Neftin ucuzlaşması nə vaxtadək davam edəcək? İqtisadiyyat

Neftin ucuzlaşması nə vaxtadək davam edəcək?

"Vestifinance" saytı: "Bütün proseslərin yekunu olaraq 2-3 ildən sonra neftə tələbatın təklifi üstələyəcəyi gözlənir"

Neft bazarı iştirakçıları qara qızılın böyük həcmdə təklifi səbəbindən ucuzlaşmasından narahatdır. Artıq gələn ildən vəziyyət bir qədər dəyişə bilər. "Vestifinance" saytına istinadla bildirir ki, analitiklər qiymətlərin aşağı düşməsini neftin böyük həcmdə istehsalı ilə izah edirlər. Sentyabr ayında dünyanın iri neft ixracatçısı olan Səudiyyə Ərəbistanı bazarda öz yerini qoruyub saxlamaq üçün hasilatı 0,5 faiz artıraraq gündə 9,65 milyon barrelə çatdırıb.
ABŞ-ın neft istehsalını artırması da qiymətlərə öz təsirini göstərir. Birləşmiş Ştatların Energetika Nazirliyinin məlumatına görə, hasilat 2011-ci ildən bəri 47 faiz artaraq sutkada 5,7 milyon barreldən 8,4 milyon barrelə çatıb. Bu artımın 2020-ci ildə pik həddə çatacağı və sutkada 9,6 milyon barrel olacağı ehtimal edilir ki, bu da ABŞ-ı qlobal neft ixracatçısına çevirəcək.
Sutkada 29,5 milyon barrel neft istehsal edən OPEK gələn il tələbatın sutkada 1,19 milyon barrel artacağını, bununla yanaşı hasilatın 300 min barrel azalacağını proqnozlaşdırır. Lakin enerji balansında proqnozlaşdırma problemləri də yaşanır. Bu əsasən Liviya, İraq və İranda istehsalın qiymətləndirilməsində yaranan çətinliklərlə bağlıdır. Liviya hökuməti neft istehsalının sutkada 800 min barrelə çatdığını bildirsə də, bəzi yataqlar hərbi əməliyyatlar səbəbindən təhlükə altındadır. Səudiyyə Ərəbistanının əsas rol oynadığı OPEK-ə daxil olan bu üç ölkə ümumilikdə sutkada 7 milyon barrel neft istehsal edir (İran 3 milyon, İraq 3,2 milyon, Liviya 0,8 milyon barrel). Buna görə də həmin ölkələrin istehsal həcmindəki dəyişikliklər dünya neft bazarına əhəmiyyətli dərəcədə təsir edə bilər.
Liviya və İraqda müharibənin nə qədər davam edəcəyini, Qərblə İran arasında münasibətlərin necə dəyişəcəyini qabaqcadan demək çətindir. Sanksiyaların mümkün zəifləməsi İranın daha çox neft ixrac etməsinə şərait yarada, bu da mövcud balansı poza və qiymətlərin kəskin azalmasına gətirib çıxara bilər. Analitiklər xatırladırlar ki, OPEK ölkələri son dəfə neft istehsalının həcmini 2008-ci ildə qiymətlərin 147,27 dollardan 32,40 dollara düşməsinə səbəb olan dünya maliyyə böhranı fonunda sutkada 2,46 milyon barrelə qədər azaltmışdılar.
Şərq qeyri-sabit regiondur, yeni iğtişaşların baş verəcəyi yeri və onların miqyasını təyin etmək, demək olar, mümkünsüzdür. Bu kimi planlaşdırılmamış itkilər də gələcəkdə neft qiymətlərinin dəyişməsində böyük rol oynaya bilər.
"Vestifinance" çox ehtiyatla belə bir proqnoz verir: bütün proseslərin yekunu olaraq 2-3 ildən sonra neftə tələbatın təklifi üstələyəcəyi gözlənir.
ABŞ-ın La Salle Universitetinin iqtisadi və siyasi eksperti Edvard Turzanski hesab edir ki, yeni texnologiyalar sayəsində ABŞ-da neft hasilatının kəskin artması neft bazarında bolluq yaradıb: "Dünya enerji bazarı kökündən dəyişir və bunun geosiyasətdə fəsadları olacaq."
İqtisadçıların fikrincə, bu dəyişiklik Avopadakı iqtisadi artımı yavaşıdır. Asiya da neft təchizatının bol vaxtında enerji tələbatını azaldır. Bunların kombinasiyası nəticəsində neft qiymətləri ucuzlaşır.
Qeyd edək ki, dünya birjalarında neftin qiyməti ötən gün müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Jorkun NJMEX ("New Jork Mercantile Exchange") birjasında "Layt" markalı neftin bir barrelinin qiyməti 0,22 dollar ucuzlaşaraq 82,49 dollar, Londonun İCE ("İnterContinental Exchange Futures") birjasında isə "Brent" markalı neftin bir barrelinin qiyməti 0,82 dollar bahalaşaraq 86,22 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən AzərTAc-a verilən məlumata görə, "AzəriLayt" markalı neftin bir barrelinin qiyməti London birjasında 0,79 dollar bahalaşaraq 88,88 dollar təşkil edib.