Neftçala Sənaye Məhəlləsində sahibkarlara güzəştli kredit veriləcək İqtisadiyyat

Neftçala Sənaye Məhəlləsində sahibkarlara güzəştli kredit veriləcək

Tərlan

Oktyabrın 29-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birgə təşkilatçılığı ilə Neftçala rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatlar verilmiş, Neftçala Sənaye Məhəlləsində sahibkarların müvafiq investisiya layihələrinin həyata keçirilməsi təşviq olunmuş, sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanmış nümunəvi investisiya layihələrinin, o cümlədən plastik qapı-pəncərə, dam örtükləri, dəmir qapı, plastik qablar, polietilen paketlər, corab, təbii məhsullardan sabun istehsalı üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, sahibkarların təklifləri öyrənilmiş, onlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlər qurulmuş, maarifləndirici materiallar paylanmışdır
110-a yaxın sahibkarın iştirak etdiyi forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd etmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində 4543 sahibkara 197,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 10700-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilmişdir ki, Neftçala Sənaye Məhəlləsində investisiya layihələrinin həyata keçirilməsi üçün güzəştli kreditlər verilə bilər. Ümumilikdə, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 132 müasir sənaye müəssisəsinin maliyyələşdirilməsinə 409 milyon manatdan çox güzəştli kredit verilmişdir. Bu müəssisələrdən 115-i istifadəyə verilmiş, 17-i üzrə işlər davam etdirilir. Güzəştli qaydada maliyyələşdirilmiş müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaqdır.
"Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin icraçı direktoru Rövşən Nəcəf Neftçala Sənaye Məhəlləsində sahibkarlara təklif olunacaq ümumi xidmətlər, yaradılacaq infrastruktur, istehsal sahələri barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, sənaye sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin məşğulluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2015-ci il tarixli Sərəncamına uyğun olaraq, Neftçala rayonunda Sənaye Məhəlləsinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə, Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən 10 ha torpaq sahəsi ayrılmışdır. Təsdiq olunmuş layihəyə əsasən, ərazidə hər biri 2 moduldan ibarət olan və ümumi sahəsi 15 min kvadratmetrə yaxın olan 8 istehsal bloku, inzibati bina və bütün zəruri infrastruktur yaradılaraq sahibkarların istifadəsinə veriləcəkdir. Bundan başqa, inzibati binada sahibkarların fəaliyyətinin səmərəli təşkili üçün hüquqi, bank, sığorta, ümumi mühasibatlıq, eləcə də təlimlərim keçirilməsi təklif olunacaqdır. Hazırda Sənaye Məhəlləsinin fəaliyyəti üçün inzibati bina, ümumi sahəsi 8 min kvadratmetrə yaxın olan 4 ədəd istehsal bloku və zəruri infrastrukturun tikintisi davam etdirilir. Eyni zamanda, Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarlarla danışıqlar aparılmış və tikinti işləri başa çatdıqdan sonra ilk mərhələdə balıq yemi, balıq konservi, qayıq və balıqçılıq ləvazimatları, nasos, suvarma sistemləri avadanlıqları, metal konstruksiya, plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması nəzərdə tutulur.
İşgüzar forumda Aran iqtisadi rayonunda fəaliyyət göstərən 68 sahibkara 12.6 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, cins heyvandarlıq, müasir istixana komplekslərinin yaradılması, əkinçilik və s. sahələrin inkişafına yönəldiləcək. Tədbir zamanı balıq yemi, nasos və avtoqoşqu istehsalı üzrə fəaliyyət göstərən iki sahibkarlıq subyektinə Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən qeydiyyat şəhadətnaməsi təqdim edilmişdir. Forum çərçivəsində Neftçala Sənaye Məhəlləsində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.