“Dollarlaşma səviyyəsi 90 faizə yaxınlaşıb” İqtisadiyyat

“Dollarlaşma səviyyəsi 90 faizə yaxınlaşıb”

Manatın məzənnəsi yenə də gündəmdədir. Yanvarın 10-da keçirilən hərracda manatın dollara nisbətən məzənnəsi dəyişməyib. İqtisadçı Vüqar Bayramov məsələnin aktuallığını nəzərə alaraq geniş şərh verib.
Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri, o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka 7.5 milyard manatlıq transferi manatı məzənnəsinə necə təsir göstərəcək?
Vüqar Bayramov bildirib ki, Dövlət Neft Fondunun 2017-ci il üçün xərcləmələri 14 milyard 483 milyon manat təsdiq edilib: "Bunun təxminən 700 milyon manata yaxın hissəsi birbaşa valyuta formasında ödəniləcək xərclərdir. Bu isə o deməkdir ki, əgər fond öhədliklərinə əməl edərsə, o cümlədən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə milli valyutaya çevrilərsə o zaman 13.8 milyard manata yaxın pulu il ərzində hərraclar vasitəsi ilə almalıdır.
Bu isə indiki rəsmi və ya hərrac məzənnəsi ilə 7 milyard 750 milyon dollar satış deməkdir. Nəticədə, Fond öz öhdəliklərinə əməl edə bilərsə, o zaman 2017-ci ildə hər ay orta hesabla 645 milyon dolları hərraca çıxaracaq. Qeyd edim ki, 2016-cı ildə fondun hərraclarda satdığı valyutanın aylıq orta məbləği 408 milyon dollar olub. Deməli, əgər fond öhdəliklərinə tam əməl edərsə, və makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də hərraclar vasitəsi ilə manata çevrilərsə, o zaman aylıq olaraq 2017-ci ildə əvvəlki il ilə müqayisədə 237 milyon dollar daha çox valyuta hərracda satıla bilər".
Ekspert deyib ki, 2016-cı ilin yanvarında pul bazasının 5,786 milyard manatdan ötən ilin noyabrında 7,448 milyon manata yüksəlib:
"30 faizə yaxın artan pul bazası özünü eyni zamanda milli valyutanın rəsmi kursunda 15 faizlik azalma ilə müşahidə edilib. Deməli, pul bazasının artması fonunda ötən il manatın məzənnəsində də azalmalar qeydə alınıb. Bu isə o deməkdir ki, indi 1 dollar ilə hətta 2016-cı il illə müqayisədə daha çox manatı dövriyyədən çıxarmaq mümkündür.
Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin xərcləmələri, xaricdə və xüsusən də Rusiyada yaşayan həmyerlilərimizin remitensilərini və eləcə də qeyri-neft ixracatının həcmini nəzərə alsaq, Neft Fondunun öhdəliklərinə tam əməl edəcəyi halda bu il valyuta bazarına daha çox dolların daxil olacağı şübhəsizdir".
Vüqar Bayarmov Azərbaycanda dollarlaşma səviyyəsinin pik həddə yüksəldiyini vurğulayıb: "Başqa tərəfdən, dollarlaşma səviyyəsi 90 faizə yaxınlaşıb. Bazarda tarazlıq əldə edilər və əks-dollarlaşma prosesinə başlanılarsa, o zaman bazarın da dollar təklifi hiss edilən dərəcədə arta bilər. Qeyd edim ki, Neft Fondunun Mərkəzi Banka transferləri indiki məzənnə ilə təxminən 4 milyard dollardan bir az artıqdır.
Xatırlayırsınızsa, mən 2015-ci ildə hökumətə təqdim etdiyim təkliflər paketində və eləcə də ötən il ərzində sosial şəbəkələrdəki açıqlamalarımda hökumətə 4 milyard dollar rezervi konvertasiya edərək bazara çıxarmağa təklif edirdim. Bu təklif reallaşdı, amma 2015-ci ildə deyil, 2 il sonra.
Düşünürəm ki, əslində 2015-ci ilin sonunda həmin 4 milyard dolları konvertasiya edib, güzəştli kredit formasında kiçik və orta sahibkarlara şəffaf şəkildə təqdim etmək və cari tələbi ödədikdən sonra o zaman Rusiya və Qazaxıstan kimi liberal üzən məzənnəyə keçmək məqsədə uyğun olardı".
Bununla belə, iqtisadçı qeyd edib ki, hətta proses yubansa da belə, Dövlət Neft Fondundan 2017-ci ildə Mərkəzi Banka 7.5 milyard manatlıq transfer doğru addımdır: "Artıq Mərkəzi Bankın pul-kredit siyasətinin də dəyişdirilməsinə ehtiyac var. Valyuta bazarında cari tələbi ödəyib çevik siyasətlə əks-dollarlaşma prosesinə başlamaq baş bankın əsas hədəfi olmalıdır. Rəqəmlər və müqayisələr ilə Sizləri çox yormadan gəlinən nəticə belədir: əgər Neft Fondunun öhdəliklərinə tam əməl edərək makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Mərkəzi Banka olan transfer də daxil olmaqla 7.7 milyard dolları hərraclarda satarsa və neftin dünya bazar qiymətində kəskin azalmalar və eləcə də digər fors-major halları baş verməzsə (məsələn, əmanət portfeli böyük olan bankın və ya bankların bağlanması), o zaman Mərkəzi Bank manatın dollara mövcud məzənnəsini müəyyən kənarlaşmalar ilə qoruyub saxlamağa çalışacaq. Təbii ki, qeyd etdiyimiz faktorlardan hər hansı proqnozlaşdırıldığı kimi olmazsa o zaman yenə də dolların manata nisbətən möhkəmlənməsi qaçılmaz olacaq. Digər tərəfdən, nəzər almaq lazımdır ki, valyuta bazarında Mərkəzi Bankın inzibati müdaxiləsi yenə də qalmaqdadır və bu da bazardakı vəziyyətə əsasən proqnoz verməyi, praktik olaraq, mümkünsüz edir. Bu baxımdan, manatın mövcud məzənnəsinin qorunub saxlamaq Mərkəzi Bankın hədəfi kimi görünsə də hətta ötən il ilə müqayisədə daha çox valyuta təklifi fonunda belə bu heç də asan vəzifə olmayacaq".
Vüqar Bayramov hələ ötən ildən liberal məzənnə siyasətnə keçidin tərəfdarı olduğunu qeyd edib: "Bu artıq strateji milli yol xəritəsinə daxil edilib. Bu isə o deməkdir ki, əgər 2017-ci ildə liberal üzən məzənnəyə keçilməsə, o zaman yol xəritəsinin əsas fəaliyyətlərindən biri həyata keçirilməyəcək ya da digər fəaliyyətlərin reallaşmasına təsir edəcək. Bu baxımdan, xüsusi fors-majorla baş verməzsə, liberal üzən məzənnə siyasətinə keçid gözləniləndir. Əslində, valyuta bazarında daha çox dolların çıxarılmasının planlaşdırılması və bunu nəticəsində manatın bazasının məhdudlaşdırılmasına nail olunması liberal məzənnəyə keçidə gətirib çıxara bilər. Liberal məzənnə siyasətinə keçid olmada real sektora "isti pulların" daxil olmasını reallaşdırmaq çətin olduğundan bu fəaliyyətin yol xəritəsində daxil olması anlaşılandır. Əvvəllər də təklif etdiyim kimi, Mərkəzi bank cari tələb ödəməklə, əks-dollarlaşma prosesinə başlamaqla liberal məzənnə siyasətinə keçid edən zaman da manata pisxoloji təzyiqləri minimumlaşdıra bilər. Hər halda, hansı qərarın veriləcəyini proqnozlaşdırmaq asan olmasa da belə liberal məzənnə siyasətinə keçid istisna edilmir".
Millət vəkili Vahid Əhmədov isə hesab edir ki, büdcə gəlirlərinin təsdiq edilməsi manatın dəyərdən düşməsinin qarşısını ala bilər: "2017-ci il büdcəsi ilə tanış olmuşam. 2017-ci ildə Azərbaycanda real iqtisadiyyatın, yol xəritəsinin inkişafı ilə əlaqədar manatın daha çox dəyərdən düşməməsi üçün belə bir addım atılması nəzərdə tutulur. Bu hələlik nəzəriyyədir. Hesab edirəm ki, manat onsuz da gec-tez öz dəyərini almalıdır. Cənab prezident onu nəzərdə tutur ki, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün dönüş ili olacaq. Həmçinin, sahibkarlığa yardım məqsədilə Azərbaycan iqtisadiyyatının inkişafı üçün manatı müəyyən qədər qoruyub saxlamaq mümkün olsun. Amma yenə də hesab edirəm ki, gec-tez manatı bazar səviyyəsində tələb-təklifə, idxal-ixraca uyğun olaraq tənzimləməliyik. Belə addımın atılması müsbət haldır. Manatın qorunub saxlanılması birbaşa Azərbaycan iqtisadiyyatına öz təsirini göstərəcək".
Vahid Əhmədov dollar qıtlığından da söz açıb: "Dolların satışı çox məhduddur. Faktiki olaraq, yoxdur. Yalnız "qara bazar"dadır. Bu da o vaxta qədər davam edəcək ki, manat gəlib ona uyğunlaşsın. Bu məsələyə də baxmaq lazımdır. Manatın stabil qalması vacib məsələlərdən biridir.
Həmçinin, bankların üzərində iş getməlidir. Bankların birləşdirilməsi, təmərküzləşməsi prosesi getməlidir. Məsələlər çoxdur. Sözlə demək mümkün deyil. Çox ciddi işlər görülməlidir".
İqtisadçı Rövşən Ağayev valyuta qıtlığının manata təzyiqi artırdığını, milli valyutaya etimadı sarsıtdığını vurğulayıb: "Bu baxımdan qısamüddətli dövrdə Mərkəzi Bankın Neft Fondundan 4 mlrd. dollardan çox dəstək alması hazırda çıxılmazlıqdan doğan mümkün variantlardan biridir. Belə görünür ki, hökumət manatın indiki səviyyədən daha artıq ucuzlaşmasını istər siyasi, istərsə də sosial və iqtisadi baxımdan təhlükə olduğu qənaətindədir.
Ən azından 2017-ci il manat üçün bir zəmin var - fövqəladə daxili və xarici siyasi, həmçinin iqtisadi amillərin nəzərə alınması".
Rövşən Ağayev bildirib ki, ölkənin strateji valyuta ehtiyatlarının sürətlə itirilməsi baxımdan fəsadları olacaq: "Üstəlik hazırkı addım o zaman iqtisadiyyat üçün faydalı olacaq ki, hökumət köklü bazar islahatları, idarəetmədə köklü dəyişikliklər etməyə hazırlığını nümayiş etdirəcək. Əks halda, biz 2017-ni zaman olaraq qazanacağıq. Amma qarşıdakı illərdə bizim üçün daha böyük itkilər və sarsıntılar ola bilər. Bir halda ki, makroiqtisadi sabitlik üçün böyük həcmdə ehtiyatların qurban verilməsi qərara alınıb, yaranmış stiuasiyadan islahatlar üçün maksimum yararlanmaq lazımdır.
Bu qərardan sonra məzənnənin necə olacağı ilə bağlı hansı qənaətə gəlmək olar?
Yuxarıda da qeyd etdiyim kimi, manatın bundan sonrakı ucuzlaşması təhdidlər yaradır. Bundan artıq bahalaşma isə fiskal baxımından hökumətin maraqlarına cavab vermir. Buna görə də, Mərkəzi Bank vasitəsilə valyuta dəstəyi mexanizmi hazırda formalaşan məzənnə ətrafında sabitləşməni hədəfə alıb".