“Digər dövlətin qanunu olduğu kimi tərcümə etmək olmaz” İqtisadiyyat

“Digər dövlətin qanunu olduğu kimi tərcümə etmək olmaz”

Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi: "Qanunu biz başa düşmürüksə, Apellyasiya Şurasına müraciət edən sahibkarları necə başa salacağıq?"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" qanun layihəsinin müzakirəsi zamanı sənədin yenidən işlənməsi ilə bağlı işçi qrupun yaradılması təklif edilib.
Bu təkliflə millət vəkili Vahid Əhmədov çıxış edib.
Qanun layihəsinin dilinin qəliz olduğunu vurğulayan Vahid Əhmədov sənədin sadə, anlaşılan tərzdə yazılmasının vacib olduğunu deyib: "Qanun layihəsinin dili başa düşülən deyil. Mən özüm bu layihəni iki dəfə oxumuşam. Başa düşürəm ki, qanun layihəsi köçürülüb. Amma elə köçürün ki, biz də başa düşək. Bu qanunun məqsədi yerli istehsalın qorunmasıdır. Azərbaycanda dempinqə məruz qalan məhsullar hansılardır? Bunların siyahısı varmı? Bu məhsulların siyahısı hazırlanmalıdır. Mən bu qanunun qəbulunun tərəfdarıyam. Amma indiki halda ikinci oxunuşa çıxmasının tərəfdarı deyiləm. Qanun layihəsində bəzi məsələlərin konkretləşdirilməsinə ehtiyac var. Dempinq halı necə müəyyən olunacaq? Biz hər hansı dövlətə dempinqlə bağlı irad bildirsək, bunu sübut etməliyik. Əks təqdirdə bizi məhkəməyə verə bilərlər. Antidempinqi müəyyənləşdirmək üçün mütəxəssislərimiz varmı? Bunun üçün mütləq xarici dövlətlərlə, şirkətlərlə işləyən mütəxəssislər olmalıdır. Antidempinq, mühafizə, kompensasiya tədbirləri daha konkret göstərilməlidir. Bu qanun layihəsinin üzərində ciddi işlər getməlidir".
Millət vəkili Tahir Mirkişili qeyd edib ki, bu qanunun tətbiqi bir çox ölkələrdə mübahisələrə səbəb olur: "Buna görə, dempinq faktını müəyyənləşdirmək uzun proses tələb edir. Bu prosesin uzanması isə yerli sahibkarla birlikdə xarici investorları da narahat edə bilər. Bunun üçün qanun kifayət qədər sadə olmalıdır. Qanunun mahiyyəti özü tələb edir ki, buradakı müddəalar detallı və aydın yazılmalıdır".
Millət vəkili İlham Əliyev isə qeyd edib ki, ölkədə yerli istehsalın qorunmasına ehtiyac var: "Türkiyədə yerli məhsul satılmayana qədər, həmin məhsul idxal edilmir. Yerli fermerin istehsal etdiyi məhsul satılıb qurtarandan sonra xaricdən idxala icazə verilir. Məndə olan məlumata görə, təmsil etdiyim şimal bölgəsində soyuducu anbarlara 3 min ton alma tədarük edilib. Bu, yeni məhsul çıxana qədər əhalinin tələbatını ödəməyə imkan verir. Buna baxmayaraq, ölkəmizə Polşadan alma idxal olunur. Polşadan əgər su qiymətinə məhsul bazara daxil olursa, yerli fermerlər məhsullarını necə və hansı qiymətə satsın?! Kənd Təsərrüfatı Nazirliyi bu məsələləri tənzimləməlidir, hesablamalar aparmalıdır ki, ölkədə hər məhsul üzrə nə qədər tədarük var və hansı müddətədək kifayət edəcək. Bu məlumatlarıDövlət Gömrük Komitəsinə məlumat verməlidir. Bundan sonra Dövlət Gömrük Komitəsi həmin məhsulların idxalına icazə verməlidir".
Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov isə qeyd edib ki, 2012-ci ildən başlayaraq, bu qanun layihəsi üzərində iş gedir: "Amma hansı iş gedir?! Tək bir qurumla iş alınmaz. Burada nəyə istinad edilir? Azərbaycan Respublikasının Konstitusiyası, Gömrük Məcəlləsi, "Gömrük tarifləri haqqında" qanunun müddəalarına... Cənab prezident "Gömrük tarifi haqqında" qanunun tətbiqi barədə 2012-ci ildə imzaladığı fərmanda Nazirlər Kabinetinə "Gömrük tarifi haqqında" qanunun 6.5-ci maddəsinə uyğun olaraq xüsusi, andidepminq və kompensasiya rüsumlarının formalaşdırılması və tətbiqi qaydasını tənzimləyən müvafiq qanun layihəsini hazırlayıb ölkə başçısına təqdim etmək tapşırılıb. 2012-ci ildən başlayaraq, 2015-ci il də daxil olmaqla, komitə rəhbərliyi adından dəfələrlə rəylər yazılıb. Təkcə 2014-cü ildə 14 rəy yazmışıq. Bu rəy nəzərə alınmır. Səbəbi isə yoxdur. Bilirsiniz, dempinqli rüsumların tətbiqi bütün ölkələrdə var. Amma baxaq görək, bu məhsullar hansılardır? Bunun araşdırılması, mexanizmi necə aparılacaq? Mən illərlə sizinlə bərabər iqtisadiyyat blokuna daxil olan qanunların müzakirəsində iştirak etmişəm. Bu qanunu mən dəfələrlə oxumuşam. Bu qanun anlaşılan deyil. Çox qəliz yazılıb, təkrarlar çoxdur. Elə dövrdür ki, xarici iqtisadi fəaliyyət iştirakçıları, rezident və qeyri-rezidentlər Azərbaycan qanunvericiliyi ilə maraqlanır və öyrənmək istəyirlər. Rezident bu cür qanunları necə başa düşəcək? Digər dövlətin qanunu olduğu kimi tərcümə etmək olmaz. Bir-birini inkar edən məqamlar var. Qanunu biz başa düşmürüksə, Apellyasiya Şurasına müraciət edən sahibkarları necə başa salacağıq?"
Mirqasım Vahabov əlavə edib ki, yeni qanun layihəsində antidempinq tədbirləri ilə bağlı araşdırma orqanının fəaliyyəti konkret göstərilməyib.
İqtisadiyyat Nazirliyinin şöbə müdiri Bəxtiyar Alışov isə qeyd edib ki, qanun layihəsi hazırlanarkən başqa dövlətin qanunvericiliyindən köçürülməyib. O, qanunun qəliz olmasını layihənin Ümumdünya Ticarət Təşkilatının 3 sazişə uyğunlaşdırılması ilə əlaqələndirib.
Qeyd edək ki, qanun layihəsi II oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib. Buna baxmayaraq, millət vəkillərinin təklifi ilə yaradılacaq İşçi qrupu qanun layihəsinin üzərində yenidən işləyəcək.