Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədi kölgə iqtisadiyyatını aradan qaldırmaqdır İqtisadiyyat

Vergi Məcəlləsinə dəyişikliklərin əsas məqsədi kölgə iqtisadiyyatını aradan qaldırmaqdır

Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas məqsədi kölgə iqtisadiyyatını aradan qaldırmaqdır. 2019-cu ildən bütün əməliyyatların tam sənədli şəkildə aparılmasına diqqət artırılacaq və qanun pozuntularına görə irihəcmli maliyyə sanksiyaları tətbiq ediləcək. Bu fikirləri dekabrın 13-də SM CONSULTING MMC-nin rəhbəri Emin Səttarov jurnalistlər və mühasibat işçiləri ilə görüşdə deyib. Onun sözlərinə görə, fəaliyyətində uçot işlərini düzgün aparmayan vergiödəyicilərinə müxtəlif maliyyə sanksiyaları tətbiq ediləcək. Uçot aparan, qanunla işləyən vergiödəyiciləri isə az vergi ödəyəcəklər. Bu tədbirlər vergiödəyicilərini stimullaşdırmağa və vergi sahəsində şəffaflığı təmin etməyə xidmət edir. Növbəti ildən yoxlamaların elektron qaydada aparılacağını söyləyən E.Səttarov, vergiödəyicilərinin gəlir vergisinə də toxunub.
Qeyd olunub ki, dövlət sektorunda çalışan şəxsin (əmək kitabçasının olduğu yerdə) əməkhaqqı 2500 manatadək olduqda, gəlir vergisi hesablanmış məbləğdən 200 manat (əməkhaqqının vergi tutulmayan hissəsi) çıxılmaqla 14 faiz dərəcəsi ilə hesablanacaq. İşçinin vergi tutulan aylıq gəliri 2500 manatdan çox olduqda, 2500 manatdan artıq olan hissənin 25 faizinin üzərinə 350 manat gəlməklə gəlir vergisi tutulacaq. Tədbirdə "Sahibkarlığın inkişafının dəstəklənməsi", "Vergiödəyicisinin hüquqlarının genişlənməsi", "Vergitutma bazasının genişlənməsi" və digər mövzularda məruzələr dinlənilib, Vergi Məcəlləsində bəzi müddəalarda baş verən dəyişikliklər geniş izah olunub.