“Milli mətbuatımız öz ictimai missiyasını qoruyub saxlaya bilib” Cəmiyyət

“Milli mətbuatımız öz ictimai missiyasını qoruyub saxlaya bilib”

“Azərbaycan Milli Mətbuatı ötən 151 il ərzində mürəkkəb, lakin zəngin inkişaf yolu keçib. Bu yol təkcə mətbuat tarixinin deyil, həm də Azərbaycan cəmiyyətinin siyasi, sosial və mədəni inkişaf tarixinin ayrılmaz tərkib hissəsidir. Çünki milli mətbuat hər zaman cəmiyyətdə baş verən dəyişikliklərin həm güzgüsü, həm də aparıcı qüvvələrindən biri olub”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

M.Ələsgərli qeyd edib ki, son 30 il ərzində, yəni müstəqillik illərində Azərbaycan mediası tamamilə yeni reallıqla üzləşib: “Senzuranın ləğvi, söz və məlumat azadlığının hüquqi təminatı, özəl media sektorunun formalaşması, internet jurnalistikasının meydana çıxması və rəqəmsal kommunikasiya vasitələrinin sürətli inkişafı media sisteminin mahiyyətini dəyişdirib. XXI əsrin mediası artıq yalnız qəzet, televiziya və xəbər saytlarından ibarət deyil. Sosial media platformaları ənənəvi medianın əsas rəqiblərinə çevrilib, süni intellekt texnologiyaları isə jurnalistika peşəsinin mahiyyətini yenidən formalaşdırmağa başlayıb. Belə şəraitdə medianın əsas üstünlüyü informasiyanı ilk çatdırmaq deyil, onun doğruluğunu təsdiqləmək, peşəkar standartlara uyğun təqdim etmək və ictimai etimadı qorumaq bacarığıdır. Son illərdə Azərbaycanda media qanunvericiliyinin təkmilləşdirilməsi, media subyektlərinin institusional inkişafına dövlət dəstəyinin gücləndirilməsi və peşə standartlarının formalaşdırılması istiqamətində həyata keçirilən islahatlar milli media sektorunun yeni dövrün şərtlərinə uyğunlaşmasını təmin edir”.

Media ekspertinin sözlərinə görə, son illərin geosiyasi prosesləri də göstərdi ki, media artıq yalnız ictimai institut deyil, eyni zamanda, milli təhlükəsizliyin mühüm elementlərindən biridir: “Xüsusilə Vətən müharibəsi dövründə və ondan sonrakı mərhələdə informasiya məkanında gedən mübarizə sübut etdi ki, dezinformasiyaya qarşı mübarizə, milli informasiya suverenliyinin qorunması və cəmiyyətin düzgün məlumatlandırılması dövlətin strateji prioritetləri sırasındadır. Bu baxımdan peşəkar jurnalistikanın əhəmiyyəti daha da artır. Çünki informasiya bolluğu şəraitində ən böyük problem informasiyanın çatışmazlığı deyil, etibarlı informasiyanın seçilməsidir”.

O həmçinin vurğulayıb ki, 151 illik inkişaf yolu göstərir ki, Azərbaycan milli mətbuatı bütün tarixi sınaqlardan keçərək öz ictimai missiyasını qoruyub saxlaya bilib: “Bu gün də onun əsas vəzifəsi dəyişməz qalır: cəmiyyəti obyektiv məlumatlandırmaq, ictimai maraqları müdafiə etmək, peşə etikası prinsiplərinə sadiq qalmaq və milli informasiya məkanının dayanıqlığının möhkəmləndirilməsinə töhfə vermək. Məhz bu prinsiplər üzərində qurulan media həm dövlətin, həm cəmiyyətin, həm də demokratik inkişafın etibarlı tərəfdaşı ola bilər”.

Röya İsrafilova