“Neft Daşları” yatağı üçün yeni platforma tikilib İqtisadiyyat

“Neft Daşları” yatağı üçün yeni platforma tikilib

SOCAR-ın "Neftqaztikinti" Tresti "Azneft" İstehsalat Birliyinin (İB) sifarişi ilə "Neft Daşları" yatağında "Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında yeni 620A nömrəli stasionar dəniz platformasının tikintisini uğurla başa çatdırıb. Şirkətin mətbuat xidmətindən bildirilib ki, 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan platformanın ümumi sahəsi 2 min 520 kvadrat metr, çəkisi isə 2 min 398 tondur. İstehsalat və yaşayış sahələrindən ibarət platformada tikinti-quraşdırma işləri beynəlxalq standartlar səviyyəsində həyata keçirilib, ətraf mühitin və əməyin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin edilib.
7 dayaq bloku, 6 aralıq seksiyası, 1 vertolyot, eləcə də 10 minik və yanalma meydançalarından ibarət platforma yanğınsöndürmə sistemi, yanacaq, içməli və texniki su xətləri ilə təchiz edilib. İşçilərin sosial şəraitinin təmin olunması üçün yaşayış bloku, eyni zamanda, qazma qülləsi üçün qülləaltı postament və digər zəruri avadanlıqlar quraşdırılıb. Dənizin 27 metr dərinliyində yerləşən platformadan sutkada 105 ton neft və 160 min kubmetr qaz hasil ediləcəyi proqnozlaşdırılır.