Şah Xətai aydır, sirrini yayma... Mədəniyyət

Şah Xətai aydır, sirrini yayma...

Xətai xalq poeziyasının zənginləş¬məsinə də töhfələr verib

Qədim dövrlərdə türklərin məskunlaşdığı ellərdə insanların əsas məşğuliyyətlərindən biri əkinçilik idi. Onlar tor¬pağı şumlamamışdan öncə və ya səpin zamanı qoşqu heyvan¬larını (öküzləri, kəlləri) ahənglə hərəkətə gətirmək üçün nəğmələr söy¬ləmişlər. Belə nəğmələrə "holavar" (ho-heyvan, var-get demək¬dir) deyirdilər. Maldarlıqla əlaqədar işin icrası-sürü və naxırın sınan¬ması, sağım və "sayaçı" nəğmələrinin yaranmasına səbəb olub. Hətta Qərbi Azərbaycanın İrəvan ərazisində qamış üzərində tapılmış, yaşı təxminən altı min ildən yuxarı olan qədim "mixi yazılar"ında da bunun izləri var. Çox qədim köklərə malik, tarixin özü ilə yaşıd olan Türk ellərində çox-çox qədim zamanlarda artıq analar körpələrinin, çağalarının beşiyi başında "Laylalar" və"oxşamalar" oxuyurdular.
Şübhəsiz, o vaxtlar çox sadə və saya məzmuna, eyni zaman¬da üç-dörd notu əhatə edən musiqi ahənginə malik olan bu nəğmələr şifahi xalq yaradıcılığının təşəkkülündə əhəmiyyətli rol oynayıb. İnsanlar təbiət hadisə¬lərinin, zəlzələlərin, vulkanların, qasırğaların, günəş-ay tutulma¬la¬rının şahidi olarkən, bu hadisələrdən vahimə keçirdikləri üçün on¬lara mifik obraz verərək bu barədə əsatirlər, əfsanələr yaradıblar.
İnsan əqlinin və fəhminin məhsulu olan bu sənət abidələri xalqımızın mənəvi həyatında böyük tərbiyəvi əhəmiyyətə mailk bədii söz xəzinəsi - el sözü, xalq yaradıcılığı, el ədəbiyyatı, şifahi ədəbiyyat adı ilə yaşayıb. Bir sıra xalqlarda olduğu kimi bizdə də bu əsrimizin əvvəllərindən başlayaraq folklor (foklor-ingiliscə xalq hikməti, xalq dühası, xalq müdrikliyi deməkdir) adını daşımaqdadır.
Folklor çox geniş məzmuna malik bir məfhumdur. Ümumiyyətlə, bu ad xalqın bədii söz sərvətini, musiqi və rəqs xəzinəsinin bütün janrlarını, etno¬qrafik biliyin bütün sahələrini özündə birləşdirir. Beləliklə, xalq yaradıcılığının məhsulu olan folklor xalqın mədəni və bədii sərvətini özündə cəmləşdirib hifz edir, onu cilalaya-cilalaya nəsildən-nəslə ötürür.
Qədim insanların həyat tərzi, təsərrüfat məşğuliy¬yəti, əmək vərdişləri şifahi xalq ədəbiyyatında parlaq şəkildə əksini tapıb. Şübhəsiz, cəmiyyətin təşəkkül mərhələləri zamanı xalq yaradıcılığı təkmilləşə-təkmilləşə gələcəyə doğru addımlayıb, xalqın yaradıcılıq qüdrətini özündə birləşdirən zəngin mənəvi xəzinə yaradıb. Xalq ədəbiyyatının içində isə xüsusi əhəmiyyət kəsb eləyən xalq şeiridir. Çünki xalq şeiri daim xalqın dilində olub. Xalq istər əmək zamanı, istər mərasimlər zamanı xalq şeirinin cürbəcür növlərindən istifadə edib, bununla da kimliyini, əsil-nəcabətini, yeddi arxa dönənini, soykökünü, tarixini, mədəniyyətini, yüksək mənəvi keyfiyyətlərini, xarakterini bu şeirlərlə bəyan edib.
"Holavarlar"la, "sayaçı" sözlərlə başlayan xalq şeiri, zaman-zaman bayatılara, qoşmalara, gəraylılara, təcnislərə, müxəmməs¬lərə çevrilərək xalqın gen yaddaşının mühüm daşıyıcısına çevrilib. Mövsüm və mərasim ("Xıdır-xıdır" və "Qodu-qodu") nəğmələri, Novruz mərasimləriylə bağlı nəğmələr Azər¬baycan xalqının olduqca qədim olduğunu, eyni zamanda dil-ağız ədəbiyyatının, xalq yaradıcılığının, folklorunun da qədimliyini bəyan edir.
Xalq ədəbiyyatı özünün bütün inkişaf mərhələlərində xalqın estetik tərbiyəsinə xidmət etmiş mənəvi silaha çevrilib, əsl tərbiyə məktəbi olub.
Xalqın ruhunun, zövqünün zənginliyinə dəlalət edən və mənəvi aləminin təzahür forması olan poeziya olduqca mürəkkəb sənətdir. Azərbaycan poeziyasının rüşeymi isə bilavasitə bayatılarda, xalq məsəllərində, ağılarda, gəraylılar¬da olduğu üçün ümumxalq bədii təfəkkürün məhsuludur. Şübhəsiz, bayatılar, gəraylılar, qoşmalar bir adamın, iki adamın iştirakı ilə yaranmayıb. Bu poeziya bədii sözün ibtidai təşbehlər və oxşatmalar şəklindən daha dolğun, daha mürəkkəb ifadə vasitələrinə doğru təkamülü nəticəsində formalaşıb.
İki cür mahnılar mövcuddur; xalq mahnıları və bəstəkar mahnıları. Bəzən özlərini peşəkar hesab edən bəstə¬ka¬rlar, həvəskar bəstəkarlara irad tutaraq musiqi savadı alma¬dıqları halda nə ixtiyarla mahnı yazdıqıqlarını sual edirlər. Lakin heç vaxt bütün xalq mahnılarının, o cümlədən, böyük bir xəzinə olan muğamın musiqi savadı olmayan insanlar, daha doğrusu, xalqın ayrı-ayrı nümayəndələri tərəfindən yaradıldığı ilə bağlı həqiqəti söyləmirlər. Xalq şeiri ilə yazılı poeziya da eynilə buna bənzəyir. Xalqın ayrı-ayrı nümayəndələrinin dilindən söylənmiş şifahi şeir nümunələri və divan ədəbiyyatı, yəni yazılı poeziya. Divan ədəbiyyatı orta əsrlərdə mövcud idi, lakin sonralar sadəcə olaraq müəllifləri məlum olan poeziya adlanmağa başlandı. Lakin Azərbaycan musiqisinin kökü muğamlardan, xalq mahnılarından qaynaqlandığı kimi, divan ədəbiy¬yatı, müəllifi məlum olan şeirlər də şübhəsiz, xalq şeirindən qaynaqlanırdı. Xalq şeirinin kökü qədimdən, aşıq ədəbiyyatından, aşıq poeziyasından süzülüb gəlir. Klassik şeirə daxil olan qəzəl, qəsidə kimi janrlar hələ həddi-buluğa çatmamış uşaqların yaddaşına yaxşı həkk ola bilmir. Lakin bayatı, qoşma, gəraylı növünə daxil olan şeirlər təzə dil açmış uşaqların belə yaddaşına asanlıqla köçür. Bu da heç kimə sirr deyil ki, xalq şeiri zaman-zaman öz formalarını, şəkillərini, növlərini, üslublarını gələcək nəsillərə ötürdüyü kimi, xalqın adət-ənənələrini, tarixini, mədəniyyətini, məişətini də bizlər üçün ərməğan, miras qoyub.
Xalq poeziyası formalarının inkişafında, gələcəyə inamla addımlamasında, eyni zamanda daha mənalı, daha məzmunlu bir şəkildə çiçək açma¬sında Şah İsmayıl Xətayinin rolu musilsizdir. Şah Xətayi nəhəng bir dövlət qurduğu, eyni zamanda bu dövlətin rəsmi dövlət dilini Azərbaycan dili et¬diyi qədər də xalq ədəbiyyatının, xalq poeziyasının zənginləş¬məsində xidmətlər göstərib.
Şah Xətayi məlum olduğu kimi həmin klassik üslubda, həm də folklor üslubunda yazıb-yaradıb, eyni zamanda Səfəvilər dövlə¬ti¬nin ərazisində yaşayan, həm fars, həm də türk (Azərbaycan) dilində yazıb-yaradan sənətkarları bir araya toplayaraq "Əş-şüəara" məclisləri keçirib ki, bu da şübhəsiz, şahlar-şahının qarşısında bir növ imtahan verən sənətkarların məsuliyyətini daha da artırıb, eyni zamanda onlar daha böyük şövqlə, həvəslə yazıb-yaratmağa, çalışmağa başlayıblar. Bu da öz növbəsində Azərbaycan poeziyasının daha da zənginləşməsi, parlaması və gələcək nəsillər üçün qiyməti olmayan mirasa kifayət qədər geniş bir şərait yaradıb. Şah Xətayinin öz yaradıcılığına gəldikdə isə o, necə deyərlər, xalq şeirini klassik pöeziya xəmiri ilə birlikdə yoğurub və xalq şeirinə də klassik mövqe qazandırıb. Şairin qoşma poetikası klassik şeir poetikasından bəhrələnir. Bu da onu göstərir ki, Şah Xətayinin bədii təfəkküründə qoşma həmişə klassik şeirə tabe olub:

Şah Xətayi aydır, sirrini yayma,
Qıla gör namazın, qəzaya qoyma,
Şu yalan dünyada heç sanam dəymə,
Tənin təpaşirdə, sirrin saldadır.

Bu şeir özündə xalq şeirinin, o cümlədən qoşma formasının bütün xüsusiyyətlərini əks etdirir, lakin burda klassik şeirlə janr-üslub birliyi var, çünki burda klassik şeirin özünəməxsus obrazları, poetizmləri meydana çıxır.
Şah Xətayi xalq poeziyasına klassik poeziya qədər yüksək mövqe verdiyi üçün, o zamana qədər aşıqlar əsasən kəndlərdə, ucqar bölgələrdə, dağ ərazilərində çalıb-çağırdığı halda, Şah Xətayinin dövründən etibarən xalq poeziyası, xalq ədəbiyyatı üstündə köklənmiş aşıq poeziyası Təbriz, Ərdəbil kimi şəhərlərdə böyük meydan götürmüş və az bir zaman içərisində Səfəvilər dövlətinin bütün böyük şəhərlərində, o cümlədən Şamaxıda, Bakıda və s. yerlərdə olduqca yüksək bir mövqe tutub. Bu da şübhəsiz ki, klassik üslubun daha çox yayıldığı şəhərlərdə xalq ədəbiyyatının, xalq poeziyasının nəinki yenidən yada düşməsinə, hətta xalqın, daha doğrusu, şəhər əha¬lisinin keçirdiyi mərasimlərin, bayramların bəzəyinə çevrilib. O zamanlar vergi verilməmiş bir insan heç vaxt əlinə saz götü¬rüb çalıb-oxumurmuş.
Azərbaycan xalqı qoca türkün övladıdır, azərbaycanlılar türk oğlu türkdürlər, bu da öz növbəsində onun intəhasız bir dərəcədə aşıq ədəbiyyatı, aşıq poeziyası ilə qırılmaz tellərlə bağlı olduğunu şərhsiz-filansız sübuta yetirir.
Milli poetik ənənələrə, xüsusilə folklora qayıdışda müasir lirik qəhrəmanın ehtirasları, həyata müdaxilə mövqeyi, mənəvi ideal¬ları müxtəlif çalarlar qazandığı kimi, Güney Azərbaycanda ənənənin 1950-1980-ci illərdəki bədii şəraitdə poetik məzmun müxtəlifliyi o dövrün liriklasının bədii strukturunda da özünün konkret forma təcəs¬sümünü tapıb. Milli poetik irsin bədii oxunuşunda intonasiya və ritm bənzərsizlikləri, zahiri mövzu oxşarlığındakı orijinal mətnaltı qatlar, dərin düşüncələr axarı, fərdi poetik "mən"də onun dünyanı duyum və qiymətləndirmək səyləri ilə üzə çıxır. Təsadüfi deyil ki, folklor ənənələrinə intensiv qayıdış, 1950-1980-ci illərdə Güney Azərbaycanda yazıb yaradan bir çox şairlərin uğurlu şeirlərində xalq poetik təfəkküründən bəhrələnmə oxşarlığı fərdi poetik üslubun əyaniləşməsinə mane olmurdu. Çünki formallaş¬mış poetik dünya görüşü, dünya duyumu və estetik qiymətləndir¬mə qənaətləri buna imkan vermir. Bu tipli şeirlərin ictimai məzmun baxımından uğursuz nümunələri də doğma yurda, ocağa və folklora qayıdışla yox, fərdi yaradıcılıq prosesində ortaya çıxan çətinliklərlə bağlıdır. Bu, bəzi şairlərin yaradıcılığında folklorun poetik strukturunun təkrarı kimi özünü göstərir. Bəzən şairlər sələflərdən qalma obrazları təkrar eləmək üçün sanki bir-biriylə bəhsə girirlər. Bir çox hallarda misralardakı bənzərlik, qafiyələrin oxşarlığında elə bir şəkil əmələ gətirir ki, bunu sadəcə olaraq xalq bayatılarının üzünün köçürülməsi kimi xarakterizə eləmək olur. 1950-1980-ci illərdə Güney Azərbaycanda yazıb-yaradan şairlər arasında ilahi tərə¬fin¬dən verilən istedada deyil, eşitdiyini, oxuduğunu təkrarlamağa dayanan şairlər yox dərəcəsindədir və Şəhriyar kimi nəhəngdən tutmuş, nisbətən az tanınan qələm ustalarına qədər yaradıcılıqlarını ilham pərisinin diktəsi ilə meydana gətiriblər.

Vüqar Əhməd,
professor