ARDHŞ “Petlim“ şirkətindəki iştirak payını satır İqtisadiyyat

ARDHŞ “Petlim“ şirkətindəki iştirak payını satır

Türkiyədəki layihəyə "Goldman Sachs"ı cəlb edilir

Azərbaycan Dövlət Neft Neft Şirkətinin (ARDNŞ) törəmə qurumu olan "SOCAR Turkey"in sahibi olduğu "Petkim Holding"in "Petlim Limançılıq" ("Petlim") şirkətindəki iştirak payını satır. APA-nın Türkiyənin "Dünya" qəzetinə istinadən verdiyi məlumata görə, artıq bu satış üçün şirkət "Goldman Sachs" (ABŞ) investisiya şirkəti ilə danışıqlara başlayıb.
Məlumata görə, "Petlim"in satışından əldə ediləcək gəliri ARDNŞ "Star" neft emalı zavodunda səhm payını artırmaq üçün istifadə etməyi planlaşdırır.
"SOCAR Turkey" şirkətinin rəhbəri Kənan Yavuzun sözlərinə görə, inşası davam etdirilən "Petkim Limanı"nın gücünün 1,5 mln. TEU-ya çatdırılması planlaşdırılır: "Limandakı səhm payımızın satışı və ya strateji maliyyə ortaqlığı üçün danışıqlar aparırıq". K.Yavuz satılacaq pay nisbətinin 25% ətrafında ola biləcəyini qeyd edib. O, limanın tikintisinin maliyyələşdirilməsində hər hansı bir çətinliyin olmadığını söyləyib: "Artıq danışıqlara başlamışıq. Gərək ölkəmizə sərmayə axınını davam etdirək və şirkətimizə olan etibarı bir daha sübut edək. Bu addımı layihələrimizi beynəlxalq səviyyədə davam etdirmək və maliyyə baxımından yaranmış müəyyən ehtiyaclarımızı ödəmək üçün atırıq".
K.Yavuz "Goldman Sachs"ın layihədə iştirakını maliyyə dəstəyindən daha çox, dünyanın ən böyük strateji sərmayədarının layihəyə qatılması faktının əhəmiyyəti baxımından vacib məsələ kimi dəyərləndirir.
ARDNŞ Türkiyənin İzmir şəhərindəki Petkim yarımadasında inşa etdiyi "STAR Rafineri A.Ş." neft emalı zavodunun layihə idarəetmə məsləhətçiliyini isə İsveçrənin "Foster Wheller" şirkəti həyata keçirəcək. "STAR" zavodu "Foster Wheller"in törəmə qurumu olan "Global Engineering and Construction Group" şirkəti ilə müqavilə bağlayıb. "Foster Wheeler" ilə bağlanmış müqavilənin dəyəri barədə məlumat açıqlanmır. Xatırladaq ki, neftayırma zavodunun ilkin mühəndislik işlərini də "Foster Wheeler" şirkəti reallaşdırıb.
Qeyd edək ki, qlobal mühəndislik və inşaat şirkəti olan "Foster Wheller" bir çox ölkələrdə inşaat, emal avadanlıqlarının quraşdırılması layihələri həyata keçirir. Şirkətin "Global Engineering and Construction Group" törəmə qurumu neft və qaz, maye qaz, neft emalı, kimya və neft-kimya, enerji, mineral və metal, ətraf mühit, dərman, bio-texnologiya və səhiyyə sahələrində müasir təsislərin layihələndirilməsi və inşasını həyata keçirir.
ARDHŞ-in Türkiyədə "Star" neft emalı zavodunun tikintisi ilə bağlı hazırlıq işlərinə artıq başlanılıb. Tikinti işlərini İspaniya, İtaliya, Yaponiya və Cənubi Koreya şirkətlərinin daxil olduğu konsorsium aparır. Artıq İzmirin Petkim yarımadasında tikintisi aparılacaq tikinti üçün hazırlıq görülüb. Bu ərazi bir neçə sahələrə bölünəcək. Zavodun 9,5 mln. kv. metr sahəsində torpaq-qazma işləri aparılacaq və bunun artıq əsas hissəsi yerinə yetirilib. Lakin görüləcək işlərdən drenaj sistemlərinin qurulması və s. işləri çıxsaq, ümumi olaraq işin yarısı görülüb. Sahənin hazırlıq işləri 2014-cü ilin sonunda başa çatacaq.
Bura 1200 ton ağırlığında olan kolonlar gətiriləcək və bunun üçün də burada xüsusi hazırlıq işləri aparılır. Artıq "Star" emal zavodunda istehsal olunacaq nafta məhsulunu (kimya sənayesində istifadə olunan məhsul) daşımaq üçün "Petkim" şirkəti 3 dənə 73 min tonluq çən quraşdırıb. İşlər tam yekunlaşdıqdan sonra bu çənlər ləğv olunacaq. Bu günə qədər Türkiyədə nafta məhsulunu "Tüpraş" şirkəti istehsal edib. "Star" emal zavodunda ildə 1,7 mln. ton nafta məhsulu ilə bərabər ildə 6 mln. ton dizel yanacağı istehsal ediləcək. Əgər ehtiyac yaranarsa, bu zavodda benzin də istehsal ediləcək. Burada həmçinin qırıcı təyyarələr üçün yanacağın istehsal olunacağı gözlənilir.
Növbəti 7-8 il ərzində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin energetika sektoruna 10 mlrd. dollar investisiya yatıracaq. Bu vəsait TANAP kəməri istisna olmaqla nəzərdə tutulub. TANAP-la birlikdə isə Azərbaycanın Türkiyənin energetika sahəsinə yatıracağı investisiyanın həcmi 17 mlrd. dollar təşkil edəcək. Bu günədək ARDNŞ Türkiyəyə 2 mlrd. dollar yatırım qoyub. Bundan başqa, şirkət "Petkim"ə 1,76 mlrd. dollar, Türkiyədə inşa olunan "STAR" neft emalı zavoduna isə 5-5,5 mlrd. dollar vəsait yatıracaq. Azərbaycanın xarici neft-qaz sektoruna birbaşa investisiyaları Dövlət Neft Şirkətinin Türkiyə, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə yanacaq-energetika və neft-kimya sahələrində iştirakından formalaşır.
Azərbaycanın və Türkiyənin uğurları, iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq, həyata keçirilən transmilli layihələr iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərir. Türkiyə Azərbaycanın ən iri ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi keçən il təqribən 4 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 2013-cü ildə keçən ilə nisbətən 20% artıb.
Azərbaycan və Türkiyə inkişaf dövrlərini yaşayır. Hər iki ölkənin böyük potensialı var. Hazırda Azərbaycanda Türkiyə sərmayələri əsasında 1106 şirkət, Türkiyədə isə 1000-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Türkiyənin Azərbaycana investisiyaları təxminən 1,9 mlrd. ABŞ dolları, ARDNŞ və digər Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyaları isə təxminən 4,5 mlrd. dolları təşkil edir.

Tərlan