Qeyri-neft-qaz sektorundan vergi yığımı artır İqtisadiyyat

Qeyri-neft-qaz sektorundan vergi yığımı artır

Vergilər Nazirliyi altı aylıq büdcə proqnozunu yerinə yetirib

Tərlan

Bu ilin yanvar-iyul ayları ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 4,4 mlrd. manat vəsait daxil olub. APA-nın məlumatına görə, bunu nazirlikdə ərazi vergi orqanlarının rəhbərlərinin iştirakı ilə bu ilin 7 ayında yerli vergi orqanlarının fəaliyyətinin yekunları ilə bağlı keçirilən iclasda nazirliyin iqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəis müavini Elçin Bəylərov bildirib.
Onun sözlərinə görə, bu il büdcə proqnozlarının 103,2% icra edilib, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmalarının 289,3 mln. manat və ya 7% çox vəsait daxil olub: "Ölkədə neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın diversifikasiyası, sahibkarlığın inkişafı və sənaye potensialının gücləndirilməsi nəticəsində qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 2 mlrd. 459,3 mln. manat təşkil edib. Bu da proqnozun 102,9% icra edilməsi deməkdir".
E.Bəylərov qeyd edib ki, 7 ay ərzində regionlarda iqtisadi inkişaf tendensiyası davam edib, dövlət tərəfindən regionlara göstərilən qayğının nəticəsi olaraq hesabat dövründə regionlar üzrə daxilolmaların qeyri-neft-qaz sektoru üzrə daxilolmalarda xüsusi çəkisi 13,9%-ə qədər yüksəlib: "Hesabat dövründə Ərazi Vergi İdarələri tərəfindən ümumilikdə proqnoza 106,2% əməl olunub, dövlət büdcəsinə 341,4 mln. manat səfərbər edilib ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 38,1 mln. manat və ya 12,6% çoxdur".
Bu il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri isə 20,063 mlrd. manat həcmində nəzərdə tutulur. Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manat Dövlət Neft Fondundan transfert, 7,102 mlrd. manat Vergilər Nazirliyi, 1,510 mlrd. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manat büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür. Bu isə o deməkdir ki, büdcə gəlirlərinin yarısı təkcə Heft Fondunun hesabına təmin ediləcək. Vergilər Hazirliyinin xətti ilə daxilolmalarda da ARDHŞ-in vergi şəklində ödəmələrinin mühüm yer tutduğunu nəzərə alsaq, əslində 2014-cü ildə də dövlət büdcəsinin üçdə ikisi neft amili ilə bağlı olacaq.
Azərbaycan hökuməti hələlik ümidlərini daha çox neft gəlirlərinə bağlayıb. Əlbəttə, 2014-cü ilin dövlət büdcəsinin icrası üçün də hər hansı bir təhlükə yoxdur və burada "təhlükəsizlik yastığı" rolu oynayan Dövlət Neft Fondudur. Ölkənin 50 milyard dollara yaxın valyuta ehtiyatları var. Hər hansı bir səbəbdən, o cümlədən xarici bazarda konyunkturun pisləşməsinə görə büdcə gəlirləri ciddi şəkildə azalacağı təqdirdə büdcənin sekvestri, yəni büdcə xərclərinin azaldılması mümkündür.
Vergilər Hazirliyi iqtisadi proseslərdə daha çevik olmağa çalışır. Nazirlik vergi sistemində müasir informasiya texnologiyaları, elektron auditin tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, vergi ödəyiciləri ilə vergi orqanları arasında tərəfdaşlıq münasibətlərinin qurulması istiqamətində aparılan islahatları davam etdirmək niyyətindədir. Vergi islahatları ilə yanaşı nağdsız ödənişlərin stimullaşdırılması, nağd ödəmələrin həcminin məhdudlaşdırılması, əmək münasibətlərinin leqallaşdırılması və əmək müqavilələrinin bağlanılmasının təmin edilməsi hesabına vergitutma bazasının daha da genişləndirilməsinə nail olunmalıdır. Azərbaycanda hələ vergilərə cəlb edilməli geniş potensial mövcuddur. Nağdsız ödənişlərin həcminin artırılması vergitutma bazasının ciddi şəkildə genişlənməsi üçün mühüm mənbələrdən biridir və Azərbaycanda bu sahə yaxın zamanlarda qabaqcıl Avropa ölkələrində mövcud olan səviyyəyə çatdırılmalıdır.
Hazırda vergidən yayınma halları ən çox pərakəndə ticarət və iaşə xidmətində müşahidə edilir. Pərakəndə ticarət, ictimai iaşə, ümumiyyətlə, kassa aparatları ilə əlaqədar fəaliyyət göstərən vergi ödəyiciləri bir qayda olaraq vergidən yayınmağa çalışır. Bu sahədə yayınmağa cəhd kifayət qədərdir. Vergilər Hazirliyi kassa aparatlarının tətbiqi məsələlərinə praktiki olaraq nail olsa da, bu gün hətta Bakı şəhərinin özündə belə əksər hallarda kassa aparatlarından istifadə edilmir. Ona görə də kassa aparatları və POS-terminalların tələb olunan bütün obyektlərdə quraşdırılması və onlardan istifadə, eləcə də işçilərdə əmək müqavilələrinin bağlanması prioritet məsələlərdəndir.
Hələ də bütün pərakəndə ticarət müəssisələrində, xidmət obyektlərində müştərilərlə haqq-hesab aparılması üçün ödənş kartları ilə xidmət göstərilməsi sistemi tam formalaşmayıb. İnsanların banklara və adi kartlara da inamı arzu olunan səviyyədə deyil. Kart sahibləri nəzərə almırlar ki, hətta adi xərclərini belə kart vasitəsilə nəğdləşdirmə olmadan ödəyə bilərlər. Bunun nəticəsidir ki, pərakəndə ticarətdə qeyri-nəğd hesablaşma aşağı səviyyədədir. Bu isə vergidən yıyınmaya şərait yaradır. Çoxları hələ də plastik kartın əsas üstün xüsusiyyətlərini bilmir. Mərkəzi Bank bu sahədə ciddi və geniş maarifləndirici işlər aparmalıdır. Adamlar bilməlidir ki, plastik kartların hansı rahatlıqları var. Əslində kart sahibi nəğd pul daşımaqdan azad olur və hesablaşmaları, alqı-satqını, dükanda alveri onun vasitəsilə apara bilər. Amma reallıqda ölkədə az sayda vətəndaş bu imkanlardan istifadə edir. Böyük əksəriyyət üçün isə hələ də qeyri-nəğd hesablaşmalar yad bir prosesdir. Ona görə də indiyədək ölkədə qeyri-nəğd hesablaşmalara böyük keçid, bütün ticarət müəssisələrində plastik kartlarla hesablaşmaları tətbiq etmək mümkün olmayıb. Gərək infrastruktur formalaşsın, əhali və ticarət şəbəkələri plastik kartlar və pos-terminallarla işləməyə öyrəşsinlər. Doğrudur, son bir neçə ildə Azərbaycanda plastik kartlar bazarının müəyyən inkişafı, hətta bu sahədə banklar arasında rəqabət nəzərə çarpmaqdadır. Həğdsiz ödəmə və rahat daşınma imkanları verən həmin kartlara əhalinin marağını cəlb etmək üçün banklar müəyyən əlavə xərclərə - investisiya qoyuluşunua da gedirlər. Bankirlər hesab edir ki, əhali getdikcə nəğdsiz ödəmələrə alışır, əksər iri ticarət və xidmət obyektləri də belə sistemin işləməsini təmin edir və plastik kartlardan istifadə artmaqdadır.
Azərbaycanda nağdsız ödənişlərin inkişafı və nağd ödənişlərin məhdudlaşdırılması istiqamətində görülməsi planlaşdırılan bütün tədbirlər bir sıra mühüm iqtisadi məqsədlər güdür. Hazırda ölkədə plastik kartlarla aparılan əməliyyatların həcminin təxminən 94-95%-i nağd pulların çıxarılması üzrə əməliyyatların payına düşür. Ölkədə hazırda təxminən 5 milyon plastik kart var, lakin müxtəlif tədbirlər həyata keçirmədən, yalnız kartların sayını artırmaqla hər hansı müsbət nəticə əldə etmək mümkün olmayacaq. Bu səbəbdən nağdsız ödənişlərin artırılması və nağd ödənişlərin məhdudlaşdırılması üzrə müəyyən tədbirlər həyata keçirilməlidir.