“İnvestisiyalar dayandıılmalıdır” İqtisadiyyat

“İnvestisiyalar dayandıılmalıdır”

Pərviz Heydərov: "Manatın da ABŞ dollarına görə məzənnəsində "titrəyiş" hiss oluna bilər"

Son zamanlar bəzi kütləvi informasiya vasitələrində Mərkəzi Bankın valyuta ehtiyatlarının həcminin dəyişməsi ilə bağlı müxtəlif məzmunlu yazılar verilir.
Mərkəzi Bankdan verilən məlumata görə, valyuta ehtiyatlarının saxlanılmasının başlıca məqsədləri pul və valyuta siyasətinin həyata keçirilməsi və ölkədaxili maliyyə sabitliyinin təmin olunmasıdır. Mərkəzi Bankın valyuta ehtiyatları makroiqtisadi sabitliyin mühüm amillərindən biri olmaqla məzənnə sabitliyinin qarantı, valyuta böhranlarına qarşı "təhlükəsizlik yastığı"dır. Bununla əlaqədar valyuta bazarında tələb və təklifin balanslaşdırılmasına nail olmaq üçün Mərkəzi Bank bazara alış və ya satış yönlü müdaxilələr edir.
Bu məqsədlə də Mərkəzi Bank tərəfindən 2014-cü ildə valyuta bazarına alış və satış yönlü müdaxilələr edilmişdir. Belə ki, 2014-cü ilin 11 ayı ərzində manatın məzənnəsinin ABŞ dollarına qarşı kəskin bahalaşmasının qarşısını almaqdan ötrü valyuta bazarında təklifin tələbi üstələməsini nəzərə alaraq 1 milyard 270 milyon ABŞ dolları məbləğində alış yönlü müdaxilə edib.
Lakin, dekabr ayında qonşu ölkələrdə, xüsusilə Rusiya Federasiyasında valyuta bazarında baş verən böhran nəticəsində rublun kəskin ucuzlaşması, o cümlədən digər qonşu olkələrdə milli valyutaların məzənnəsinin əhəmiyyətli düşməsi Azərbaycanın valyuta bazarına psixoloji təsir göstərib. Nəticədə 2014-cü ilin dekabr ayının ortalarında ABŞ dollarına tələbat yaranıb və bazarda yaranan yeni durumu tənzimləmək üçün öz funksiyasına uyğun olaraq Mərkəzi Bank qeyri-nağd və nağd şəkildə bazara 1 milyard 127 milyon ABŞ dolları məbləğində satış yönlü müdaxilə edib. Nəticədə manatın sabitliyi qorunub, valyuta ehtiyatlarının həcmi isə xalis olaraq 143 milyon ABŞ dolları məbləğində artımda qalıb. Beləliklə, görülən çevik tənzimləmə tədbirləri nəticəsində valyuta bazarında tam sabitlik təmin olundu və artıq Mərkəzi Bank bazarda alışyönlü müdaxilə rejiminə qayıdıb.
Halbuki, Rusiyada, eləcə də digər qonşu ölkələrdə mərkəzi bankların əhəmiyyətli valyuta satışı müdaxilələrinə baxmayaraq milli valyutaların sabitliyini qorumaq mümkün olmayıb. Nəticədə, bir sıra milli valyutalar ABŞ dollarına qarşı ciddi devalvasiyaya uğrayıblar. Rus rublu 80%, qazax təngəsi 19%, türkmən manatı 22%, belarus rublu 17%, Ukrayna qrivnası 90%, turk lirəsi 8% ucuzlaşıb.
Qeyd edək ki, beynəlxaq reytinq agentlikləri bu yaxınlarda Azərbaycan manatını MDB və Şərqi Avropa məkanında, habelə təbii resurslarla zəngin ölkələr arasında ən sabit və etibarlı valyuta kimi tanıyıb.
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatlarının ümumi həcminin statistik azalması isə valyuta ehtiyatlarının idarə edilməsi strategiyasına uyğun olaraq valyuta diversifikasiyasından irəli gələn amillərlə bağlıdır. Belə ki, valyuta ehtiyatları Mərkəzi Bankın investisiya strategiyasına uyğun olaraq ehtiyatların qorunması və gəlirliliyin təmin edilməsi məqsədilə ABŞ dolları ilə yanaşı, əsasən avro və ingilis funt sterlinqi olmaqla müxtəlif sərbəst dönərli valyutalara diversifikasiya olunaraq idarə olunur. Məhz buna görə də ABŞ dollarının bu valyutalara qarşı möhkəmlənməsi təbii olaraq ABŞ dollarında yenidənqiymətləndirmə nəticəsində ehtiyatların nisbi dəyərinin dəyişməsinə gətirib çıxarır.
İqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, artıq dünya bazarlarında neftin 1 barrelinin qiyməti 50 ABŞ dollarından da aşağı səviyyədədir: "Bu cür sürətlə ucuzlaşma gəlirləri neftin ixracından asılı olan ölkələrdə dövlət daxilolmalarını azaldır. Ucuzlaşma 2015-ci ilin ortasınadək davam edərsə, makroiqtisadi sabitlikdə "titrəyiş" yarana bilər. Bu da özünü, ilk növbədə manatın alıcılıq qabiliyyətində göstərəcək. Qonşu Rusiyadakı vəzyyət buna əyani sübutdur. Son günlər digər qonşu ölkələrdə - Türkiyə və Gürcüstanda da eyni tendensiya start götürüb ki, bu, heç də rublun ucuzlaşmasından qaynaqlanmır. Yeri gəlmişkən, rublun enişi Azərbaycan manatına birbaşa olaraq təsir etmir və edə də bilməz. Azərbaycan Mərkəzi Bankı (AMB) 2013-cü ilin yanvarın 10-dan manatın məzənnəsini müəyyənləşdirməkdə manat və ABŞ dollarının nəzərə alınması siyasətindən istifadə edir ki, əvvəl dollar/avro səbətindən istifadə olunurdu. Hansı ki, bu mexanizm, yəni manatın məzənnəsinin müəyyən edərkən bivalyuta (dollar/avro) səbətindən istifadə 2008-ci ildən qüvvədə idi. Dediyimiz odur ki, rubl ABŞ dollarına görə məzənnədən düşdükcə manat da ona nəzərən bahalaşır. Lakin qeyd etdiyimiz kimi, ucuzlaşma ilin ortasınadək davam edərsə, manatın da ABŞ dollarına görə məzənnəsində "titrəyiş" hiss oluna bilər". Onun sözlərinə görə, ümumiyyətlə, hər bir ölkənin milli valyutası dünyanın aparıcı valyutalarına nəzərən məzənnədən düşməyə başlayırsa bu, həmin ölkənin iqtisadiyyatında makrosabitlik üçün təhlükədir: "Milli valyutaların dəyəri məxsus olduğu ölkərin iqtisadi gücünü və onlarda istehsal olunan ümumi daxili məhsul həcmini göstərir. Milli valyuta ölkənin Mərkəzi Bankı tərəfindən ya "şüurlu" və yaxud "düşünülmüş" şəkildə dəyərdən salına, ya da ölkədə tədiyyə balansının pozulması - idxalın ixracı getdikcə kəskin üstələməsi ucuzlaşdıra bilər. Azərbaycanda hər iki cəhətdən vəziyyət qənaətbəxşdir. Düzdür, ixracının əsas hissəsini neft və karbohidrogen məhsulları təşkil edən ölkələrin milli valyutaları ABŞ dollarına çox bağlıdır. Çünki, dünya bazarlarında neft və neft məhsulları ABŞ dollarına alınıb-satılır. Rusiya ilə Azərbaycan da bu qəbildən olan ölkələrdəndir. Belə ki, rublun ABŞ dollarına görə məzənnədən düşməsi məlum səbəblər üzündən Moskvaya qarşı tədbiq edilən iqtisadi sanksiyalarla yanaşı, həm də neftin ucuzlaşması ilə əlaqədardır. Sözügedən ölkəyə demək olar, hər gün bir qədər də az dollar daxil olur, odur ki, dövriyyədə artıq rubl kütləsi yaranır. Ona görə də ya rubl sərbəst buraxılmalı, ya da dövriyyəyə müdaxilə edərək artıq rubl kütləsi çıxarılmalıdır. Bu isə dövlətin əlində mövcud valyuta ehtiyatları vasitəsilə həyata keçirilə bilər. Başqa sözlə desək, sözügedən müdaxilə müəyyən limitə sahibdir ki, Rusiyada da bundan istifadə çoxdan maksimuma yaxınlaşıb".
Ekspert hesab edir ki, manat sabit vəziyyətdədir: "Əvvəla ölkəmizə qarşı Rusiyadan fərqli olaraq iqtisadi sanksiyalar tədbiq edilməyib. İkincisi Azərbaycan Rusiya kimi böyük ölkə olmadığından sahib olduğu iqtisadi "təhlükəsizlik yastığı" daha uzun müddətə yararlı xüsusiyyət kəsb edir. Üçüncüsü də ölkəmizin tədiyyə balansı bayaq da qeyd etdiyimiz kimi müsbət saldoya malikdir. Düzdür, maliyyə naziri Samir Şərifov da neftin ucuzlaşması ilə əlaqədar dövlət büdcəsində olmasa da, icmal büdcədə özünü əyani göstərəcəyini qeyd edib. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi ucuzlaşma 2015-ci ilin ortasınadək davam edərsə ARDNF-ə gəlirlər azala bilər. İcmal büdcə "əriyərsə" onun daxilində dövlətin əsas maliyyə sənədi üzrə də gəlir və xərclərin də nəzərdə tutulduğu kimi həyata keçirilməsi mümkün deyil. Yəni, belə vəziyyət yaranarsa ardınca büdcə xərcləri də azaldılmalıdır. Bu zaman sosial xərclər isə azaldıla bilməz, çünki bunlar sekvestri mümkün olmayan xərclərdir. Deməli, investisiyalar dayandıılmalıdır. Bu isə qeyri-neft sektorun maliyyələşməsini məhdudlaşdıra bilər".

Əli