Paşinyanın "Real Ermənistan" kursu nəyə xidmət edir? Siyasət

Paşinyanın "Real Ermənistan" kursu nəyə xidmət edir?

Paşinyanın “Real Ermənistan” kursu: Sülh, inteqrasiya və Rusiyadan asılılığın azaldılması istiqamətində yeni mərhələ

Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlərdə səsləndirdiyi mesajlar ölkənin gələcək siyasi xəttində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Onun irəli sürdüyü “Real Ermənistan” konsepsiyası, uzun illər regionda hökm sürən qarşıdurma və asılılıq siyasətindən uzaq, daha praqmatik və müstəqil bir istiqamətə keçidi ehtiva edir. Bu yanaşma həm Ermənistanın daxili sabitliyinə, həm də Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivlərinin güclənməsinə xidmət edir. Ekspertlər hesab edirlər ki, yeni konsepsiyanın həyata keçirilməsi yalnız Ermənistan üçün deyil, bütövlükdə regionun təhlükəsizlik balansı və iqtisadi inteqrasiyası baxımından da strateji əhəmiyyət daşıyır.

Movzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu ilə həmsöhbət olduq.

Oxu24.com həmin müsahibəni təqdim edir:

– Əli bəy, “Qarabağsız Ermənistan” və “Real Ermənistan” konsepsiyası Ermənistanın siyasətini və Rusiyanın təsirini necə dəyişdirə bilər?

– Ermənistanın baş naziri Nikol Paşinyan son çıxışında bir sıra vacib məsələlərə toxundu. Paşinyan bildirdi ki, Ermənistan cəmiyyətində Azərbaycan türklərinə qarşı yanlış təsəvvür formalaşdırılıb və bu, KQB tərəfindən həyata keçirilib. Azərbaycan türkləri ilə bağlı düşmənçilik təsəvvürü yaradılmaqla uzun illər ərzində Ermənistan cəmiyyəti yanlış yöndə istiqamətləndirilib. Əslində, Paşinyan bu mesajları ilə çox ciddi məsələyə toxundu və bu da onu deməyə əsas verir ki, Paşinyan “Real Ermənistan” konsepsiyası ilə bağlı prinsipial siyasət yürütməkdə qərarlıdır.

Paşinyanın son zamanlar yürütdüyü siyasət ümumilikdə, Azərbaycan-Ermənistan arasında sülh prosesinin müsbət inkişafına xidmət edir. O, ölkəni regional əməkdaşlığa açmaq və Rusiyanın təsirindən çıxarmaq üçün addımlar atır. Bu, həm də Ermənistanın Avropa bazarlarına çıxış imkanlarının yaranması deməkdir.

Lakin bu siyasət daxildə ciddi müqavimətlə qarşılaşır. Ermənistan daxilində hələ də kilsə və onun dəstəklədiyi revanşistlər mövcuddur. Onlar Paşinyanın normallaşma kursunu təhlükə kimi görür və müxtəlif üsullarla qarşısını almağa çalışırlar.

Bununla belə, Ermənistan rəhbərliyi anlayır ki, regionda qalıcı sülh və iqtisadi dirçəliş yalnız qonşu dövlətlərlə münasibətlərin normallaşması ilə mümkündür. Azərbaycanla sülh sazişinin imzalanması və sərhədlərin demarkasiyası prosesi də bu istiqamətdə mühüm addımdır.

Paşinyanın “Real Ermənistan” konsepsiyası əslində onun yeni dönəm üçün müəyyənləşdirdiyi milli strategiyadır. Bu strategiya Ermənistanın həm siyasi müstəqilliyini qorumağa, həm də regional inteqrasiyada iştirakına yönəlib.

– Yəni, sizcə, bu konsepsiya regionda yeni siyasi reallığın əsasını qoya bilərmi?

– Bəli. Çünki Ermənistan hökuməti artıq anlayır ki, uzunmüddətli qarşıdurma nə iqtisadi, nə siyasi, nə də təhlükəsizlik baxımından Ermənistanın maraqlarına cavan vermir. Regionun gələcəyi əməkdaşlıq, iqtisadi açılım və qarşılıqlı etimad üzərində qurulmalıdır.

Bu baxımdan “Real Ermənistan” modeli, əgər ardıcıl şəkildə həyata keçirilsə, həm Ermənistanın özündə islahatların dərinləşməsinə, həm də Cənubi Qafqazda sülhün möhkəmlənməsinə gətirib çıxara bilər...