“İqtisadi Amnistiya ilə bağlı fərman çox önəmlidir” İqtisadiyyat

“İqtisadi Amnistiya ilə bağlı fərman çox önəmlidir”

Vahid Əhmədov: "Bu amnistiya Azərbaycanda iqtisadiyyatın inkişafına müəyyən müsbət təsirlərini göstərəcək"

Prezident İlham Əliyevin Cinayət Məcəlləsində edilən dəyişiklikləri təsdiqləməsi ilə iyunun 1-dən etibarən Azərbaycanda qanunsuz sahibkarlıqla məşğul olan şəxslər cərimə ödəməklə məsuliyyətdən azad olunacaqlar.
Belə ki, yeni Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsinə əlavə edilən qeyd bölməsində göstərilir ki, bu Məcəllənin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törədən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə cinayət məsuliyyətindən azad olunur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bu dəyişikliyi müsbət qiymətləndirdiyini deyib: "Cənab Prezidentin İqtisadi Amnistiya ilə bağlı imzaladığı fərman çox önəmlidir. Bu amnistiya Azərbaycanda iqtisadiyyatın inkişafına müəyyən müsbət təsirlərini göstərəcək. Son zamanlar Azərbaycanda aparılan islahatlar, sərəncamlar göstərir ki, ümumiyyətlə iqtisadi amnistiyanın bir hissəsi olaraq öz təsirlərini göstərir". Parlament üzvü maliyyə amnistiyasının verilməsinin daha da müsbət nəticələrə səbəb olacağını deyib: "İqtisadi amnistiyanın ardınca maliyyə amnistiya verilsəydi, bu daha çox müsbət təsirlərini göstərərdi. Çünki, uzun müddətdir ki, maliyyə amnistiyasının verilməsi müzakirə və mübarizə obyektidir. Hesab edirəm ki, yaxınlarda maliyyə amnistiyasının da vaxtı çatacaq. Maliyyə amnistiyasının verilməsi daha çox Azərbaycan dövlətinin indiki vəziyyətinə lazımdır ki, xaricdə külli miqdarda olan "çirkli pullar"ı ölkəyə gətirə bilsinlər. Məhz həmin vəsaitlər Azərbaycanda qeyri-neft sektorunun inkişafında müstəsna rol oynaya bilər. Ümumiyyətlə, Azərbaycanda maliyyə amnistiyasının verilməsilə əlaqədar Milli Məclisdə də bir neçə dəfə məsələ qaldırılıb. Şəxslərin o vəsaiti necə, nə cür, hansı şəraitdə qazanmalarından asılı olmayaraq onların Azərbaycana gətirilməsi vacibdir. Hansı ki, külli miqdarda vəsaitlər xarici banklarda saxlanılır. Dünyada gedən qlobal iqtisadi böhranın qarşısında, neftin qiymətinin ucuzlaşması şəraitində maliyyənin Azərbaycana gətirilib istifadə olunmasına ehtiyac var. İnsanlar müəyyən səbəblərdən, qorxudan, çəkindiklərindən həmin vəsaitlərdən istifadə edə bilmir və həmin məbləğlər banklarda yatır. Yaxşı olardı ki, maliyyə amnistiyası ilə onların Azərbaycana gətirilməsi, qanun çərçivəsində istifadəsi mümkün olsun. Bu çox vacib məsələlərdən biridir. Hesab edirəm ki, maliyyə amnistiyası hazıki maliyyə çatışmazlığının qarşısını almaqda müstəsna xidmətləri olacaq".
Xatırladaq ki, hazırda qanunsuz sahibkarlıqla məşğul olan şəxs cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Cinayət Məcəlləsinin qəbulundan artıq 16 il keçib.
Bu müddət ərzində Azərbaycan iqtisadiyyatının inkişafı və baş verən digər iqtisadi proseslər nəticəsində dövriyyədə olan məhsulların, xidmətlərin dəyəri və insanların gəlirləri bir neçə dəfə artıb. Buna baxmayaraq, məsuliyyətin yaranmasına səbəb olan məbləğlər bu dövr ərzində Cinayət Məcəlləsində artırılmayıb.
Cinayət Məcəlləsində məsuliyyət müəyyən edən həmin məbləğlərin dəyişməməsi hal-hazırda ictimai təhlükə törətməyən əməllərə görə bir çox sahibkarların cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb olurdu. Bunun qarşısını almaq üçün Cinayət Məcəlləsində nəzərdə tutulmuş həmin məbləğlər artırılıb.
Belə ki, əvvəllər vergi və gömrük rüsumlarından2000 manat məbləğində yayınan sahibkarlar cinayət məsuliyyətinə cəlb edilirdi. Yeni qanun qüvvəyə mindikdən sonra cinayət məsuliyyəti yaradan hədd 10 dəfə artırılaraq həmin məbləğ 20.000 manat olub. Yəni 20.000 manata qədər vergi və gömrük rüsumlarından yayınan şəxslər artıq cinayət məsuliyyətinə deyil inzibati məsuliyyətə cəlb ediləcəklər. Bu da həmin məbləğə qədər olan əməllərin dekiriminallaşdırılması deməkdir.
Rəqəmlərə gəlincə, iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində cinayət məsuliyyəti yaradan hədd 1000 manat müəyyən edilirdi. Dəyişikliklə həmin məbləğ 20 dəfə artırılaraq 20.000 manat olub. Bu da həmin məbləğə qədər olan hissədə əməllərin dekriminallaşdırılması deməkdir.
0Başqa bir dəyişikliyə əsasən, ilk dəfə böyük ictimai təhlükə törətməyən qanunsuz sahibkarlıq və ya yalançı sahibkarlıq cinayətlərini törətmiş şəxslər əldə etdikləri qanunsuz gəliri və ya vurduqları ziyanı dövlət büdcəsinə tamamilə ödədikdə məsuliyyətdən azad ediləcək.
Bu dəyişiklik nəticəsində ümumilikdə 24 maddədə sahibkarların məsuliyyəti yüngülləşdirilir.
Dekriminallaşan əməllərə görə bu Qanun qüvvəyə minənədək məhkum edilmiş və hazırda cəzasını çəkən şəxslər cəzadan azad olunurlar. Onlar, habelə bu Qanunla cinayət hesab olunmayan əməllərə görə əvvəllər məhkum edilmiş və cəzasını çəkmiş şəxslər məhkumluğu olmayan hesab edilirlər.
Dəyişiklik iyunun 1-dən qüvvəyə minir.