Saatın çəkilməsindən kimlər qazanacaq?.. İqtisadiyyat

Saatın çəkilməsindən kimlər qazanacaq?..

Bazar günü Azərbaycanda saat əqrəbləri bir saat irəli çəkiləcək
Bu dəyişilmə əksər inkişaf etmiş ölkələrdə, o cümlədən Avropa dövlətlərində tətbiq edilir.
Yay və ya qış vaxtına keçid iqtisadi, psixoloji və tibbi faktorlar ilə bağlı olsa da, krimanal hadisələrə qarşı mübarizə tədbiri kimi də istifadə edilir.
"Axar.az"ın məlumatına görə, iqtisadçı ekspert Vüqar Bayramlı qeyd edir ki, iqtisadi baxımdan bu qərarların əsas səbəbi, yeni sistemə keçməklə enerjiyə qənaət etmək imkanının və eləcə də sosial vətəndaşların yeni fəslə adaptasiya edilməsi baxımından əhəmiyyəti ilə bağlıdır: "Əvvəla yay vaxtına keçmənin başlıca əhəmiyyəti ondan ibarətdir ki, iş başladığı andan bitənə qədər praktiki olaraq hava işıqlı olduğundan, həmin zaman müddətində enerjiyə qənaət olunur. Bunun digər tərəfi ondan ibarətdir ki, məşğul əhali yeni fəsilə uyğunlaşa bilir. Beynəlxalq standartlara əsasən, saatın geri çəkilməsi ilə həmin müddət ərzində ölkəmizdə enerji sərfinə 5 faiz qənaət edilir".
Ekspert hesab edir ki, qış və yay vaxtlarının tətbiq edilməsi doğru addımdır:
"Bu, Avropada tətbiq edilmiş və uzun müddət sınanılmış bir praktikadır. Tətbiq olunan praktika yalnız iqtisadi deyil, eyni zamanda psixoloji və digər aspektlərə də əsaslandırılır. Azərbaycanda bu sistemin tətbiqinin, həm fəslin dəyişməsi ilə əlaqədar olaraq işçilərin əhval-ruhiyyəsinin mövsümə uyğunlaşdırılmasına, həm də məhsuldarlığın artması aspektinə müsbət təsirləri var".
Ekspertin fikrincə, yay vaxtına keçid xidmət sektorlarında iş vaxtının daha uzunmüddətli olmasına şərait yaradılması baxımından əhəmiyyətlidir:
"Bu, xidmət sektorunda çalışan müəssisələrin gəlirlərinin artmasına təsir göstərir. İqtisadi baxımdan, aqrar sektor iş müddətinin uzanması baxımından saat əqrəblərinin irəli çəkilməsindən qazanan sektor hesab edilir".