Ay dağlar, qoşa dağlar... Mədəniyyət

Ay dağlar, qoşa dağlar...

Ötən il "Qarabağ: folklor da bir tarixdir". VII kitab (Xocavənd rayonundan toplanmış folklor örnəkləri; Bakı, "Elm və təhsil", 2014, 444 səh.) "Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması" adlı layihə əsasında çap olunub. Layihənin rəhbəri AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov), toplayıb tərtib edəni fil.ü.f.d., dos. Ləman Vaqifqızı (Süleymanova), redaktor fil.ü.f.d. İlkin Rüstəmzadə, nəşrinə məsul fil.ü.f.d. Əziz Ələkbərlidir. Tərtibçi Ləman Vaqifqızının bu mövzuda gərəkli yazısını təqdim edirik.

***

II yazı

Qaytaran Qədim oğlu Quliyev ilə elə ilk səfərimizdə görüşməyi məsləhət bildilər. İlk görüşümüzdə Çərkəz Ağəli oğlu İmanov ilə birlikdə oturub danışdılar (məni onun evinə Çərkəz baba aparmışdı). Çərkəz babanın təhkiyəsi daha gözəl olsa da, Qaytaran baba qədər nağıl bilmirdi. Çərkəz babanın etirafına görə, danışdığı nağılların bir qismini vaxtilə elə Qaytaran kişidən, bir qismini isə nənəsindən eşidib. Onlar bir-birinin danışığına müdaxilə edir, tez-tez mübahisə edərək bir-birinin danışığına düzəliş verirdilər. Hətta elə nağıl oldu ki, əvvəlini Qaytaran baba başlasa da, qalanını Çərkəz baba davam etdirdi. Bəzən söyləyicilər nağılın sonuna öz başlarına gətirilən müsibətlərlə bağlı əlavələr edirdilər. Məsələn, Çərkəz baba "Şərə düşmüş qızın nağılı"nı belə tamamladı: "Orda atanın qeyrətsizdiyin gösdərir. Xudavəndi-aləmnən sada gəlir kin, nahax qan yerdə qalmaz yüz il də qala. İndi ermənilər bir heylə uşax-muşağı qırdılar e. Xojalı məsələsini deyirəm. Hələ olar elə işdər eliyiflər ki, Xojalı məsələsi muşduluxdu e onun yanında. Allah-taala olların cəzasını nə vaxsa verəjək".
Bəzən elə olurdu ki, söyləyici nağıldakı ("Tacirin Allahı qonaq çağırması") obrazı tacir deyə təqdim edir, nağılın ortasında isə tacir əvəzinə padşah deyə danışırdı. Və yaxud "Üç bacı" nağılının əvvəlində söyləyici qızların qardaşının olmadığını qeyd etsə də, sonda qızları divin əlindən qardaşı qurtarırdı və s. Gələcəkdə söy¬lə¬yi¬cilərlə bağlı aparılan tədqiqatları nəzərə alaraq bu mətnləri kitabda elə olduğu kimi verməyi məqsədəuyğun saydıq.
İkinci dəfə Qaytaran baba bizə 10 mətn, üçüncü dəfə 11 mətn, sonuncu görüşümüzdə isə 7 mətn danışdı ki, danışdığı mətnlər nağıl, lətifə və rəvayət janrlarını əhatə edirdi. Son 3 görüşümüzdə gələcəyimizi bildiyi üçün danışacağı mətnlər haqqında vərəqdə əvvəlcədən özü üçün qeydlər etmişdi (Kasıb kişi oğlunu aparıb bir kişinin yanına qoyur. Bir arvadın əri dağa gedib, arvad aranda qalıb. Bir çoban, nökər. Keçəl kişi. Avdal Qasım. Qarışqa qarğuya yığma və s.). O, bəzən danışacağı nağılı özü adlandırırdı. Biz söyləyicinin adlandırdığı nağılların üzərinə ulduz işarəsi qoymuşuq. Qaytaran kişinin nağıl repertuarı zəngin olsa da, təhkiyəsi qurudur. Bəzən də söyləyici nağılın müəyyən hissəsini unudur, nağılın sonunda unutduğu hissəni xatırlayır, "Ən qəşəh yeri də burasıydı", – deyərək, unutduğu hissəni yenidən danışır. Bu kimi hallar da onun çoxdandır nağıl ifa etmədiyindən xəbər verir. Əslində o, özü də bunu etiraf etdi. Danışdığı nağılları Ağdam rayonunun Mərzili kəndində uzun qış gecələrində bir yerə toplaşan yaşlılardan və iştirak etdiyi məclislərdə müxtəlif adamlardan eşitdiyini bildirdi. İlk dəfə 11 yaşında öz həmyaşıdlarına nağıl danışdığını da dedi. Hər nağılı başlamazdan əvvəl "Birini də deyim?", – deyə icazə alırdı. O, nağılı tələsə-tələsə danışır, cümlələri tamamlamırdı. Biz də həmin cümlələri mətndə elə yarımçıq formada verməyi məqsədəuyğun saydıq. Qaytaran baba hərdən nağılın ortasında diktofona işarə edərək, "Yazır?" – deyə soruşurdu. O, nağıla müasir dövrdən maraqlı xallar vururdu: "Həmən kəndə çatanda görür ki, camaat hamısı yığılıb belə. Ukranyada kı nümayiş eliyillər, onnan sora Suriyadakı kimi yığışıblar. Çoxlu əhalidi" və s.
Dəfələrlə qeyd olunub ki, yaxşı repertuara malik söyləyicilərlə bir-iki saatlıq ünsiyyət onların əsl potensialının üzə çıxarılmasına imkan vermir. Odur ki, belə söyləyicilərlə 2 dəfə (Həsən Mehdiyev, Rasta Mustafayeva, Çərkəz İmanovla), 3 dəfə (Əsmət Rüstəmova ilə), bəzən də 4 dəfə (Qaytaran Quliyevlə) görüşüb söhbət etmişik. Nadya Həsən qızı Qurbanova əvvəlcə dediyi bayatıları - bir neçə bayatını adi formada şeir kimi söylədi. Sonra mahnı kimi oxumağa başladı. Hərdən bizə elə gəlirdi ki, söyləyici ətrafı sanki hiss etmir, otaqda kiminsə olması, onu dinləməsi Nadya nənəni qətiyyən maraqlandırmırdı. Mahnı kimi oxuduqca yadına daha çox bayatı düşürdü. Mahnı kimi oxumaq söyləyicinin fikirlərini sanki sistemə salmışdı. O, əvvəl adi formada dediyi bayatıları da yenidən mahnı kimi oxuyurdu. Nadya nənə bəzən bir misranı iki dəfə təkrar edir, birinci dəfə dediyi misranın sonuna avazla ey (bəzən yey) nidası artırır, ikinci misranı əlavəsiz oxuyurdu:

Köynəyin gülü yansın ey,
Köynəyin gülü yansın.
Od tutsun, gülü yansın ey,
Od tutsun, gülü yansın.
Belə deyir, səni mənnən ayıranın ey,
Səni mənnən ayıranın,
Ağzındakı dili yansın ey,
Ağzındakı dili yansın.

Söyləyici bəzən əvvəlki misraları iki dəfə təkrar etsə də, son iki misranı bir dəfə deyirdi:

Dağlarda qar səsi var ey,
Dağlarda qar səsi var.
Yağıfdı, qar səsi var ey,
Yağıfdı, qar səsi var.
Atdar ifcin nallanıv ey,
Veranada gənə səfər səsi var.

Arada bir oxumağını dayandırıb "bayatıdı ha", – deyə xəbərdarlıq edirdi. Bəzən də bayatının üç misrasını deyirdi:

Ay dağlar, qoşa dağlar ey,
A dağlar, qoşa dağlar.
Nə verifsən baş-başa, dağlar ey?
Nə verifsən baş-başa, dağlar?
Səni görüm, min il yaşa, dağlar ey,
Min il yaşa, dağlar.

Gəlininin dediyinə görə, Nadya nənə evdə tək qalan kimi görünməyə başlayır. Bizə xeyli bayatı deməsinə baxmayaraq, o, hərdən "Sən gəldin deyə mənim bayatım, mahnım qurtardı, ay bala", - deyə gileylənirdi.
Nadya Qurbanovanın söylədiyi bayatıları kitabda onun dediyi kimi verə bilmədik. Çünki Nadya nənə söylədiyi əksər bayatıları mahnı kimi oxuduğundan yuxarıda da qeyd etdiyimiz kimi, hər misranı iki dəfə təkrar edir, misraların sonuna nidalar artırır, bəzən də bayatının üç misrasını söyləyirdi. Canlı ifa prosesində bu kimi hallar normaldır və mətnin təbii olmasını bir daha sübut edir. Ancaq yazıya köçürülmə zamanı mahnının avazını vermək mümkün olmadığından təkrar cümlələr ağırlıq yaradır. O səbəbdən də, təəssüf ki, biz bu mətnlərin təbiiliyini qoruya bilmədik.
Bəzən söyləyicilər ifa prosesində də bayatı yaradırdılar. Məsələn, Rasta Şavağat qızı Mustafayeva da bizə dalbadal xeyli bayatı söylədi. Sonda alqış dediyi zaman zarafat etdik ki, onu da bayatıyla desin. Nəticədə belə bir alqış-bayatı meydana çıxdı:

Bala, səni görüm xoş yaşa,
Götürgünən xoş yaşa.
Fələyə yalvarıram,
Sana bir gün, taleh yazsın,
Onda ömrünün sonunacan xoş yaşa.

Bu və bu kimi ifa prosesində yaradılan mətnlər bəzən poetik baxımdan zəif olsa da, tədqiqat baxımından yararlıdır. Bayatı ifaçıları ilə ünsiyyətdə olarkən bayatının deyilmə məqamları və formaları haqqında da xeyli informasiya aldıq. Bununla bağlı tam təsəvvür əldə etmək üçün rayon sakinlərindən birinin yas məclisində də iştirak etdik. Söyləyicilərin "Məjlis olanda yadıma düşür. Onda deməsəm, bağrım çatdar. Amma tini olmasa, yadıma düşmür də, bala", "Dolu vaxdımda deyirəm. Ancax yas yerrərində demişəm, ayləmin, uşağımın yanında deməmişəm heç. Bayatı çoxdu, amma fikrimi cəmliyə bilmirəm", "Birdən gejə ağrılarım tutanda karavatın üsdündə o qədir bayatılıyıram, yadıma gəlir, birdən də yadımnan çıxır. Gejə mən bayatılamağa başdıyanda səhərədək bayatılayıram. Di gəl indi yadıma düşmür" kimi gileyləri bayatının konteksti məsələsinə işıq tutur. Yəni söyləyici bayatını həmişə söyləyə bilmir, bunun üçün özləri demiş, "tini gəlməlidir".
Söyləyicilər bayatının deyilmə formaları haqqında da xeyli məlumat verdilər.
Gərənaylamaq - əlini qulağının dibinə qoyub yüksək səslə ağı deməkdir. Bu zaman misraların sonuna lay-lay artırılır. Gərənaylamaq olduqca yüksək səs tələb edir. Amma yas məclislərində gərənaylamaq o qədər də yaxşı qarşılanmır. Çünki bu, el arasında ölünü urvatdan salmaq kimi qiymətləndirilir. Söyləyicilərin dili ilə desək, "yasda ləyaxnan oxumaq lazımdır".
Yas məclislərində yanıqlı səslə bayatı deməyə "ediləmək" deyirlər. Söyləyicilər təklikdə, alçaq səslə, ağlaya-ağlaya bayatı söyləməyi ediləmək adlandırırdılar. Onlar bəzən inək sağarkən oxumağa da "ediləmək" deyirdilər. Bu bölgədə dodağının altında, yalnız özünün eşidə biləcəyi tərzdə bayatı söyləmək "gümüldənmək" adlandırırılır.
Hüzür yerlərində deyilən bayatıları ağu adlandıran söyləyicilər eyni zamanda qeyd etdilər ki, ağı adətən, bir qadın tərəfindən deyilir. Ağının bəhr forması da var. Bəhri də adətən, bir adam oxumağa başlayır. Hər misranın sonuna "Şahüseyn, Vahüseyn" kəlmələri artırılır ki, bunu məclisə yığışan qadınlar xorla, əllərini dizlərinə vura-vura deyirlər. Bölgədən qeydə aldığımız ağıların bir qismi də sinkretik paralelizm formasındadır. Bu tipli ağılar bayatı formasında deyilməsə də, cümlələr sanki qafiyəlidir. Söyləyicilər bu cür "qafiyələri" bəzək vermək adlandırırdılar:

Duranda yerə naz eliyən,
Gedəndə boyuna naz eliyən,
Gedəndə yerişi göyçək,
Gələndə gülüşü göyçək,
Gözəlliyi güldən götürən,
Ağlığı qardan götürən ...

Yas aparmaq üçün kənardan gətirilən qadınları bölgədə ağıbaşı adlandırırlar.
Kitaba salınmış materialların müəyyən bir qismini də etnoqrafik mətnlər təşkil edir. Bunların arasında tərəkəmə həyatını əks etdirən mətnlər maraq doğurur. Qarabağın işğalı Quzey Azərbaycanda tərəkəməliyə, demək olar ki, son qoydu. Bu səbəbdən də gənc nəslin tərəkəməçiliklə bağlı təsəvvürləri yox dərəcəsindədir. Odur ki, tərəkəmə həyatı ilə bağlı materialları çox çətinliklə toplaya bildik. Çünki söyləyicilərə bununla bağlı suallar ünvanlayarkən çətinlik çəkirdik. Yaşlı nəslin dünyasını dəyişməsi həmin təsəvvürlərin birdəfəlik itməsi deməkdir. Odur ki, bu mətnləri də kitaba daxil etməyi lazım bildik. Abdal Qasımın adını çəkdiyimiz zaman hamı gülümsəyirdi. Amma bəzi mətnləri qeyri-etik hesab etdikləri üçün danışmaq istəmirdilər. Ərazidə Abdal Qasımın şeir yazdığını qeyd edən söyləyici də oldu, amma o da "latayırdı" deyərək şeiri söyləməkdən imtina etdi...

Ləman Vaqifqızı
filologiya üzrə fəlsəfə doktoru