“Bu, lokal bir layihə deyil” İqtisadiyyat

“Bu, lokal bir layihə deyil”

Səməd Seyidov: "Beynəlxalq səviyyəli və beynəlxalq proseslərə təsir göstərən xüsusi bir layihədir"

Azər Verdiyev: "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Avropa İttifaqının (Aİ) enerji strategiyası üçün həyati əhəmiyyətə malikdir"

Tahir Rzayev: "Bu kəmərin çəkilməsi Avropa ölkələrinin qazla təmin olunmasında çox mühüm rol oynayacaq"


Bu günlərdə Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclasının keçirilməsi yenidən beynəlxalq aləmin diqqətini Azərbaycana yönəltdi. Bir il bundan əvvəl keçirilmiş ilk görüşün nəticələri, layihə çərçivəsində görülən işlərin müzakirə edildiyi bu dəfəki iclasda qarşıda duran yeni vəzifələr müəyyənləşdirildi. "Cənubi Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclasında həm Birləşmiş Ştatlar, həm də Avropa İttifaqından yüksək vəzifəli rəsmilərin iştirakı bir daha onu təsdiq etdi ki, həm Qərb, həm də Avropa "Cənub Qaz Dəhlizi"nə xüsusi önəm verir. Çünki bu layihə Aropanın enerji təminatında mühüm rol oynayır. Bəs görəsən "Cənub Qaz Dəhlizi"nin Azərbaycan üçün hansı perspektivləri, faydaları olacaq?
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Bakıda keçirilən "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclası xüsusi təhlilə və xüsusi qiymətə layiqdir: "Bu hadisəni təkcə Azərbaycan çərçivəsində təhlil etmək qəti düzgün deyil. Bu, Azərbaycan siyasətinin Avropada və dünyada gedən proseslərə birbaşa təsiridir". S.Seyidov bildirib ki, bu proseslər Azərbaycanın ilk növbədə Avropa üçün və ümumilikdə dünya üçün strateji əhəmiyyət daşıyan və strateji layihələri həyata keçirmək iqtidarında olan bir ölkə olduğunu sübut etdi: "Yaddan çıxarmaq lazım deyil ki, "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının II iclasının nəticələri ilə bağlı Birgə Bəyannaməni Avropa və ABŞ-dan olan 12 nəfər ən məsul şəxs imzaladı. Bu, lokal bir layihə deyil, beynəlxalq səviyyəli və beynəlxalq proseslərə təsir göstərən xüsusi bir layihədir. Bunun əhəmiyyəti haqqında danışarkən yaddan çıxarmamalıyıq ki, layihənin bu səviyyədə təsdiqi heç də asan, hansısa danışıqlar yolu ilə həll edilmiş məsələ deyil. Bu, çox gərgin, mürəkkəb şəraitdə, Azərbaycana olan müxtəlif təzyiqlərə, təsirlərə müqavimət göstərmək gücündə olan iqtidarın böyük bir qalibiyyətidir. Ona görə ki, beynəlxalq münasibətlər və beynəlxalq iqtisadi əlaqələr Azərbaycanı sanki xüsusi bir sınağa çəkdi və ətrafda, qonşuluqda olan ölkələrin əksəriyyəti bu sınaqlardan çıxa, bu çağırışlara cavab verə bilmədilər".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan nəinki bu sınaqdan çıxa bildi, hətta dünyaya sübut etdi ki, xalqın maraqlarına yüksək səviyyədə xidmət etməklə yanaşı, beynəlxalq əlaqələri, xüsusilə beynəlxalq iqtisadi münasibətləri düzgün istiqamətdə yönəltmək iqtidarındadır: "Biz dərk etməliyik ki, Azərbaycanda gedən proseslər Avropanın sabahını və dünyanın böhrandan çıxmaq istiqamətində cizgilərini birbaşa ehtiva edir".
Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Mərkəzinin rəhbəri, siyasi icmalçı Azər Verdiyev bildirdi ki, "Cənub Qaz Dəhlizi" təkcə Azərbaycan üçün yox, bütün Xəzər, Qara və Aralıq dənizləri ölkələri, ən əsası isə Avropa İttifaqı üçün çox mühüm və strateji layihədir: "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti təkcə 3 min 500 kilometr məsafədə Azərbaycandan İtaliyayadək uzanması deyil, həm də maliyyə baxımından çox nəhəng layihə olmasıdır. Layihəyə təxminən 45 milyard dollar maliyyə vəsaiti qoyulacaq. "Cənub" qaz dəhlizi mühəndislik baxımından çox mürəkkəb layihədir və dörd əsas hissədən - "Şahdəniz-2" , Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG), Trans-Anadolu (TANAP) və "Trans-Adriatik" (TAP) layihələrindən ibarətdir. Bu, bir zəncirdir və həmin layihələr də onun halqalarıdır. Əgər bir layihədə hər hansı gecikmə olarsa, bu, bütün digər layihələrə də təsir edə bilər".
Onun fikrincə, "Cənub Qaz Dəhlizi" Avropada enerjinin şaxələndirilməsi üzrə ilk layihədir və onun icrası nəticəsində qitənin enerji xəritəsi dəyişəcək: "Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Avropa İttifaqının (Aİ) enerji strategiyası üçün həyati əhəmiyyətə malikdir. Xatirinizdədirsə bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Bakıda keçirdiyi brifinqdə də qeyd etmişdi... Enerji amili heç zaman siyasi təşəbbüs və ya siyasi tələb vasitəsi olmalı deyil. Bu barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də öz çıxışında geniş nitq söylədi. O, enerji əməkdaşlığını siyasi formatdan ayırmasının uğurla aparan yeganə yol olduğunu xüsusi olaraq vurğuladı. Hesab edirəm ki, bu çox düzgün yanaşmadır. Dünya tarixinə nəzər salsaq görərik ki, siyasi məqsədlərin enerji təhlükəsizliyinə ancaq ziyanı dəyib. Bu mənada burada ancaq ölkələrin iqtisadi maraqları əsas götürülməlidir. Hesab edirəm ki, bu kimi beynəlxalq iqtisadi layihələrin reallaşması ölkəmizə qarşı münasibəti birmənalı şəkildə müsbətə dəyişir. Eyni zamanda qeyd edim ki, enerji təhlükəsizliyi məsələsi ölkəmizin suverenliyini daha etibarlı şəkildə sığortalamış olur. Lakin qərəzli yazılar hər zaman olub, olacaq da. Sadəcə buna əhəmiyyət verməmək, yeri gələndə isə adekvat cavab vermək lazımdı. Bu istiqamətdə isə vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları ayıq-sayıq olmalıdırlar".
Ekspert deyib ki, Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Avropa İttifaqının (Aİ) enerji strategiyası üçün həyati əhəmiyyətə malikdir: "Burada əsas məsələ iştirakçı ölkələrin üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etməsidir. Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsində əsas investordur. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Bakıda keçirilməsi böyük əhəmiyyət daşıyır. Çünki ötən il ərzində bu strateji layihə üzrə inkişaf əldə edilib. Bu il də qarşıda duran vəzifələrə, xüsusilə də mövcud çətinliklərin aradan qaldırılması yollarına baxılacaq. Burda əsas məsələ ölkəmizin iqtisadi gücünün artırılmasından ibarətdir. Hesab edirəm ki, bu və bu kimi digər irimiqyaslı layihələr birmənalı şəkildə ölkəmizin dünya arenasına çıxışını təmin etmiş olur".
Millət vəkili Tahir Rzayev deyib ki, bu kəmərin çəkilməsi Avropa ölkələrinin qazla təmin olunmasında çox mühüm rol oynayacaq: "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması nəinki Azərbaycan üçün, eyni zamanda Avropa ölkələri, dünya üçün çox əhəmiyyətlidir". Bunu: "Bu, eyni zamanda Azərbaycanın dünyada nüfuzunun artması, söz sahibinə çevrilməsi üçün əhəmiyyətli bir layihədir".
Deputat qeyd edib ki, "Cənub Qaz Dəhlizi" Məşrəvət şurasının hər iki toplantısının məhz Bakıda keçirilməsi Azərbaycanın bu layihənin reallaşmasında həlledici rolunun olmasını bir daha təsdiq edir: "Bu həm də onu göstərir ki, Azərbaycan beynəlxalq miqyasda ciddi iqtisadi-siyasi tərəfdaş kimi böyük nüfuz qazanıb".
T.Rzayev əlavə edib ki, bu layihə Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə yanaşı, ölkə iqtisadiyyatına böyük faydalar gətirəcək: "Bu, eyni zamanda, Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən layihədir. Azərbaycan xalqı uzaq perspektivdə bu layihədən bəhrələnəcək".
Deputat vurğulayıb ki, bu layihə eyni zamanda, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm əhəmiyyətə malikdir: "Layihə Avropanın enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan qaz kəmərlərinin etibarlı mühafizə olunması üçün beynəlxalq aləm regionda sülhün və sabitliyin gücəndirilməsində daha maraqlı olacaq".
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov isə bildirib ki, bu, çox böyük layihədir və dövlət başçısı onun reallaşması üçün ciddi səy göstərib: "Azərbaycan qazının ixracı ilə əlaqədar müəyyən fikirlər var idi. Qonşu dövlət olan Rusiya çox istəyirdi ki, biz qazımızı Avropaya onlar vasitəsi ilə çıxaraq. Başqa bir variant da Azərbaycan qazının Gürcüstan və Türkiyə üzərindən Avropaya nəql edilməsi idi. Nəhayət ki, Azərbaycan dövlət başçısı çox düzgün və önəmli qərar qəbul etdi. O, bununla həm də Azərbaycanın siyasi arenada öz çəkisinin olduğunu bir daha sübuta yetirdi. Beləliklə, Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsi ilə Avropaya çıxarılacağı elan edildi. Əlbəttə, qazın ixracı Azərbaycan üçün iqtisadi cəhətdən çox əhəmiyyətlidir. Amma bu məsələlərin Azərbaycanın siyasəti üçün də önəmi böyükdür. Bilirsiniz ki, iri şirkətlər qaz kəmərinin çəkilişində iştirak edəcək. Belə şirkətlər isə harada fəaliyyət göstərirlərsə, orada sabitlik olur. Bu, çox mühüm məqamdır".
Millət vəkili sözügedən layihəni "21-ci əsrin kontraktı" adlandırdığını da söylədi. Onun fikrincə, gedən danışıqlarda, imzalanan bəyannamələrdə ilk olaraq, Azərbaycan müstəqilliyi, öz sözünü deməsi diqqət çəkir və bu, ölkə adına çox əhəmiyyətlidir: "Daha sonra, Adriatik dənizi vasitəsi ilə TAP layihəsi həyata keçiriləcək. Bu da Azərbaycan qazının daha çox ölkəyə satılmasına səbəb olacaq, qazımızın Şərqi Avropa dövlətlərinə ixracına şərait yaradacaq. Düzdür, layihə ilə əlaqədar bizə təhdidlər, təzyiqlər olacağını gözləyirəm. Amma önəmli olan layihəyə böyük maraq göstərilməsidir. Son vaxtlar İran dövləti də bu layihə ilə maraqlanır. Düşünürəm ki, İran qazının da bu xətlə ixracı mümkün ola bilər. İran üzərindən sanksiyaların götürülməsi, prezidentin bu yaxınlarda İrana reallaşdırdığı səfəri, imzalanan müqavilələr bu mövzuda perspektiv vəd edir. Göründüyü kimi, dövlət başçısının yürütdüyü siyasətin doğru olduğu bir daha məlum oldu. Bu layihə Azərbaycanın regionda və dünyada artan nüfuzuna da müsbət təsir göstərəcək. Bilirsiniz ki, qaz Avropa üçün əhəmiyyətli məsələdir. Çünki Avropa dövlətləri Rusiyadan asılıdırlar. Ona görə də аlternativ boru kəməri axtarırdılar. Bu layihəni isə ABŞ başda olmaqla, Böyük Britaniya və digər böyük dövlətlər hamısı dəstəkləyirlər".

Əli