poemada eyni zamanda qəhrəman və hadisələrin təsvirində nağıl priyomlarından istifadə etmək də mühüm yer tutur.
Poemada epik başlanğıc batırın silahının təsvirində hiperbolaların köməyi ilə realizə olunur. Aysıl oğlu Əhməd cəsur və vicdanlı döyüşçüdür. Əhməd cəsur və qoçaq kimi təsvir olunduğu halda Canıbəy xan hökmdara xas olan xüsusiyyətlərlə zəngindir. O, məkrli və bicdir. O, onun Əhmədin qızı Şəərbəyə olan odlu məhəbbətini öz məqsədlərinə uyğunlaşdırmaq istəyir. Əhməd kimi əsur döyüşçünü düşmənləri üzərində qələbə çalması, öz tərəfinə çəkmək üçün o, Əhmədə qızı Şəərbəyi verəcəyini vəd edir. Həqiqətdə isə xan Əhmədin məhv ediləcəyinə ümid bəsləyir. Əhmədsə böyük uğur qazanıb Şəərbəylə nişanlanacağına ümid edir. Xansa onu aldadıb qızını varlı birisinə verməyə çalışır.
Poemanın ikinci hissəsində Əhmədlə onun sevgilisinin birgə qaçıb aradan çıxdığı, qəhrəmanın xana qarşı apardığı mübarizəni axıra qədər davam etdirməyə hazır olduğu haqqında danışılır. Əhməd sevgilisi Şəərbəylə dağlara çəkilir. Dastanda daha sonra tezliklə Canıbəy xanın və digər bəylərin zülmündən cana doymuş xalqın onun ətrafında yığıldığı təsvir olunur. Aysıl isə doğma yerlərə yalnız xalqın çətin günündə qayıdır. Aysıl deyir: "Xalqın çətin anında mən onunla birgə xana qarşı mübarizəyə hazıram".
Əhməd də atası Aysıl kimi atasının ölümündən sonra tək mübarizə aparır. Döyüşlərdə xanın özünü üstələyir. Bunu görən xalq ordusu düşməndən qorxur və qaçmağa başlayır. Batırların qəhrəmanlığı poemada epik idealizasiyanın köməyi ilə yaradılır. Onlar bədəncə böyük, güclü təsvir olunurlar. Sosial zidiyyətlər fonunda belə fəaliyyət mühüm əhəmiyyət kəsb edir. Qəhrəman-batırların humanizmi, onların xeyirxahlığı hakim sinfə məxsus mənfi xarakteristikalar fonunda daha görümlü təqdim olunur. Noğay tarixi-qəhrəmanlıq eposunun kompozisiya xüsusiyyətlərinə gəldikdə isə onu qeyd edək ki, burada digər türk xalqlarının dastanları üçün xarakterik olan nəzmlə nəsr bir-birini əvəzləyir. Poemalardakı nəsr hissəsi nəzmlə qarışıb çarpazlaşaraq təhkiyəni daha da genişləndirməklə əsərin müxtəlif hissələrini üzvü surətdə bir-birinə bağlayır.
Yüksək poeziya və incə lirizmlə ifa olunan şeir hissələri xalqın bədii təfəkkürünün özünəməxsusluğunu daha yaxşı sübut edir. Burada metaforik ifadələrdən, müqayisələrdən, canlı təsvirlərdən geniş istifadə olunur, atlı əsgərin koloritli obrazı yaradılır. Poemada qəhrəmana hər bir kömək etməyə hazır olan sadə insanlar arasında olan birlik əsərin başlıca motivi kimi dəyərləndirilməlidir. Nəinki bu, həm də yuxarıda adlarını çəkdiyimiz digər poemalarda xalq qəhrəmanlarının obrazları mühüm ideya yükü daşımaqdadır. Burada biz heç də yalnız qəhrəmanların yox, həm də xalqın müxtəlif təbəqələrinin nümayəndələrini görürük. Məsələn, digərləri ilə yanaşı poemada xalqın müdrik ağsaqqallarının öz məsləhət və hərəkətləri ilə ən çətin məqamda belə insanlara kömək istəyi, xalqa dəstək verməsi, gənc qızların doğma vətən qarşısında kişilərlə bərabər borcunu vermək bacarığı, onların mənəvi təmizliyi, qadınların ana kimi öz xalqının mənəvi ənənələrini təcəssüm etdirmələri poemanın süjet xəttini daha da gücləndirməyə xidmət edir. Bu cəhət "Cəsur Ja-Bikeş" nəğməsində maraqlı şəkildə əks olunub.
Noğay epik təfəkkürünün mühüm səhifəsini təşkil edən "Edige" tarixi poeması XIV əsrə aid edilir. Poemada feodal və saray mübarizəsinin əksini tapması onun Qızıl Orda xanı Toxtamış dövrünə təsadüf etdiyini təsdiqləyir. Yeri gəlmişkən bildirək ki, XIV əsrin sonu XV əsrin əvvəllərində baş vermiş hadisələr və Qızıl Ordanın süqutundan sonra Noğay dövlətinin yaranması noğayların nəinki "Edige", həm də digər eposların başlıca motivinə çevrilib, tarixi əfsanə və rəvayətlər onların əsasını təşkil edib. Noğay Ordasının əsasını qoyan noğay qəbilələrinin başçısı Edigenin şəxsiyyəti tarixdə iyirmi ildən artıq hökmranlıq etmiş Qızıl Ordada təsadüfən hakimiyyətə yiyələnmiş Edige xan tarixdə kifayət qədər tanınmış şəxslərdəndir.
Poemada göstərilir ki, Qızıl Orda xanı Toxtamışın qeyri-adi iki şahini olub. Xanın şahinlərini bəsləyən cəsur Qutluqaya quşlara elə qulluq etməlidir ki, bu qeyri-adi cinsdən olan şahinlər digər xanın əlinə keçməsin. Lakin Qutluqaya başqa xanın hədiyyələrindən başını itirərək, o biri xana bu şahinlərin yumurtasından göndərir. Toxtamışa bu məsələ məlum olur. Məhz bu da konfliktə çevrilir. Xan Qutluqayanın xanlığın ərazisindən qovulması haqqında fərman verir. Lakin Edige Qutluqayanın oğlu öz süd qardaşının köməyi ilə xilas olunur. Poemada daha sonralar davam edən hadisələr əsasən Edige və onun oğlu Nurəddinin Toxtamışdan aldığı qisası əks etdirir.
Poemanın mətnində çoxsaylı nəğmələrdən istifadə olunur və bu nəğmələrin kim tərəfindən oxunması, kimə həsr olunması, onların hansı şəraitdə oxunması izah olunur. "Edige" poemasında istifadə olunmuş bəzi kompozisiya priyomları bunlardan ibarətdir və onlar qəhrəmanlıq siklinə daxil edilmiş digər çoxsaylı noğay poemaları üçün də xarakterikdir.
Göründüyü kimi, mənəvi-etik istiqaməti və bədii formalarına görə noğay folkloru, xüsusən onun epik qatı digər türk xalqlarının (xüsusən qazax və qaraqalpaq, qaraçay və malkar) şifahi yaradıcılıq nümunələri ilə yaxınlıq təşkil edir. Qeyd etdiklərimiz sübut edir ki, noğay folklorunun xarakterik xüsusiyyəti onda epik janrın üstünlük təşkil etməsi ilə əlaqədardır. Bu, ilk növbədə etnosun məişətinin, sosial ukladının, tarixinin xüsusiyyətləri ilə bağlıdır. Məlum olduğu kimi, noğay folklorunda tarixilik üstünlük təşkil edir. Noğay tarixi və qəhrəmanlıq nəğmələri, epik dastanları məhz tarixiliyi ilə fərqlənir. Noğay ədəbiyyatında yeni dövrdə epik ənənələrin formalaşması milli və etno-mədəni ənənələrin epik qəhrəmanlarını - Edige, Şora-batır, Aysıl oğlu Əhməd, Adil Soltan kimi obrazların timsalında noğay fəlsəfəsi özünü əks etdirib. Noğay ədəbiyyatının yorulmaz tədqiqatçısı A.Sikaliyev yazır: "Noğay epik əsərləri qədim insanların dünyanı dərkini öyrənmək üçün qiymətli mənbədir. Epos nəinki azadlıq uğrunda istismarçılara qarşı mübarizə aparan xalqın qəhrəmanlıq mübarizəsini, həm də uzaq zamanların içtimai quruluş, məişət, təsərrüfat, həyat tərzi və adətləri və idealını əks etdirib".
Məlum olduğu kimi, epos ədəbi janrların əksəriyyətinin əsasını təşkil etməklə, xalqın tarixi taleyi, milli şüuru ilə bağlıdır. Noğay qəhrəmanlıq eposunda şəxsiyyətin nüfuzu yüksək dəyər kimi daha aydın hiss olunur, burada tayfa və qəbilədən xalqa və dövlətə qədər etno siyasi konsolidasiya, insan şəxsiyyətinin bir qəhrəman kimi kollektiv dəyəri təcəssüm etdirməyə söykənən epik qəhrəmanın ideallaşdırılmasının mahiyyəti ifadə olunur. Bu cəhət "Edige" qəhrəmanlıq poemasında xüsusilə görümlüdür. Noğay xalqının başçısının şəxsiyyəti bu poemanın yaradıcısı tərəfindən daha parlaq ifadə olunub. Eposdakı bu xüsusiyyətlərlə bağlı Şahidət Kurmanqulova yazır: "Eposda qəhrəmanın hərəkəti sırf konkret, məqsədyönlü xarakter daşıyır, və, bir qayda olaraq, müəyyən sosial rəngə malikdir. Tarixi epos janrının ideya-estetik əsasını xalqın real həyatından götürülmüş hadisələr təşkil edir".
Noğay folklorunun çoxsaylı qəhrəmanlarında, xalq təfəkkürünün bu janrların öyrənilərkən daha da aydınlaşmasında bədii ənənələrin ardıcıllığını, mədəni irsin yeni bədii irslə əlaqələrini, etno-bədii ənənələrin xalqın yeni bədii şüurunda formalaşmasında rolunu nəzərdən keçirməyə imkan verir. Noğay folkloru elə bu müstəvidə noğay yazılı ədəbiyyatının formalaşmasında, onun inkişafında zəngin mənbə kimi xidmət etdiyi qeyd olunmalıdır.

Nizami Tağısoy
professor