“Azərbaycanın tranzit potensialı sürətlə artır” İqtisadiyyat

“Azərbaycanın tranzit potensialı sürətlə artır”

“Azərbaycanın həyata keçirdiyi iri infrastruktur layihələri ölkəmizin beynəlxalq nəqliyyat-logistika və enerji xəritəsində strateji mövqeyini daha da gücləndirir”.

Bunu Milli Məclisin deputatı Azər Allahverənov Xalqcəbhəsi.az-a açıqlaması zamanı deyib.

Deputat bildirib ki, Orta Dəhlizin əsas marşrutunun Azərbaycan üzərindən keçməsi ölkənin tranzit potensialını əhəmiyyətli dərəcədə artırır: “Bu istiqamətdə həyata keçirilən infrastruktur layihələri Azərbaycanın regional və qlobal logistika mərkəzi kimi rolunu möhkəmləndirir.
Bu baxımdan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Limanın yük aşırma qabiliyyətinin artırılması Azərbaycanın tranzit imkanlarını genişləndirir və regionlararası əməkdaşlığın inkişafına əlavə töhfə verir. Eyni zamanda, ilin sonunadək istifadəyə verilməsi gözlənilən Ələt Beynəlxalq Hava Limanı da ölkəmizin beynəlxalq yükdaşımalarında rolunu daha da artıracaq. Bütün bunlar Avrasiya məkanında nəqliyyat-logistika layihələrinin daha səmərəli həyata keçirilməsi üçün əlverişli şərait yaradır”.

Azər Allahverənov vurğulayıb ki, Azərbaycanın strateji üstünlükləri yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmır: “Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm tərəfdaş kimi çıxış edir. Bu gün Avropa İttifaqına üzv olan bir sıra dövlətlər Azərbaycanın təbii qazının idxalında maraqlı olduqlarını açıq şəkildə ifadə edirlər. Bu isə Azərbaycanın enerji təhlükəsizliyi sahəsindəki mövqelərini daha da möhkəmləndirir və ölkəmizin beynəlxalq əhəmiyyətini artırır. Azərbaycan qlobal gündəliyin formalaşdırılmasına da fəal töhfə verir. COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi, eləcə də Bakıda keçirilən nüfuzlu beynəlxalq forumlar ölkəmizin iqlim dəyişikliyi, davamlı inkişaf və digər qlobal məsələlərin müzakirəsində aktiv iştirak etdiyini nümayiş etdirir. Belə mötəbər platformalar vasitəsilə Azərbaycan yalnız qlobal təşəbbüslərə qoşulmur, həm də beynəlxalq gündəliyin formalaşmasına öz töhfəsini verir. Bu isə ölkəmizin tanıdılmasına, beynəlxalq nüfuzunun artmasına və mövqelərinin daha da güclənməsinə xidmət edir”.

Deputatın sözlərinə görə, Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri müxtəlif güc mərkəzləri arasında balanslaşdırılmış və praqmatik əməkdaşlıq siyasətini davam etdirməkdir: Bu siyasətin əsasını milli maraqların qorunması təşkil edir. Eyni zamanda beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Bu gün Azərbaycan artıq təkcə Cənubi Qafqaz regionunda deyil, daha geniş Avrasiya məkanında strateji əhəmiyyətə malik layihələrin əsas iştirakçılarından birinə çevrilib.
İstər Şərqlə Qərbi, istərsə də Şimalla Cənubu birləşdirən nəqliyyat dəhlizlərinin uğurla reallaşdırılması Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirir və ölkəmizi etibarlı tərəfdaş kimi ön plana çıxarır”.

Günel Elxan