“Bu, Ermənistanın daxili siyasi qütbləşməsini dərinləşdirə bilər” Dünya

“Bu, Ermənistanın daxili siyasi qütbləşməsini dərinləşdirə bilər”

“2026-cı il iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərindən sonra ölkədə siyasi gərginlik azalmayıb, əksinə, müxalifətə qarşı təzyiqlərin artdığı barədə iddialar daxili siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva qeyd edib ki, seçkiöncəsi dövrdə və səsvermədən sonra aparılan həbslər, bəzi müxalif siyasətçilər və tanınmış iş adamlarına qarşı cinayət işlərinin başlanması hakimiyyətin siyasi rəqiblərinə qarşı hüquq-mühafizə mexanizmlərindən istifadə etdiyi barədə tənqidlərə səbəb olur: “Hakimiyyət isə bu addımların siyasi motivli olmadığını, qanunun aliliyinin təmin edilməsi məqsədi daşıdığını bildirir. Bununla belə, bu proseslər Ermənistanın demokratik inkişafı ilə bağlı beynəlxalq müzakirələri daha da gücləndirib”.

Politoloqun fikirlərinə görə, Qərbin yanaşması isə regionda ikili standartlarla bağlı mübahisələri yenidən gündəmə gətirir: “Tənqidçilər hesab edirlər ki, vaxtilə Robert Koçaryan və Serj Sarkisyan hakimiyyətləri dövründə demokratiya və insan hüquqları sahəsindəki problemlərə geosiyasi səbəblərlə məhdud reaksiya verildiyi kimi, bu gün də Nikol Paşinyan hökumətinə münasibətdə oxşar yanaşma müşahidə olunur. Onların fikrincə, Gürcüstandakı siyasi proseslərə qarşı sərt bəyanatlar və sanksiya çağırışları fonunda Ermənistanda baş verən həbslər və siyasi təzyiqlərə daha yumşaq münasibət göstərilməsi Qərbin dəyərlərdən çox strateji maraqları önə çıxardığı barədə iddiaları gücləndirir. Bu yanaşmanın davam etməsi Ermənistanın daxili siyasi qütbləşməsini dərinləşdirə, ölkəni Qərb-Rusiya geosiyasi rəqabətinin daha həssas iştirakçısına çevirə bilər”.

Röya İsrafilova