I rübün iqtisadi yekunları və aparılan islahatlar nikbin olmağa əsas verir İqtisadiyyat

I rübün iqtisadi yekunları və aparılan islahatlar nikbin olmağa əsas verir

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda bir çox mühüm sosial-iqtisadi məsələlərə aydınlıq gətirildi, həyata keçirilən tədbirlər, əldə olunan nəticələr, iqtisadi siyasətin əsas hədəfləri açıqlandı. İlk öncə onu qeyd etmək lazımdır ki, 2020-ci il Azərbaycan üçün uğurla başlamış, ölkədə islahatların davam etdirilməsi ilə yanaşı inkişaf meyilləri də müşahidə olunmuşdur.
Bununla yanaşı, koronavirus bütün dünya iqtisadiyyatı üçün böyük problemlər yaratdığı kimi Azərbaycan iqtisadiyyatının da bir sira sahələrinə öz mənfi təsirini göstərir. Mart ayında həm neftin qiymətlərinin ucuzlaşması, həm də pandemiyanın yaratdığı risklər fonunda ilin ilk 2 ayında əldə olunmuş nəticələr 1-ci rübün ümumi yekun nəticəsinin müsbət olmasına imkan verib. Bütövlükdə götürdükdə, birinci rübün nəticələri, OPEC+ ölkələrinin son razılaşması və koranavirus təhlükəsinin də yay aylarına qədər aradan qalxması ilə iqtisadi aktivliyin təmin ediləcəyinə, 2020-ci ilin əsas sosial-iqtisadi göstəriciləri üzrə nikbin olmağa əsas verir.
Pandemiya ölkəmizdə bir sıra xidmət sahələrinə (iaşə, sərnişin nəqliyyatı, tikinti), xüsusən turizm sektoruna ciddi ziyan vursa da, istehsal sahələrində, qeyri-neft sənayesində, kənd təsərrüfatında müsbət artım meyilləri var. Belə ki, ilin ilk 3 ayında ÜDM 1,1 faiz, qeyri-neft ÜDM 3,5, qeyri–neft sektoru 3 faiz, kənd təsərrüfatı 3,7 faiz artıb. Qeyri–neft sənaye sektoruna və biznesə dövlət dəstəyinin nəticəsi olaraq bu sektorda artım daha yüksəkdir - 23 faiz. Habelə informasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, elektrik enerjisi, o cümlədən qaz-buxar istehsalı 17 faiz və yük daşımaları 7,2 faiz artıb. 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa təşkil edir. 21 rayon üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. 321 mindən artıq fermerə subsidiyalar ödənilib və s.
Dövlət büdcəsinin gəlirlərinin təmin olunmasında da hər hansı problem yoxdur. Bu isə həm də onun xərclərinin vaxtında icra olunmasına imkan verir. Dövlət nəzərdə tutulan bütün xərcləri, o cümlədədn sosial öhdəliklərini vaxtında yerinə yetirir. Belə ki, 2020-ci ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri 5,748 milyard manat proqnoza qarşı 35,9 faiz və ya 2 milyard 63 milyon manat artıq icra olunub, 7,811 milyard manat təşkil edib. Dövlət büdcəsinin xərcləri isə 5,255 milyard manat və ya proqnoza qarşı 100,8 faiz icra olunub. Nəticədə dövlət büdcəsində 2,556 milyard manat profisit yaranıb. Profisitin 1,793 milyard manatı Dövlət Neft Fondunun dövlət büdcəsinə proqnozdan artıq transfertinin payına düşür. Hətta Neft Fondunun proqnozdan artıq daxil olmuş transfertin məbləği nəzərə alınmadan belə cari ilin birinci rübünün profisiti 763 milyon manat təşkil edib. Üç ayda vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 310 milyon manat vəsait toplayıblar.
Hökumət bir daha bəyan etdi ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı əlavə ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Koronavirusla mübarizə sahəsində lazımi avadanlıqların, ləvazimatların alınması üçün Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılıb, daha 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, sosial layihələrin vaxtında icrası əsas hədəflərdəndir. Hazırda ölkədə orta aylıq əməkhaqqı 712 manat, orta pensiya 295 manat, yaşa görə pensiya isə 330 manata yaxındır. İnflyasiya isə 3 faiz səviyyəsindədir, əhalinin gəlirlərinin artımı 7 faizə yaxındır.
Bunlarla yanaşı, dövlət büdcəsinin xərclərinin optimallaşdırılması, prioritet təşkil etməyən xərclərin ixtisar edilməsi də nəzərdə tutulur. Bu məqsədlə dövlət xərclərinə yenidən baxılacaq. Əslində həm investisiya, həm də cari xərclərə yenidən baxılmalı, həm də vəsaitlərin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması hesabına iqtisadi və maliyyə vəziyyəti sabit saxlanıla bilər.
Əslində əsas hədəf ölkədə makroiqtisadi sabitlliyin təmin edilməsidir. Bu baxımdan mühüm amillərdən biri ölkədə maliyyə dayanıqlığının təmin edilməsi ilə yanaşı iqtisadi aktivliyin təmin olunması, bank sektorunun sağlamlaşdırılmasıdır. Hər halda rüb ərzində kredit qoyuluşları 2,2% artıb, hətta biznes kreditləri daha yüksək templə - 3,7%, ipoteka kreditləri 4,2% çoxalıb, istehlak kreditləri 1,9% azalıb. Bu isə ondan xəbər verir ki, qeyri-neft sektoruna kredit qoyuluşları artır, əhali isə istehlak kreditləri ilə bağlı daha ehtiyatlı davranmağa başlayıb. Karantin şəraitində insanların istehlak fəallığı müəyyən ehtiyat yaratmaq məqsədilə gündəlik ərzaq məhsullarının alınması hesabına artıb.
İxrac gəlirlərimizin, xüsusilə neft ixrac gəlirlərinin bir qədər azalmasına baxmayaraq, qeyri-neft ixracı birinci rüb ərzində artıb və bütövlükdə ölkənin ticarət balansı profisitlidir. Neftin qiymətlərinin ucuzlaşması, Azərbaycanın ixrac gəlirlərinin azalması, dollara tələbin artması manata təzyiqləri artırsa da, hökumətin rezervləri milli valyutanın məzənnəsini sabit saxlamağa imkan verir. Hətta qonşu ölkələrdə milli valyutaların ucuzlaşdığı bir vaxtda qeyri-neft sənayesində, aqrar sektorda yerli istehsalın artım gözləntiləri, habelə Mərkəzi Bankın açıqlamaları il ərzində maliyyə və bank sektorunda dayanıqlılığın təmin ediləcəyini proqnozlaşdırmağa imkan verir.

Mahir Həmzəoğlu