“Ermənistan daxilində qurulan rejim özünü xarici siyasi konjunkturdan asılı vəziyyətə salıb” Dünya

“Ermənistan daxilində qurulan rejim özünü xarici siyasi konjunkturdan asılı vəziyyətə salıb”

“Ermənistandakı mövcud siyasi mənzərə və 2026-cı il iyun parlament seçkiləri ətrafında cərəyan edən proseslər, beynəlxalq münasibətlər sistemində ideoloji ritorika ilə realpolitik arasındakı uçurumun növbəti bariz nümunəsidir. Nikol Paşinyanın hakimiyyətinin konsolidasiya üsulları, xüsusilə inzibati resurslardan istifadə, müxalifətə qarşı repressiv mexanizmlərin işə salınması və siyasi opponentlərin neytrallaşdırılması, ölkənin artıq demokratik transformasiya dövründən avtoritar idarəçilik mərhələsinə keçid etdiyini göstərir. Qaqik Tsarukyan və digər tanınmış simaların həbsi, hakimiyyətin siyasi rəqabəti yalnız "Vətəndaş Müqaviləsi"nin maraqları çərçivəsində məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirilməlidir”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

T.İsmayılov qeyd edib ki, Qərbin bu proseslərə yanaşması isə klassik geosiyasi praqmatizmin göstəricisidir: “İnsan hüquqları, seçki azadlığı və demokratik standartlar kimi dəyərlər, Ermənistanın Rusiyanın orbitindən çıxarılıb Qərb düşərgəsinə inteqrasiya edilməsi məqsədi qarşısında ikinci dərəcəli əhəmiyyət kəsb edir. Gürcüstan və digər postsovet məkanındakı hadisələrə tətbiq edilən "demokratiya testi" ilə Ermənistan nümunəsi arasında müşahidə olunan kəskin fərq, Qərbin "demokratik standartları" universal hüquqi çərçivədən çox, siyasi loyallıq alətinə çevirdiyini təsdiqləyir. Paşinyanın "Qərbin demokratı" kimi təqdim edilməsi, onun daxildə həyata keçirdiyi repressiv addımların leqallaşdırılması üçün bir növ "siyasi immunitet" rolu oynayır”.

​Onun sözlərinə görə, nəticə etibarilə, Ermənistan daxilində qurulan bu rejim, öz mövcudluğunu daxili demokratik legitimlikdən daha çox, xarici siyasi konjunkturdan asılı vəziyyətə salıb: “Bir zamanlar Rusiyanın regional forpostu olan ölkənin indi Qərbin geosiyasi maraqlarının təminatçısına çevrilməsi, Ermənistanı daha dərin iqtisadi və sosial böhranlara, həmçinin regional təhlükəsizlik arxitekturasında qeyri-müəyyənliyə sürükləyir. "Demokratiya" şüarları altında idarə olunan, lakin əslində Qərb-Rusiya rəqabətinin ön xəttinə çevrilən bu ölkə, daxili parçalanma təhlükəsi ilə üz-üzə qalmaqla yanaşı, suveren qərar qəbul etmə qabiliyyətini də itirmək riski daşıyır. Bu mənada, Paşinyan rejimi üçün "Qərbin dəstəyi" təhlükəsizlik zəmanəti deyil, əksinə, ölkəni geosiyasi rəqabətin birbaşa qurbanına çevirən katalizatordur”.

Röya İsrafilova