Ekspert: “Gözlənilən vergi güzəşti paketi müsbət təsirini göstərəcək” İqtisadiyyat

Ekspert: “Gözlənilən vergi güzəşti paketi müsbət təsirini göstərəcək”

Gözlənilən vergi güzəşti paketi hazırkı mürəkkəb iqtisadi şəraitdə milli iqtisadiyyatımızın həm sosial, həm iqtisadi, o cümlədən də fiskal dayanıqlılıq baxımından ayaqda qalması üçün ciddi baza yarada bilər. Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Rusiya məktəbinin direktorunun müavini, professor Elşad Məmmədov deyib.
O bildirib ki, ölkə iqtisadiyyatının xarici iqtisadi şokların təsiri altında dayanıqlılığının qorunması üçün dövlətimizin başçısının tapşırığı ilə hazırlanan iqtisadi paketlər çərçivəsində vergilərlə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış paket milli iqtisadiyyatımızın həm fiskal, həm də bütövlükdə sosial iqtisadi baxımdan dayanıqlılığının qorunmasına xidmət edir: “Nəzərə almaq lazımdır ki, bu paket kifayət qədər mürəkkəb iqtisadi şəraitdə həm işgüzar fəallığın qorunmasına, həm sosial baxımdan əhalinin geniş təbəqələrinin müdafiə olunmasına, həm də fiskal siyasətin dayanıqlılığının qorunmasına müsbət təsirini göstərəcək. Paketin konkret təsnifatına nəzər salsaq biz, ilk növbədə onu qeyd etməliyik ki, paketin sosial tərəfi olduqca önəmlidir. Bu paketin tətbiqi nəticəsində biz, görə bilərik ki, faktiki olaraq ən çox pandemiya ilə bağlı olan proseslərdən əziyyət çəkən iqtisadi sahələrə dəstəyin verilməsi nəzərdə tutulur. Bu da əhalinin geniş təbəqəsinin sosial rifahının gücləndirilməsi və qorunması üçün çox önəmlidir. Əgər biz, paketin strukturuna nəzər salsaq, şübhəsiz ki, məhz bu ağır iqtisadi şəraitdə sadələşdirilmiş vergilər ödəyən biznes kateqoriyasına, yəni dövriyyəsi az olan biznes kateqoriyasına 50 faizlik sadələşdirilmiş vergilərlə bağlı güzəştlərin verilməsini qeyd etməliyik. Bu, hazırkı şəraitdə məhz pandemiyadan əziyyət çəkən biznes təbəqələri üçün kifayət qədər əhəmiyyətli bir dəstək formasıdır. Eyni zamanda, biz, sosial sığortalarla bağlı ödənişlərin azalmasına da toxunmalıyıq. Bu da fiskal yığımlar baxımdan biznes qurumları üçün xeyli dərəcədə fiskal yükün azaldılması deməkdir. Çünki sosial sığorta ilə bağlı olan xərclər də biznes qurumu üçün fiskal yığımların bir hissəsi kimi çıxış edir. Eyni zamanda, mənfəət vergisinin 75 faiz azaldılması olduqca önəmlidir. Burada biz, şirkətlərə dəstəyin verilməsi ilə yanaşı, bütövlükdə milli iqtisadiyyatımızın investisiyalar baxımından stimullaşdırılması məsələsini qeyd etməliyik ki, bu, olduqca önəmlidir. Çünki hazırkı şəraitdə mümkündür ki, dövlət kapital qoyuluşlarında azalma olsun və belə olan halda sözsüz ki, biznes tərəfdən özəl investisiyaların artımına çox ciddi ehtiyac var. Düşünürəm ki, 75 faizlik mənfəət vergisinin ödənilməsi ilə bağlı azalma, eyni zamanda, amortizasiya xərclərinin investisiyaların artımına səbəb ola bilər. Bu da milli iqtisadiyyatımız üçün olduqca ciddi dəstəkdir”.
“Sərnişindaşımalarla, ictimai iaşə bağlı olan sahələrdəki vergi güzəştləri də şübhəsiz ki, iqtisadiyyatın hazırkı şəraitdə təzyiq hiss edən sahələri üçün bir dəstək mexanizmi kimi dəyərləndirilməldir. Bununla yanaşı, vergilərlə bağlı digər mühüm addım sahibkarlıq məqsədilə öz əmlaklarını icarəyə verən biznes kateqoriyaları üçün 14 faizlik gəlir vergisindən azad olunma milli iqtisadiyyatın inkişafı baxımından sahibkarlıqla məşğul olan, əmlaklarını icarəyə verən kateqoriya üçün dəstəkdir. Bu da kifayət qədər geniş kateqoriyadır. Biznes subyektlərinin faktiki olaraq gəlir vergisindən 14 faizlik həcmdə azad olunması, yəni bu gəlir vergisinin sıfırlaşdırılması həmin biznes kateqoriyaları üçün ciddi təşviqedici dəstək mexanizmidir. Eyni zamanda, sahibkarların müddətli olaraq əmlak və torpaq vergisindən azad olunması da şübhəsiz ki, onlara öz işgüzar fəallıqlarının reallaşdırılması üçün stimullaşdırıcı tədbirlər kimi dəyərləndirilməldir. Nəzərə alınmalıdır ki, bu növ vergi kateqoriyaları işgüzar fəallığın, dövriyyənin hansı səviyyədə asılı olmayaraq vergiyə cəlb olunurdular və indiki halda həmin kateqoriya vergiödəyicilərinə güzəştlərin edilməsi onların biznesinin ayaqda qalması üçün çox ciddi şəkildə şərait yaratmış olur. Hesab edirəm ki, reallaşdırılması gözlənilən vergi güzəşti paketi hazırkı mürəkkəb iqtisadi şəraitdə milli iqtisadiyyatımızın həm sosial, həm iqtisadi, o cümlədən də fiskal dayanıqlılıq baxımından ayaqda qalması üçün ciddi baza yarada bilər”, - deyə E.Məmmədov əlavə edib.