Manat “üzməyə” başladı İqtisadiyyat

Manat “üzməyə” başladı

Azərbaycan Mərkəzi Bankı "üzən məzənnə" rejiminə keçirilməsi ilə bağlı qərarını açıqlayıb. Bununla bağlı AMB-nin yaydığı bəyanatda deyilir:
"Qlobal iqtisadiyyatda müşahidə olunan mürəkkəb proseslər, aparıcı mərkəzi bankların son qərarları, dünya enerji daşıyıcıları bazarlarında təklifin artması, iri iqtisadiyyata malik və əsas neft istehlakçıları olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın zəifləməsi, habelə digər qlobal amillər neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 3 dəfədən çox aşağı düşməsinə gətirib çıxarıb.
Bütün bu proseslər qlobal iqtisadiyyata sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərib: "Ölkənin xarici ticarət balansının müsbət saldosu və valyuta daxilolmalarının digər mənbələri kəskin azalıb. Ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin fevral ayında manatın devalvasiyası həyata keçirilib, iqtisadiyyat, valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunub.
Lakin, cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli artırıb. Eyni zamanda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başlamışdır. Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötüb.
Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib".
Məlumatda bildirilir ki, uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə AMB-nin İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib: "Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaqdır. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcəkdir.
Eyni zamanda banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər görüləcəkdir".

Kəskin şəkildə ucuzlaşma…

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.
Dolların rəsmi məzənnəsi dekabrın 18-i ilə müqayisədə 47,63% və ya 0,501 manat artaraq 1,5500 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası da 47,88% və ya 0,5456 manat artaraq 1,6850 manata yüksəlib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 47,3% və ya 0,007 manat bahalaşaraq 0,0218 manat olub.

Neft Fondu ucuzlaşmadan qazanıb….

21 dekabr tarixinə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsində nəzərdə tutulan xərc maddələri, o cümlədən dövlət büdcəsinə transfertlə bağlı xərclər bütünlüklə icra edildiyindən, manatın ABŞ dolları və avroya qarşı devalvasiyasından hər hansı qənaətin yaranması proqnozlaşdırılmır.
Bunu "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildiriblər.
"Azərbaycan Dövlət Neft Fondunun 2015-ci ilin büdcəsinin icrası çərçivəsində cari ilin 9 ayında 5,65 milyard manat, oktyabrda 750 milyon manat, noyabrda 750 milyon manat, dekabrda isə 980 milyon manat dövlət büdcəsinə transfert edilmişdir. Beləliklə, 2015-ci il üzrə dövlət büdcəsinə transfert 8 130 milyon manat təşkil etməklə, 2015-ci ildə bu xərc maddəsinin icrası başa çatıb", - deyə açıqlamada qeyd edilib.
Bununla belə, ARDNF dekabrın 21-də Azərbaycanda manatın ABŞ dolları və avro qarşısında 48%-lik devalvasiyası səbəbindən 2016-cı ildə xərc maddələri üzrə qənaətin olacağını proqnozlaşdırır: "Fondun Müşahidə Şurasının qərarına əsasən təsdiq edilmək üçün Azərbaycan prezidentinə təqdim edilmiş fondun büdcə layihəsində 2016-cı il üçün fondun büdcə xərclərinin 8 milyard 261,4 milyon manat və yaxud təqdim edilmə tarixinə olan 1,05 məzənnəsi ilə 7 milyard 868 milyon ABŞ dolları təşkil edib. 2016-cı ildə Fondun büdcəsinin Cənub Qaz dəhlizi layihəsinin və Bakı-Tbilisi-Qars yeni dəmir yolunun maliyyələşdirilməsi ilə bağlı ümumilikdə 1 milyard 869,1 milyon ABŞ dolları məbləğində xərclərinin yalnız ABŞ dolları valyutası ilə icra edilməsi nəzərdə tutulub. Bununla əlaqədar devalvasiya yalnız manat ilə icra ediləcək xərc maddələrinin, o cümlədən dövlət büdcəsinə transfertlə bağlı xərclərin icrası istiqamətində qənaətin yaranmasına səbəb ola bilər. Belə ki, devalvasiyaya qədər manatla icra ediləcək xərclər 6 milyard 300,9 milyon manat və yaxud ABŞ dolları ekvivalenti ilə 6 milyard 9,3 milyon təşkil etdiyindən, devalvasiyadan sonra yeni məzənnə ilə bu xərclərin 4 milyard 65,1 milyon ABŞ dolları və fondun xərcləri üzrə 1 milyard 944,2 milyon ABŞ dolları məbləğində qənaətin təşkil etməsi proqnozlaşdırılır".

"Sadə azərbaycanlılar zərər çəkəcək"

Manatın məzənnəsini sərbəst buraxması beynəlxalq medianın da gündəmindədir. Nüfuzlu "The Financial Times" qəzeti bu mövzuda operativ təhlil dərc edib.
"Azərbaycan hökumətinin dolların kursunu sabit saxlamaq siyasətindən imtina etməsindən sonra manat çökür" - başlıqlı məqalədə deyilir ki, Mərkəzi Bank bu gün manatın kursunu sərbəst buraxıb.
Nəticədə Azərbaycanın milli valyutası az qala 50 faiz dəyərdən düşüb.
"Bu, neftin ucuzlaşmasının iqtisadyyatı tamamilə enerji daşıyıcısından asılı olan ölkələrə necə ağrılı təsir ediyinə dair daha bir nümunədir"- deyə qəzet yazır.
"Financial Times" qeyd edir ki, fevral ayında Mərkəzi Bank manatın 34 faizlik devalvasiyasını həyata keçirmişdi. Son ucuzlaşmadan sonra isə manatın ilin əvvəlindən bəri az qala iki dəfə dəyərdən düşdüyünü göstərir.
"Bu, il ərzində ən pis göstərilərə malik olan valyutalardan biridir"- məqalədə deyilir.
Qəzet yazır ki, təkcə Azərbaycan deyil, iqtisadiyyatı neft gəlirləri sayəsində inkişaf edən digər ölkələr də neftin kəskin ucuzlaşmasına qəfil yaxalanıblar.
Azərbaycan Mərkəzi Bankı isə öz bəyanatında bildirir ki, "xarici iqtisadi çaxnaşmaların aktivləşməsi" nəticəsində manatın kursunu sabit saxlamaq artıq mümkün olmur.
"Azərbaycanın bu gün atdığı addım avqust ayında Qazaxıstanın atdığı addımın təkrarıdır. Qazaxıstan da üzən məzənnə siyasətinə keçəndən dərhal sonra milli valyutası sonrakı dörd ayda 40 faiz dəyər itirib"- "Financial Times" xatırladır.
Qəzet yazır ki, Azərbaycanın ixracının 95 faizdən çoxu neftdən asılıdır, gəlirlərinin dörddə üçü və ÜDM-nin 40 faizi neftin payına düşür.
"Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov fevral ayında "Financial Times"ə bildirmişdi ki, Azərbaycan dolların kursunun bazara intervensiya yolu ilə sabit saxlanılmasından imtina etməyə hazırlaşır, ancaq o vaxtdan bəri Mərkəzi Bank hələ də dolların bahalaşmasının qarşısını almaq üçün valyuta ehtiyatlarını xərcləyirdi"- məqalədə deyilir.
Qəzet xatırladır ki, Mərkəzi Bankın ehtiyatları kəskin azalıb. Neft Fondunun ehtiyatları da ilk dəfədir ki, azalmağa başlayır.
"Manatın kursunu sabit saxlamaq artıq mümkün deyildi. Əgər Mərkəzi Bank bu addımı atmasaydı valyuta ehtiyatları bu gedişlə - indiki xərcləmə tempi ilə 6 aya tamamilə tükənə bilərdi"- deyə GPW risk konsaltinq şirkətinin Mərkəzi Asiya və Qafqaz üzrə analitiki Livia Riggi manatın çökməsini "Financial Times"ə şərh edərkən bildirib.
Analitik qeyd edib ki, Mərkəzi Bank təkcə noyabr ayında manatı sabit saxlamaq üçün 589 milyon dollar xərcləyib, dekabr ayında isə bu xərclənmə tempi daha da artıb.
Qəzet yazır ki, manatın kəskin ucuzlaşması 2016-cı il büdcəsində neftin qiymətini 50 dollardan götürən Bakını "kitabını yenidən yazmağa" məcbur edəcək. Həmçinin manatın ucuzlaşması ölkənin neft sektorunda SOCAR və BP kimi şirkətlərin xərclərini azaltmaqla onlara xeyir verəcək. Çünki bu şirkətlər nefti dollara satır, ancaq xərclərinin əsas hissəsini manatla ödəyir.
"Lakin bundan pensiyalarını, maaşlarını, əmanətlərini manatla alan sadə azərbaycanlılar zərər çəkəcək"- "Nomura" konsaltinq şirkətinin analitiki Tim Eş eyib.
Onun fikrincə, Azərbaycan hakimiyyəti indiyə qədər devalvasiyanı ona görə ləngidirdi ki, sosial stabilliyin pozulacağından ehtiyat edirdi.
Qəzet manatın çökməsinin bank sektoruna da ciddi zərər vuracağını yazıb. Çünki bundan əvvəlki devalvasiyada şirkətlər və fizik şəxslər öz depozitlərini dollara çevirdilər. Nəticədə kreditləri manatla verən bankların aktivlərində uyğunsuzluq yarandı.
"Fitch" reytinq agentliyinin hesabatına əsasən noyabr ayına olan məlumata görə, banklardakı depozitlərin 70 faizi xarici valyuta ilə nominasiya olunub. Hərçənd ki, Mərkəzi Bank əmanətçilər və bankları qorumaq üçün tədbirlər görüləcəyini vəd edir.

"Aktivlırin keyfiyyətinə mənfi təsir göstərəcək"

Milli valyutanın devalvasiyası bankların aktivlərinə və kapitalına mənfi təsir edəcək. Bunu Trend-ə "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin maliyyə təşkilatları üzrə analitik qrupun direktoru Dmitri Vasilyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın bank sistemi aktivlərinin dollarlaşmasının yüksək səviyyəsilə xarakterizə edilir, lakin borcluların valyuta daxilolmalarına çıxışı məhduddur: "Buna görə də devalvasiyaya görə kredit borcları üzrə xidmətin keyfiyyəti pisləşəcək ki, bu da ümumilikdə aktivlırin keyfiyyətinə mənfi təsir göstərəcək".
Vasilyev qeyd edib ki, Azərbaycanın bank sistemi iki risklə üzləşib: "Birincisi, manatda olan aktivlərin qiyməti qalxacaq, müvafiq olaraq bütün bankların kapitalının kifayətlilik normativi (Azərbaycan Mərkəzi Bankının müvafiq tələbatı 50 milyon manatdır) aşağı düşəcək. İkincisi, bəzi bankların birbaşa açıq valyuta mövqeyi var və onlar devalvasiya ilə əlaqədar valyutanın yenidən qiymətləndirilməsindən böyük birdəfəlik itkiləri etiraf etməli olacaqlar ki, bu da kapitalın kifayətlilik normativlərinə təsir edəcək".