Bakıda Xəzər Enerji Forumu İqtisadiyyat

Bakıda Xəzər Enerji Forumu

"Avropanın ABŞ və Xəzər qazına da tələbatı var"
ABŞ Azərbaycana Xəzərdə əlavə yataqlar üzrə axtarışların aparılmasını təklif edir

Tərlan

Xəzər regionunda mövcud olan qaz ehtiyatları dünyanın qaz ehtiyatlarının 7-11%, neft ehtiyatları isə 4-6%-ni təşkil edir. APA-nın məlumatına görə, bunu dünən Bakıda keçirilən I Xəzər Enerji Forumunda Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, bu gün Xəzər regionundakı resurslarının 1,4%-i istehlak olunur: "Bu da onu deməyə əsas verir ki, regionun ixrac potensialı kifayət qədədir. Bu gün dünyanı çox ciddi narahat edən problemlərdən biri enerji problemidir. Bu problemin aradan qaldırılması üçün dünyanın böyük dövlətləri çarələr axtarmağa başlayıb".
"Hesablamalara görə, Xəzər regionunda 2035-ci ilə qədər enerji ehtiyatları var və yeni kəşflərdə gözlənilir. Yeni neft-qaz ehtiyatlarının kəşfi sahəsində 2035 ilə qədər ehtiyatların 2 dəfə artımı gözlənilir. Nəticədə ölkəmizin əhəmiyyəti artacaq və bu ölkəmizin gələcəyi naminə istifadə olunacaq", - deyə N. Əliyev əlavə edib.
Nazir deyib ki, son 5 ildə Azərbaycanın enerji gücü 30% yenilənib. Azərbaycan öz enerji problemlərini həll etməklə yanaşı xaricə də enerji ixrac edir: "Enerji resursları istehsal edən ölkə həmişə neft və qaz məhsullarını ucuz qiymətə ixrac edir. Avropa İttifaqı bu sahədə olan problemlərin həlli yollarını tapmaq üçün təklif etdi ki, yeni enerji mənbələri axtarıb tapmaq lazımdır. Bu mənbə isə Xəzər regionudur. Bu bölgə Avropa İttifaqı ilə sıx əlaqədə işləyir. Azərbaycan dövlətinin iqtisadi siyasətini nəticəsində Xəzərdən Şərqi Avropaya qədər yeni enerji dəhlizi formalaşmağa başlayıb. Bu dəhlizə isə 50 milyard dollarlıq sərmayənin qoyulması nəzərdə tutulub. Bununla əlaqədar nəhəng layihələr həyata keçiriləcək. Bunun üçün ölkə Prezidenti İqtisadi komissiya yaradıb və həmin komissiya artıq fəaliyyətə başlayıb".
"Azərbaycanda mənfəət neftinin hasilatı ilbəil artır". I Xəzər Enerji Forumunda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, Bakı-Tbilisi-Ceyhan kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tona bərabərdir: "Gələcəkdə bu rəqəmi 60 milyon tona çatdırmaq olar". "Şahdəniz" yatağından da danışan ARDNŞ rəsmisi bildirib ki, adıçəkilən yataqda 1,2 trilyon kubmetr qaz ehtiyatı mövcuddur. "Şahdəniz" yatağından ümumilikdə 50 milyard kubmetr qaz hasil edilib", - deyə o əlavə edib.
"Trans-Adriatik" (TAP) əsas boru kəməri layihəsi üzərində işlərin davam etdirildiyini də bildirən X. Yusifzadə adıçəkilən kəmərin 2018-ci ildə istifadəyə veriləcəyini vurğulayıb.
"Şahdəniz-2" layihəsinin investisiya müqaviləsinin imzalanması ilə iş bitmiş hesab olunmamalıdır. Əksinə, bundan sonra bizi daha böyük işlər gözləyir. Biz bu istiqamətdə Azərbaycanla işləməkdən çox şadıq. Bundan sonra Azərbaycan diqqətini Xəzərdə əlavə yataqların da axtarışlarına yönəltməlidir". Bakında keçirilən I Beynəlxalq Xəzər Enerji Forumundakı çıxışında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, Azərbaycan üçün beynəlxalq tərəfdaşlıq olduqca mühüm məsələlərdən biridir: "Yeni layihələrdə də, yeni yataqların aşkar edilməsində də beynəlxalq tərəfdaşlıq vacib amillərdəndir. Məsələn, BTC layihənin uğurları məhz beynəlxalq tərəfdaşlıqdan irəli gəlib".
Amerikalı diplomatın fikrincə, Azərbaycan enerji məsələlərində 3 meyarı əsas götürməlidir: "Birincisi, yeni layihələrdə seçilmiş şirkətlər hökumət tərəfindən dəstəklənməlidir. Həmçinin cəlb edilən şirkətlər də öz hökumətlərindən dəstək almalı və Azərbaycana beynəlxalq bazara çıxmaq üçün kömək etməlidir. İkincisi, yeni layihələrdə texniki məsələlər də yer alır ki, beynəlxalq şirkətlər müasir texnikadan istifadə etmək imkanına malik olmalıdır. Üçüncüsü, bu layihələr olduqca bahalıdır. Ona görə də bu məsələdə beynəlxalq tərəfdaşlıq olmalıdır".
Səfir əlavə edib ki, Azərbaycanın yeni layihələrə ABŞ və digər ölkələrin şirkətlərini cəlb edəcəyinə ümid edir.
"Azərbaycan hidrokarbon ehtiyatları ilə zəngin ölkədir. Ölkədə çox yaxşı günəş, külək resursları var. Elə Bakı da küləklər şəhəridir. Hesab edirəm ki, Azərbaycan alternativ enerji mənbələri üzərində işləməlidir". Hər bir ölkənin alternativ enerji üzərində işləməli olduğunu söyləyən ABŞ-ın səfir bildirib ki, enerji resursları şaxələndirilməlidir, bundan başqa, atmosferə atılan karbondioksid tullantılarının həcmi də azaldılmalıdır: "Kommersiya baxımından bu sahə olduqca sərfəlidir. Enerji molekuluna alternativ enerji əlavə etsəniz, qazın miqdarını da artıra biləcəksiniz. Bu da bazara daha çox qaz ixrac etməyə imkan verəcək". Diplomat hesab edir ki, ABŞ, Azərbaycan və digər ölkələr bu istiqamətdə birgə işləməlidir. Səfir Amerikanın Avropaya qaz ixracına məsələsinə toxunub. O, qeyd edib ki, bununla bağlı ABŞ prezidenti Barak Obama da çıxıb edib: "Amerika qazını Avropaya göndərməyi gözləyir. Lakin bunun üçün öncə lisenziya alınmalıdır. Hərçənd bütün bunların Azərbaycana təsir edəcəyini düşünmürük. Çünki biz enerji mənbələrini şaxələndirməliyik. Amerika qazına da, Xəzər qazına da tələbat var".
Ötən ilin sonunda Bakıda "Şahdəniz-2" layihəsi üzrə yekun investisiya qərarının imzalanması Azərbaycan və Gürcüstan ərazisi ilə Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Türkiyə ərazisindən keçən Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP), həmçinin Yunanıstan və Albaniyadan keçərək İtaliyaya uzanan Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi ilə bağlı planların gerçəkləşməsinə təkan verəcək.
TAP layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunacaq təbii qazın Avropaya nəql edilməsini nəzərdə tutur. Boru kəmərinin uzunluğu təxminən 870 km-dir. Kəmər Yunanıstan, Albaniya və Adriatik dənizi keçərək İtaliyaya çıxışı təmin edəcək. TAP-ın səhmdarları BP ( 20%), ARDNŞ (20%), "Statoil" (20%), "Fluxys" (16%) , "Total" (10%), "E.ON" (9%) və "Axpo" (5%) şirkətləridir.
Bu layihələr birlikdə, həmçinin qazı Bolqarıstana ötürəcək infrastruktur, Avropaya yeni bir Cənub Qaz Dəhlizi açacaq. "BP-Azerbayjan" şirkətinin yaydığı məlumata görə, "Şahdəniz" layihəsi çərçivəsində dənizdə 26 sualtı quyunun qazılması və tamamlanması, həmçinin körpü ilə birləşdiriləcək iki platformanın tikintisi, quruda isə Səngəçalda yeni texniki emal və kompressiya qurğularının tikintisini nəzərdə tutur.
"Şahdəniz-2" və CQBK-nin genişləndirilməsi layihələrinin ümumi dəyəri təxminən 28 mlrd. dollar təşkil edəcək. "Şahdəniz" yatağından hasil ediləcək ildə 16 mlrd. kubmetr qaz təxminən 3500 km məsafəyə nəql edilərək Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan və İtaliyadakı milyonlarla istehlakçını enerji ilə təmin edəcək. İlk qaz Gürcüstan və Türkiyəyə satılmaqla 2018-ci ilin sonlarına nəzərdə tutulur, Avropaya isə qazın bundan təxminən bir il sonra çatdırılacağı planlaşdırılır.