Rəsmi işsizlər... İqtisadiyyat

Rəsmi işsizlər...

Onların 37 min nəfər göstərilsə də, iş tapa bilməyənlərin sayı 250 min nəfərdən çoxdur

Tərlan

Bu il aprelin 1-nə olan ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4,766 milyon nəfər olub, onlardan 4,5 milyonunu iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. APA-nın Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il martın 1-nə muzdla işləyənlərin sayı 1,494 milyon nəfər, o cümlədən iqtisadiyyatın dövlət bölməsində 898,1 min nəfər, qeyri-dövlət bölməsində isə 596 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 35,2 min nəfər, qeyri-neft sektorunda isə 1,5 milyon nəfər çalışıb. Muzdla işləyənlərin tərkibində qeyri-kənd təsərrüfatı sahəsində əmək fəaliyyəti ilə məşğul olanlar 1,451 milyon nəfər təşkil edib.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,8%-i məhsul istehsalı sahələrində, onlardan 6,5%-i tikintidə, 6,2%-i emal sənayesində, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 2,4%-i mədənçıxarma sənayesində, 2,1%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində, 1,7%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində məşğul olublar.
Xidmət sahəsində çalışanların 22,7%-i təhsil, 18,8%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 3,7%-i peşə, elmi və texniki fəaliyyət, 2,0%-i maliyyə və sığorta fəaliyyəti, 1,8%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi və 0,8%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində cəmlənib.
Bu il aprelin 1-nə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,8 min nəfər olub, onların 41%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 246 manat olub.
Əslində Azərbaycanda rəsmi qeydiyyatda olan işsizlərin sayı 37 min nəfər olsa da, qeyri-rəsmi işsizlərin sayı bundan dəfələrlə çoxdur. Hələ iki il qabaq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev deyirdi ki, Azərbaycanda işsiz vətəndaşların sayı 250 min nəfərdən çoxdur. Onun sözlərinə görə, Ermənistanın Azərbaycana təcavüzü işsiz gənclərin sayının artmasına səbəb olub. İşğal nəticəsində Azərbaycan vətəndaşlarının 300 mini iş yerindən məhrum olub. Azərbaycanda gənclərin sayı sürətlə artır, əhalinin 35 faizi 16-35 yaş olan gənclərdir. Ölkədə iqtisadi fəal əhalinin 27 faizini, məşğul əhalinin isə 25,5 faizini gənclər təşkil edir. Konfederasiya sədrinin MDB ölkələrindəki işsizlik vəziyyəti barədə sözlərinə görə, bir çox ölkələrdə gənclər arasında işsizlik yaşlılara nisbətən 2-3 dəfə çoxdur, bəzi MDB ölkələrində isə işsizlərin ümumi sayının 40 faizini gənclər təşkil edir.
250 min nəfər iqtisadi fəal əhalinin 5,5%-i deməkdir. Hazırda məşğulluq haqqında qüvvədə olan qanun mövcud reallıqları özündə əks etdirmir. Sanki bu qanunda əsas məqsəd işsizlərin sayını tam rəsmiləşdirməmək və daha az sayda işsizi qeydiyyata almaqdır. Ölkədə 37 min rəsmi işsizin olması o deməkdir ki, Azərbaycanda əhalinin cəmi 0,6%-i işsizdir. Əgər doğrudan da belə olsaydı, onda bu rəqəm dünyada ən yaxşı göstərici olardı. Çünki əksər inkişaf etmiş Avropa ölkələrində işsizlik səviyyəsi 8-17% arasında dəyişir. Onlarla müqayisədə belə çıxır ki, guya Azərbaycanda işsizlik problemi yoxdur. Amma əksinə, Azərbaycanda faktiki işsizlik səviyyəsi yüksəkdir. 1 milyon işsiz adam əhalinin 13%-i deməkdir. İşsizliyin tam rəsmiləşdirilməsi üçün isə məşğulluq haqqında qüvvədə olan qanun mövcud reallıqlara uyğunlaşdırılmalıdır. Bu halda daha dəqiq rəqəm söyləmək mümküdür. Həqiqəti ortaya çıxarmaq mümkün olsa, halda işsizlik səviyyəsi yüksək olacaq. Bu zaman işsizlik problemi həm rəsmən tanınmış olar, həm də hökumət onlara müavinət vermək, belələrini işlə təmin etmək məcburiyyətində qalar. Ona görə də məşğulluq haqqında mövcud qanun elə yazılıb ki, o bütün işsizləri rəsmiləşdirə bilmir. Hətta böhranla əlaqədar 37 min işsizin bir hissəsinə verilən müavinəti də kəsiblər. Bir sözlə, işsiz və yoxsul insan öz başına çarə qılmalıdır. Amma digər tərəfdən də, hökumət özü deyir edir ki, əhalinin 5-7%-i yoxsuldur. Elə bu rəqəmin özü təsdiq edir ki, işsizlərin sayı çoxdur. Əks halda əhalinin bu qədər hissəsi yoxsul olmazdı. Hökumət ali təhsilli işsizə də bəzən normal iş yeri təklif edə bilmir. Əslində yüz minlərlə bekar adamlar işsiz kimi rəsmi olaraq dövlət məşğulluq idarələrinə müraciət etmirlər. Çünki məşğulluq idarələri onların heç bir problemini həll edə bilmir. Belə ki, həmin idarələr vətəndaşları işlə təmin etmək gücündə deyillər. Habelə müavinətin həcmi azdır. İşsiz olduğunu sübut etmək üçün vətəndaşdan yerli-yersiz xeyli sənəd tələb olunur. Müavinətə görə isə sənədlər yığını toplayıb məşğulluq idarələrinə müraciət etmək mənasızdır.
Çıxış yolu isə ondadır ki, işsizlik qeyri-neft sektorunun və azad sahibkarlığın inkişafı hesabına həll olunsun. İndiki halda iqtisadiyyatın bir tərəfli inkişafı, yəni onun ancaq neft sektoru üzərində qurulması iş yeri problemini həll etmir. Ona görə də qeyri-neft sektorunun (kənd təsərrüfatı, sənaye, rabitə, nəqliyyat, turizm) və sahibkarlığın, özəl sektorun inkişafına nail olmaq lazımdır. Ölkədə bundan sonrakı iqtisadi artım, işsizliyin azaldılması, yoxsulluğun aradan qaldırılması isə məhz sahibkarlığın inkişafından və milli sahibkarlar təbqəsinin formalaşmasından asılıdır.
Hökumət "Yoxsulluğun ixtisarı və iqtisadi inkişaf" proqramını həyata keçirsə də, hələ yaxın bir neçə il ərzində ölkədə işsizlik probleminin kəskin olaraq qalacağı gözlənilir. Bunlarla belə, xarici şirkətlərin Azərbaycanda yerli vətəndaşlardan ucuz işçi qüvvəsi kimi istifadə etməsi, özləri ilə müqayisədə onlara dəfələrlə aşağı əmək haqqı vermələri, işçiləri əsassız yerə işdən çıxarmaları və digər yollarla yerli vətəndaşların hüquqlarının pozulması kimi hallar da qalmaqdadır. Ən ciddi problem ondadır ki, iqtisadiyyatın inkişafında ölkənin bölgələriylə paytaxt arasında böyük disbalans yaranıb, tarazlıq pozulub. İnkişaf neft sektorunda, Bakı və Abşeron iqtisadi rayonunda gedir. Regionlarda isə ciddi işsizlik problemi var. Bir neçə rayonu çıxmaq şərti ilə əhali hələ də iş dalınca bölgələrdən Bakıya axışır və xarici ölkələrə üz tutur. Deməli, bu vəziyyətdən çıxmaq üçün hökumət investisiyaları daha çox rayonlarda istehsal sahibkarlığının və emal sənayesinin inkişafına yönəltməlidir. Belədə işsizlər üçün də yeni iş yerləri yaranar.