Cənub Qaz Dəhlizi açıldı İqtisadiyyat

Cənub Qaz Dəhlizi açıldı

Azərbaycan prezidenti: "Avropanın enerji xəritəsini yenidən tərtib edirik"

"Əgər 1920-ci ildə Xalq Cümhuriyyəti süquta uğramasaydı, bu gün biz ən zəngin ölkələrdən biri olardıq".
Bunu dünən Azərbaycan prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bildirib.
Dövlət başçısı deyib ki, sonrakı dövrdə Azərbaycan müstəqil olmadığı üçün xalq sərvətlərimizdən bəhrələnə bilməyib: "Sənaye üsulu ilə ilk dəfə neft Azərbaycanda istehsal edilib. Bununla bağlı şəhərimizdə abidə də ucaldılıb. 19-cu əsrin sonları, 20-ci əsrin əvvəlində Azərbaycan dünyada neftin yarıdan çoxunu hasil edirdi. Ancaq o zaman xalq səfalət içərisində yaşayırdı, sənaye inkişafından söhbət getmirdi. Sadəcə, Azərbaycan resurs mənbəyi idi. Azərbaycandan çıxan neft xalqımızın inkişafına xidmət etmirdi. Neftdən əldə olunan gəlir xalqa yönəldilmirdi. Eyni zamanda Abşeron yarımadası ekoloji fəlakətlə üzləşmişdi. Biz bu gün bunu aradan qaldırırıq. Ancaq müstəqillik dövründə xalq öz resurslarından istifadə edə bilər. Biz bu gün belə böyük layihələri tərəfdaşlarımızla icra edir, Avropanın enerji xəritəsini yenidən tərtib edirik".
Prezidenti İlham Əliyev 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" haqqında danışıb, Azəri-Çıraq-Günəşlinin dünyanın ən böyük yataqlarından biri olduğunu bildirib. Dövlət başçısı deyib ki, keçən il bu yataqlarla bağlı müqavilənin müddəti 2050-ci ilədək uzadılıb: "İlk dəfə Xəzər dənizi xarici şirkətlər üçün açıldı. Bu gün "Əsrin müqaviləsi"nin icrası çox uğurla gedir. Bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası həyata keçirilməyə başlandı. Mən o zaman ARDNŞ-in vitse-prezidenti idim, bu işlərlə yaxından tanış idim. Növbəti böyük layihə "Şahdəniz" qaz yatağı il bağlı idi. Azərbaycan dünyaya özünü tək neft yox, həm də qaz ölkəsi kimi təqdim etdi. O zaman dünyada enerji təhlükəsizliyində qaz böyük rol oynamırdı. Çünki mənfəət neft yataqları ilə müqayisədə aşağı idi. Ona görə də bu layihəyə investorları cəlb etmək asan deyildi. Bu gün Cənub Qaz Dəhlizinin açılışı qeyd edərkən, görürük ki, bu, vaxtında atılmış müdrik addım idi. Şahdəniz Cənub Qaz Dəhlizinin əsas elementidir".
Prezident İlham Əliyev qeyd edib ki, 1999-cu ildə Bakı-Supsa neft kəməri istifadəyə verilib: "Bu kəmərin istifadəyə verilməsi ilə ilk dəfə kəmərlə Xəzər dənizini Qara dənizlə bağlamışıq. 2006-cı ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Bu kəmərlə nəinki Azərbaycan nefti, digər ölkələrin Xəzərin şərqində çıxarılan nefti də nəql edilir. Bu kəmər tranzit kəmər kimi qonşu ölkələrə də xidmət edir. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verilib və Azərbaycan qazı Türkiyəyə, Gürcüstana nəql edilməyə başlanıb. Mən o günləri, tarixi anları yaxşı xatırlayıram".
Azərbaycan prezidenti gələn ay TANAP layihəsinin istifadəyə verilməsinin qeyd ediləcəyini bildirib.
Dövlət başçısı deyib ki, Cənub Qaz Dəhlizinin layihənin icra edilməsinə 40 milyard dollar qoyulur: "Azərbaycanın təsdiq edilmiş qaz resursları 2,6 trilyon kubmetrdir. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Azərbaycan, Türkiyə və Gürcüstan bu layihələri icra edərkən güclü regional əməkdaşlıq formatı yaradıb. Regional layihələrin icra edilməsində bu üç ölkənin əməkdaşlıq formatı böyük yer tutur. Bu gün ABŞ hökumətinə təşəkkür etmək istəyirəm. Çünki ABŞ hökuməti bu layihələrdə bizə həm siyasi, həm iqtisadi, həm də mənəvi dəstək göstərib. Bu layihələr böyük resurslar tələb edir və bu maliyyə banklar vasitəsi ilə təmin olunub. Bakı-Tbilisi-Ceyhan və digər layihələrin həyata keçirilməsində bu dəstəyi görmüşük. Böyük Britaniya hökuməti də bu layihələrin reallaşmasında bizə dəstək göstərib. Bu gün də bu dəstəyi görürük. Keçən il Byük Britaniya baş naziri ilə müqavilə imzalanıb".
Avropa İttifaqının Cənub Qaz Dəhlizinə dəstəyindən danışan prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı daim enerji layihələrinə dəstək verib: "2015-ci ildən Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclası keçirilir və Avropa İttifaqı bu iclaslarda yüksək səviyyədə iştirak edir. Mən bizə bu layihələrin həyata keçirilməsində dəstək verən beynəlxalq maliyyə korporasiyalarına də təşəkkür edirəm. Azərbaycan etibarlı tərəfdaşdır. Biz bütün borclarımızı vaxtlı-vaxtında qaytarmışıq və qaytaracağıq".


"Cənub Qaz Dəhlizi yeni enerji damarıdır"

Prezudent İlham Əliyev Cənub Qaz Dəhlizini yeni enerji damarı kimi qiymətləndirib: "Biz sözün əsl mənasında enerji mənbələrinin şaxələndirilməsini həyata keçiririk. Cənub Qaz Dəhlizi yeni enerji damarıdır".
Dövlət başçısı deyib ki, bu layihədə maraqlar balansı gözlənilib: "Hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları tam təmin edilib. Bu maraqlar balansı olmasaydı, layihə tam həyata keçirilə bilməzdi. Biz qarşılıqlı faydalı əməkdaşlığı təmin etməliyik. Ölkələr və şirkətlər qarşılıqlı siyasi, iqtisadi mənfəətini təmin etməlidir. Azərbaycan da istehsalçı ölkə kimi öz mənfəətini götürür".
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan müstəqil, ayağı üzərində duran ölkədir: "Son 15 ildə ümumi daxili məhsul 3 dəfə artıb. Azərbaycanda xarici dövlət borcu aşağı səviyyədədir, ÜDM-in 20 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borclarımızdan 4-5 dəfə çoxdur. Azərbaycan yoxsulluq, işsizlik 5 faiz səviyyəsindədir. Bu, göstərir ki, neft insan kapitalına çevrilib. Bizim siyasətimiz neft-qaz gəlirlərini bərabər, ədalətli şəkildə bölmək olub. Ümumdünya Davos Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 35-ci yerdə qərarlaşdırıb. Biz neft-qaz gəlirlərimizi qeyri-neft sektorunun inkişafına yönəldirik. Bu işlərin təməlində düşünülmüş siyasət dayanır. Bir çox ölkənin neft-qaz resursları bizdən dəfələrlə çoxdur, ancaq fərqli durumdadır".
Dövlət başçısı nəzərə çatdırıb ki, bu gün Azərbaycanın həyatında əlamətdar gündür: "Mən Cənub Qaz Dəhlizinə uzun ömür arzulayıram".

"Azərbaycanla tərəfdaşlığı daha da genişləndirmək istəyirik"

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson açılış mərasimində deyib ki, Azərbaycan 100 il əvvəl qadınlara səsvermə hüququ verib.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş nazirinin Azərbaycan üzrə ticarət elçisi qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyi ilə bağlı atılmış mühüm addımdır: "BP və SOCAR növbəti saziş imzalayıb. Bu əməkdaşlıq ölkələrimizə daha böyük fayda gətirə bilər. Bu baxımdan Böyük Britaniya ticarət əlaqələrinə xüsusi diqqət yetirir".
Daha sonra o, Böyük Britaniya baş nazirinin təbrik məktubunu oxuyub.
Təbrik məktubunda bildirilir ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi, eyni zamanda Xəzər Neft-Qaz Sərgisinin 25 illiyidir.
"Neft-qaz gəlirləri Azərbaycanı müasir ölkəyə çevirib. BP-nin bu məsələdə rolu ilə fəxr edirəm. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" tarixi dönüş oldu. Biz tərəfdaşlığımızı daha da genişləndirmək istəyirik. Bu baxımdan aprelin 26-da prezident İlham Əliyevi Londonda görməkdən, Hasilatın Pay Bölgüsü üzrə 6-cı sazişin imzalanmasına şad olduq. Neft-Qaz Sərgisinin iştirakçılarına da uğurlar arzulayıram".


"Dayanıqlı sabitlik haqqında düşünməliyik"

OPEC-in baş katibi Məhəmməd Barkindo Cənub Qaz Dəhlizinin Azərbaycan prezidentinin yorulmaz fəaliyyətinin nəticəsi olduğunu bildirib.
Baş katib deyib ki, bu nailiyyətlər neft-qaz şirkətləri ilə qurulmuş uğurlu əməkdaşlığın nəticəsidir: "Təbii qaz Cənub Qaz Dəhlizi ilə Avropaya çatdırılacaq və Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. İki ay əvvəl Azərbaycanda olmuşdum, prezident və energetika naziri ilə görüşmüşdüm. Dünya enerji bazarı ilə bağlı müzakirə apardıq. Biz Vyanada aparılan müzakirələrdə sizin tövsiyələrinizdən bəhrələnmişik. Əməkdaşlığımızın genişləndirilməsi üçün mümkün imkanları müzakirə etməyə hazırıq. OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq inkişaf etdirilməlidir. Dayanıqlı sabitlik haqqında düşünməliyik, bu, qlobal öhdəlikdir".


"Dəhliz yeni infrastruktur baxımından mühüm layihədir"

Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Yuriy Sentyurin isə deyib ki, enerji təhlükəsizliyi və uğurlu əməkdaşlıq müttəfiqlikdən asılıdır: "Hazırda bu tədbirdə iştirak edən 19 qaz ixrac edən ölkə bu barədə düşünür. Kəmərlərin 63 faizi qaz ixracı üçün istifadə olunur. 2024-cü ilə qədər qaz ixracı 1,5 dəfə artacaq. Avropa bazarı bundan sonra çox cəlbedici bazar olacaq. Bu, yeni infrastrukturun yaradılmasını tələb edəcək. Cənub Qaz Dəhlizi bu baxımdan mühüm infrastrukturdur. Gələcəkdə qarşımızda duran saziş və layihələr baxımından bu layihə vacibdir. Bizim tərəfdaşlığımız Cənub Qaz Dəhlizinin həyata keçirilməsinin mərkəzində dayanır".
Qaz İxracatçısı Ölkələri Forumunun baş katibi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təbrikini də çatdırıb.


"BP əməkdaşlığı davam etdirmək istəyir"

BP-nin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qəri Cons şirkətdə Azərbaycanın 2500 vətəndaşı çalışdığını bildirib.
Qəri Cons BP-nin Azərbaycanla əməkdaşlığından da danışıb: "Neft və qazın Azərbaycana verdiyi töhfədən məmnunluq duyuruq. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycana böyük sərmayələrin qoyulmasının əsasını qoydu. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bu günü görsəydi, fəxr edərdi. Bu, bir cümlə ilə ifadə olunmuş aydın bir fikirdir. BP sizinlə əməkdaşlığı davam etdirmək istəyir".


"ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir"

Mərasimdə çıxış edən ABŞ dövlət katibinin köməkçisinin enerji məsələləri üzrə müavini, xanım Sandra Oudkirk bildirib ki, ABŞ Cənub Qaz Dəhlizini qətiyyətlə dəstəkləyir.
Sandra Oudkirk deyib ki, ABŞ Cənub Qaz Dəhlizinin reallaşmasına birmənalı dəstək verir: "Bütün ölkə və şirkətləri bu çətin işin başa çatdırılması münasibətilə təbrik edirəm. Layihənin həyata keçirilməsi regionda stabilliyin bərqərar olmasını və enerji resurslarının diversifikasiyasını təmin edəcək.
Öz növbəsində, ABŞ prezidenti Donald Tramp da layihənin həyata keçirilməsinə dəstəyini bildirir".