Neft pulundan İnternetə də pay düşdü İqtisadiyyat

Neft pulundan İnternetə də pay düşdü

Neft Fondu "Milli genişzolaqlı internetin inkişafı" layihəsinin maliyyələşdirilməsinə başlayıb

Tərlan

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Neft Fondu (ARDNF) ilə bərabər ölkənin ucqar kəndlərində fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını təmin edəcək "Milli genişzolaqlı internetin inkişafı" layihəsini müzakirə edib. Jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, artıq ARDNF bu layihənin maliyyələşdirilməsi üçün maliyyə resursları ayırıb və yaxın vaxtlarda bu layihənin icrasına başlanılacaq.
Qeyd edək ki, "Milli genişzolaqlı internetin inkişafı" layihəsinin ümumi dəyəri 103,6 mln. manat təşkil edir. Layihə ölkənin hər bir yaşayış məntəqəsində, hətta ən ucqar kəndlərdə fiber-optik kabel şəbəkəsi üzərindən əhalinin yüksəksürətli genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərinə çıxışını nəzərdə tutur. Layihənin məqsədi ucqar kənd yaşayış məntəqələrini 30 Mbit/s, şəhərləri 100 Mbit/s həddində sürətli internetlə təmin etməklə, ümumilikdə genişzolaqlı internet istifadəçilərinin sayını 85%-ə çatdırmaqdır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) 2014-cü ilin iyun ayı ərzində bütün qurumlar üzrə "Elektron hökumət" portalı tərəfindən təqdim olunan e-xidmətlərdən istifadə barədə statistik məlumatı təqdim edib. Nazirlikdən verilən məlumata görə, iyun ayı ərzində portal üzərindən ümumilikdə təqdim olunan 317 xidmətdən 202 290 dəfə istifadə olunub. Qeyd edək ki, xidmət təchizatçısı siyahısına 41 dövlət qurumu daxildir.
ADA Universitetində Qlobal Biznes və Texnologiya Assosiasiyasının universitetlə birgə təşkil etdiyi 16-cı beynəlxalq konfrans keçirilir. 9-12 iyul tarixlərinin əhatə edəcək konfransın mövzusu "Qloballaşan dünyada idarəetmə: Biznes və texnologiya sahəsində irəliləyişlər"dir. Tədbirdə 40-dan artıq ölkədən 175 nümayəndə iştirak edir. İştirakçılar mədəni müxtəliflik, iqtisadi, texnoloji, sosial, hüquqi məsələləri əhatə edən, özəl və dövlət tərəfindən idarə olunan sənaye və təşkilatların idarə edilməsində qarşıya çıxan idarəetmə problemləri əhatə edən yazı və elmi məqalələrini təqdim edəcəklər. Konfransın təşkilatçıları arasında ADA Universiteti ilə yanaşı Portuqaliya, Yeni Zelandiya, Çexiya, Braziliya, Koreya, Tailand, Cənubi Afrika Respublikası, Rusiya və Avstraliyanın qabaqcıl biznes və texnologiya institutları da var.
Konfransda çıxış edən Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycanda "Elektron hökumət" xidmətlərinin 2020-ci ilədək hamı üçün əlçatan olması hədəflənir. Onun sözlərinə görə, Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən artıq 300-dən çoxu elektron formada təqdim edilir: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilədək əsasən qeyri-neft sektorunun inkişafı hesabına ümumi daxili məhsulun iki dəfə artırılması mühüm hədəf kimi müəyyənləşdirilib. Bizim qarşımızdakı əsas hədəflərdən biri ixracı şaxələndirməkdir. Bunun üçün də qeyri-neft sektorunun inkişafına diqqət yönəltməliyik və buna görə də İKT-nin inkişafı əsas hədəflərdəndir. Dövlətin də bu sektorun inkişafı üçün xüsusi proqramı var".
Ə.Abbasov Azərbaycan Dövlət Neft Fondunun dəstəyi ilə həyata keçirilməsi planlaşdırılan genişzolaqlı internetin inkişafı layihəsindən danışaraq qeyd edib ki, 2017-ci ilin sonunadək ölkə əhalisinin 85%-i, o cümlədən bütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlı internetlə təmin olunacaq. Nazir bildirib ki, kənd yerlərində son istifadəçiyə verilən internetin sürəti 30, şəhər yerlərində isə saniyədə 100 meqabitə çatdırılacaq.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Anti-Phishing Working Group" (APWG) beynəlxalq təşkilatına üzv olub. Beləliklə, ETM sözügedən qurumun tədqiqat qrupunun rəsmi üzvləri sırasına daxil olub. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu hadisə Azərbaycanda elektron təhlükəsizlik sahəsində həyata keçirilən siyasətin beynəlxalq arenada da uğurla davam etdirilməsinə imkan yaradacaq. "APWG" ilə əməkdaşlıq onun üzvlərinə tədqiqat tərəfdaşlığı hüququ verir. Tədqiqat tərəfdaşı "APWG" tərəfindən müəyyən olunan "Fişinq Hesabat" ünvanında "Fişinq Hesabat Fondu Məlumatları"na çıxış əldə etmək hüququna malik olur.
Tədqiqat tərəfdaşı bununla Hesabat Fondu Məlumatlarında saxta "phishing" məlumatlarını düzgün və dəqiq göstərməsini təmin etmək üçün səy göstərmək və "APWG" üzvləri tərəfindən yanlış hesab olunan hər hansı bir məlumata düzəliş etmək haqqı əldə edir. Həmçinin tərəfdaşlara "APWG" xəbərlər və hesabatlarına abunə olmaq, onlardan istifadə etmək, qurumun iclaslarında iştirak etmək hüququ da verilir.
Hazırda dünya ölkələrindən 2 000-dən çox müəssisənin üzv olduğu "APWG" 2003-cü ildən fəaliyyət göstərməkdədir. Qurum sənaye, hökumət və hüquq-mühafizə sektorlarında kibercinayətkarlıqla qlobal mübarizə üzrə fəaliyyət göstərən beynəlxalq koalisiyadır. Bu təşkilat fişinq və kibercinayətkarlıq məsələlərini müzakirə etmək, potensial texnoloji həlləri təmin etmək üçün vahid platforma rolunu oynayır. Artıq Azərbaycanın da üzv olduğu "Anti-Phishing Working Group" Avropa Şurası, Kibercinayətkarlıq haqqında Avropa Şurası Konvensiyası, Birləşmiş Millətlər Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi, Amerika Dövlətləri Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlıq etməkdədir.
"Ötən il Azərbaycanın ilk telekommunikasiya peyki ("Azerspace-1") 9-10 mln. ABŞ dolları həcmində xidmət ixrac etdiyi halda, bu il bu rəqəmin 15 mln. dollar səviyyəsində olacağı gözlənilir". Hazir Əli Abbasovun sözlərinə görə, regionda olan bir çox peyklərin içərisində "Azerispace-1" öz keyfiyyəti, əhatə dairəsi və xidmətinə görə fərqlənir: "Bu gün 100-dən çox telekanal və xüsusi rabitə sistemləri "Azerispace-1"ə qoşulub".