“ARDNF-nin aktivlərinin artırılması əsas hədəfimizdir” İqtisadiyyat

“ARDNF-nin aktivlərinin artırılması əsas hədəfimizdir”

Şahmar Mövsümov: "Mərkəzi Bankın valyuta rejimi investisiya istiqamətlərimizə təsir etmir"
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun "APA-Economics"ə eksklüziv müsahibəsi (ixtisarla)

- Ötən il Fond üçün necə yadda qalıb? 2016-cı ildə ARDNF-nin gəlir və xərcləri nə qədər olub?
- Dövlət Neft Fondunun 2016-cı ildə fəaliyyəti uğurlu sayıla bilər. Dünya bazarlarındakı xam neft qiymətlərinin aşağı düşməsinə və bunun mənfi nəticəsi olaraq neft gəlirlərinin azalmasına baxmayaraq, ölkədə maliyyə sabitliyinin təmin edilməsi istiqamətində Fondun rolu əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2016-cı ildə neftin qiymətlərindən asılı olmadan Fond tərəfindən dövlət büdcəsinə transfert ilə bağlı öhdəliklər vaxtında icra edilib, vacib infrastruktur və sosial əhəmiyyəti olan layihələrin maliyyələşdirilməsi davam etdirilib.
2015-ci ilin sonunda uzunmüddətli dövrdə diversifikasiya olunmuş investisiya portfelinin qurulması prosesinin bir hissəsi olaraq Fondun investisiya siyasətinə bir sıra dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən risk və gəlirlilik arasındakı nisbət daha riskli və eyni zamanda daha gəlirli investisiya alətlərinin xeyrinə dəyişib. Belə ki, daşınmaz əmlaka yatırımların investisiya portfelindəki payı iki dəfə - 5%-dən 10%-ə, səhmlərə yatırımların investisiya portfelindəki payı isə 10%-dən 15%-dək artırılıb. Bu dəyişiklik nəticəsində daşınmaz əmlaka həm birbaşa, həm də daşınmaz əmlak fondları vasitəsi ilə edilən yatırımların həcmi artıb. 2016-cı ildə Milan şəhərində yerləşən "Palazzo Turati" ofis kompleksinin satın alınması başa çatdırılıb. Eyni zamanda, daşınmaz əmlak fondlarına olan yatırımlar əhəmiyyətli dərəcədə artıb, özəl səhm fondlarına investisiyalar edilib. Bununla yanaşı, səhm yatırımlarının da investisiya portfelindəki payı artırılıb.
Nəzərə almaq lazımdır ki, Fondun 2016-cı il büdcəsində neftin qiyməti 25 ABŞ dolları səviyyəsində götürülüb. Neftin orta çəkili satış qiymətinin il ərzində proqnoza nisbətən daha yuxarı 41,9 ABŞ dolları təşkil etməsi ilə əlaqədar Fondun gəlirləri 5,9 milyard ABŞ dolları və yaxud 9,4 milyard manat səviyyəsində olub. Eyni zamanda büdcə xərcləri 5,4 milyard ABŞ dolları və yaxud 9 milyard manat təşkil edib. Beləliklə, ilin sonuna Dövlət Neft Fondunun büdcəsində təxminən 0,5 milyard ABŞ dolları profisit yaranıb.
- Bu il üçün ARDNF-nin aktivləri ilə bağlı proqnozunuz necədir?
- Bildiyiniz kimi, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsində xam neftin bir barelinin satış qiyməti 40 ABŞ dolları səviyyəsində təsdiq edilib. Eyni zamanda beynəlxalq institutlar cari il üzrə neftin dünya bazarlarında qiymətlərinin 40-60 ABŞ dolları civarında dəyişəcəyini proqnozlaşdırır. Hal-hazırda isə neftin qiyməti 55 ABŞ dolları ətrafında dəyişir. Bütün bunları nəzərə alaraq, cari ilin sonuna Fondun büdcə xərcləri tam icra olunduğu təqdirdə, ilin sonuna ARDNF-nin aktivlərinin ilin əvvəli ilə müqayisədə kəskin dəyişməyəcəyini proqnozlaşdırmaq olar.
- ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyalar özünü doğruldurmu və bu investisiyalar ilə bağlı gəlirlilik gözləntiləriniz necədir?
- Bildiyiniz kimi, ARDNF daşınmaz əmlaka investisiya çərçivəsində Avropa, Asiya və Sakit Okean Hövzəsi regionlarında London, Moskva, Paris, Milan, Tokio, Seul kimi şəhərlərdə daşınmaz əmlak investisiyaları həyata keçirib. Digər tərəfdən, ARDNF 2015-ci ildən etibarən inkişaf etmiş bazarlarda fəaliyyət göstərən, müxtəlif strategiyalarla, müxtəlif daşınmaz əmlak sektorlarına yatırım edən dünyanın qabaqcıl daşınmaz əmlak fondlarına investisiyalar həyata keçirməyə başlayıb. 2016-cı ildə London və Moskva kimi daşınmaz əmlak bazarlarında geriləmənin olmasına baxmayaraq ARDNF-nin yatırım etdiyi digər bazarlarda müsbət inkişaf dinamikası müşahidə olunub. Bunları nəzərə alaraq, ARDNF-nin daşınmaz əmlaka yatırdığı investisiyaların özünü doğrultduğunu deyə bilərik.
Dünyanın qabaqcıl araşdırma institutlarının hesabatlarına əsasən cari ildə dünyanın əsas daşınmaz əmlak bazarlarında nəzərəçarpacaq artım tempinin müşahidə olunması gözlənilir. ARDNF öz daşınmaz əmlak investisiyalarında uzunmüddətli gəlirlilik göstəricilərini əsas götürür ki, bu baxımdan da hazırkı uzunmüddətli gəlirlilik göstəricisi 6-8% civarında proqnozlaşdırılır.
- ARDNF ötən il VTB-dən nə qədər dividend əldə edib? Bu il üçün proqnozlar nədən ibarətdir?
- Ötən il ARDNF VTB-dən 402 milyon rubl (6 milyon ABŞ dolları) məbləğində dividend əldə etmişdir. Ümumilikdə ARDNF VTB-dən dividend şəklində 1,2 mlrd. rubl (təqribən 25,3 milyon ABŞ dolları) məbləğində gəlir əldə etmişdir. VTB Bankı öz strategiyasına uyğun olaraq stabil dividendlər ödəməyi üstün tutur. Buna baxmayaraq, dividend siyasəti Müşahidə Şurasının tövsiyəsi və Səhmdarların Ümumi Yığıncağının qərarı ilə müəyyənləşdirilir və təbii ki, bu siyasətdə dəyişiklik baş verərsə, buna uyğun olaraq dividend məbləği də dəyişə bilər.
- Ötən il ARDNF Azəri-Çıraq-Günəşli (AÇQ) yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağından nə qədər gəlir əldə edib? 2015-ci illə müqayisədə gəlirlərdə nə qədər azalma qeydə alınıb?
- Qeyd etmək istərdim ki, 2015-ci ildə xam neftin orta satış qiyməti 54,3 ABŞ dolları olduğu halda 2016-cı ildə 41,9 ABŞ dolları təşkil edib ki, bu 2016-cı ildə qeyd olunan yataqlar üzrə daxilolmaların azalmasına səbəb olub. Bunun nəticəsi olaraq, 2016-cı ildə ARDNF-nin Azəri-Çıraq-Günəşli yataqlar bloku və "Şahdəniz" qaz kondensat yatağından daxilolmaları 5 milyard 164,2 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən təxminən 2 milyard ABŞ dolları azdır.
- Cari ildə ARDNF-nin investisiya portfelinin diversifikasiyası ilə bağlı hər hansı dəyişiklik gözlənilirmi?
- Bildiyiniz kimi, ARDNF-nin investisiya strategiyası Fondun İnvestisiya Qaydalarına və Siyasətinə uyğun olaraq həyata keçirilir və vəsaitlərin uzunmüddətli dövr ərzində alıcılıq qabiliyyətinin qorunub saxlanması, eləcə də gəlirliliyin artırılması Fondun investisiya strategiyasının əsasını təşkil edir. Bunları nəzərə alaraq investisiya portfelinin həm coğrafi, həm də müxtəlif maliyyə alətləri üzrə diversifikasiyasının təmin olunmasının 2017-ci il ərzində də davam etdirilməsi nəzərdə tutulur. Diqqətinizə çatdırım ki, 2012-ci ildən başlayaraq daşınmaz əmlak və eləcə də səhm investisiyaları investisiya portfelinə daxil edilmiş və Fondun uzunmüddətli dövr ərzində gəlirliliyinin artırılması məqsədinə müvafiq olaraq, eləcə də son illərdə dünya maliyyə bazarında baş verən proseslərə uyğun həyata keçirilən təhlillərə əsasən qeyd edilən maliyyə alətləri üzrə yatırımların ümumi portfeldəki çəkisi artırılıb. Qeyd olunanları nəzərə alaraq, cari il ərzində uzunmüddətli dövrdə yüksək gəlirlilik vəd edən səhm investisiyalarının portfeldəki payının daha da artırılması nəzərdə tutulur.

- Bu ildən üzən məzənnə rejiminə keçilməsi ARDNF-nin fəaliyyətinə necə təsir edə bilər?
- Bildiyiniz kimi, ARDNF-nin büdcəsinin böyük hissəsini manatla olan xərclər, o cümlədən dövlət büdcəsinə transfert və digər ödənişlər təşkil edir. ARDNF-nin əsas gəlir mənbəyi olan karbohidratların satışı da daxil olmaqla bütün daxilolmaları xarici valyutalarda, əsasən ABŞ dollarında baş tutur və yuxarıda qeyd edilən öhdəliklərin həyata keçirilməsi məqsədilə bu valyutanın Azərbaycan manatına mübadilə edilməsi zərurəti yaranır. Fond böyük həcmdə valyuta satışının valyuta bazarına təsirini azaltmaq və eyni zamanda Fondun büdcə öhdəliklərini vaxtında icra etmək məqsədilə mütəmadi olaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən təşkil olunan hərraclar vasitəsilə valyuta bazarında valyuta satışının bərabər hissələrlə həyata keçirilməsində iştirak edir. Cari ilin büdcəsində 6,1 milyard manat həcmində dövlət büdcəsinə transfertdən əlavə makroiqtisadi sabitliyin qorunması istiqamətində ilk dəfə olaraq Mərkəzi Banka 7,5 milyard manata qədər vəsaitin köçürülməsi də nəzərdə tutulub.

Sabit məzənnə rejimində satışa çıxarılmalı olan xarici valyutanın həcmi əvvəlcədən bəlli olurdu. Lakin üzən məzənnə rejimində valyuta məzənnəsi bazarda tələb və təklif əsasında müəyyən olunduğundan il ərzində hərraclarda satılmalı olan xarici valyutanın həcmi hazırkı məzənnə ilə hesablanmış məbləğdən az və ya çox ola bilər. Bunlara baxmayaraq, Fondun vəsaitlərinin böyük hissəsinin likvid aktivlərə investisiya olunması qeyd olunan istiqamətlərdə büdcə xərclərinin tam olaraq həyata keçirilməsinə imkan verir.

Digər tərəfdən qeyd olunmalıdır ki, ARDNF-nin fəaliyyətinin əsas istiqamətlərindən biri Fondun vəsaitlərinin ildən-ilə artımı və gələcək nəsillərə qorunub saxlanılmasıdır. Bildiyiniz kimi, bu məqsədə xidmət edən Fondun investisiya portfeli xarici valyutada ifadə olunan aktivlərə investisiya edilib ki, bu baxımdan da Mərkəzi Bank tərəfindən təyin olunan hər hansı spesifik valyuta rejimi Fondun investisiya istiqamətlərinə təsir etmir.
- İnvestisiya portfelinin neçə faizi daxildən idarə olunur?

- 31 dekabr 2016-cı il tarixinə ARDNF-nin investisiya portfelinin xarici menecerlər tərəfindən idarə olunan hissəsi 8,5%, daxildən idarə olunan hissəsi isə 91,5% təşkil edib.

- ARDNF-nin aktivlərini idarə edən maliyyə təşkilatlarının sayı nə qədərdir və hansı təşkilatlardır? Fond idarəedicilərdən hər hansı biri ilə əməkdaşlıqdan imtina edə bilərmi?

- ARDNF əməkdaşlıq etdiyi maliyyə qurumları ilə uzunmüddətli partnyorluq münasibətləri qurmağa üstünlük verir. Hal-hazırda Fond 4 xarici menecerlə əməkdaşlıq edir. Bunlardan ikisi (Dünya Bankı və "Deutsche Asset Management" şirkətləri) sabit gəlirli qiymətli kağızlar üzrə, digər ikisi isə ("UBS Asset Management" və "State Street global Advisor" şirkətləri) səhmlər üzrə portfelləri idarə edir. Bu qurumların hər biri ilə Fondun ən azı 5 ilə bərabər əməkdaşlığı mövcuddur. ARDNF-nin cari planlarında bu əməkdaşlıqlardan imtina etməklə bağlı planları yoxdur və nəzərinizə çatdırım ki, cari ildə səhm portfeli üzrə əlavə olaraq yeni menecerlərin cəlbi gözlənilir.
- Bu il ərzində ARDNF tərəfindən nə qədər vəsait hərraca çıxarılacaq?
- ARDNF-nin 2017-ci il üçün təsdiq olunmuş büdcəsinin manatla olan xərcləri əsasən dövlət büdcəsinə transfert və digər ödənişlərdən ibarətdir. 2017-ci ildə ARDNF qeyd olunan öhdəliklərini təmin etmək məqsədi ilə Mərkəzi Bank tərəfindən təşkil olunan hərraclar vasitəsilə ən azı dövlət büdcəsinə transfertin təsdiq olunmuş məbləği həcmində - 6,1 milyard manat ekvivalentində valyuta satışının həyata keçirilməsini nəzərdə tutur.