Parlament ötən ilki büdcə icrasının müzakirəsinə başlayıb İqtisadiyyat

Parlament ötən ilki büdcə icrasının müzakirəsinə başlayıb

Əli Məsimli: ""Kölgə iqtisadiyyatı"nın hətta bir hissəsinin vergiyə cəlb olunması dövlət büdcəsinə ildə orta hesabla əlavə 1,8-3 mlrd. manat vəsait cəlb olunması deməkdir"

Milli Məclisin (MM) İqtisadi siyasət komitəsinin dünənki iclasında "Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi və "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklərin edilməsi barədə qanun layihəsi müzakirə olunub.
Gün.Az xəbər verir ki, MM-in iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, 2014-cü il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub və qarşıya qoyulan hədəflərə nail olunub: "Dünyada yaşanan iqtisadi böhran şəraitində 2014-cü ildə də Azərbaycan iqtisadiyyatı öz inkişafında böyük irəliləyişə nail olub. Həmçinin, neftin qiymətinin kəskin dərəcədə aşağı düşməsinə baxmayaraq, Azərbaycan ötən ildə də iqtisadi cəhətdən inkişafına davam edib".
Sonra müzakirə olunan məsələ barədə məlumat verən maliyyə nazirinin müavini Azər Bayramov 2014-cü il dövlət büdcəsinin icrasına dair bildirib ki, dünyadakı qeyri-sabit iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artım tempinin qoruyub.
2013-cü illə müqayisədə 2014-cü ildə 2,8% çox, yəni 59 mlrd. manatlıq ÜDM istehsal olunub. Ötən qeyr-neft sektorunda 7%-lik real artıma nail olunub. Bununla da, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 61%-dək yüksəlib. ÜDM-in 39%-i neft-qaz sektorunun payına düşüb ki, bu da 2013-cü ilə nisbətən 2,9% artım deməkdir.
Nazir müavini qeyd edib ki, 2014-cü ildə ölkə iqtisadiyyatına yatırılan investisiyaların 72,3%-i daxili investisiyaların payına düşüb. Bununla da, daxili investisiyalar xarici investisiyaları xeyli üstələyib:
"Hesabat dövründə orta aylıq əmək haqları 4,5% artaraq 444,3 manat təşkil edib. 2013-cü illə müqayisədə əhalinin gəlirləri 4,8% artaraq 39,4 milyard manata çatıb. Hər nəfərə düşən gəlirlərin artımı 3,5% olub ki, bu da inflyasiyadan 2,1% çoxdur".
A.Bayramov həmçinin deyib ki, ötən il dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manatlıq proqnoza qarşı 18 mlrd. 400 mln. 565 min manat olub:
"Bu, nəzərdə tutulandan 16,6 milyon manat çoxdur. Beləliklə, proqnoza 100,1% əməl olunub".
Nazir müavini əlavə edib ki, hesabat dövründə büdcə xərcləri 20,063 mlrd. manatlıq proqnoza qarşı 18 mlrd. 708 mln. 999 min 987 manat və yaxud 93,3% icra edilib.
"Büdcə kəsiri isə 308 milyon 434 min 756 manat səviyyəsində göstərilib", - deyə o qeyd edib.
İcmal büdcəsinə toxunan A. Bayramov qeyd edib ki, 2014-cü ilin icmal büdcənin gəlirləri 21 mlrd. 985,9 mln. proqnoza qarşı 23 mlrd. 82,2 mln. manat və yaxud 105%, xərcləri isə 24,444 mlrd. proqnoza qarşı 21 mlrd. 417,7 mln. manata və yaxud 87,6% icra olunub. İcmal büdcədə 1 mlrd. 664,5 mln. büdcə profisiti yaranıb.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2014-cü ilin dövlət büdcəsinin icrasına dair hesabatını açıqlayaraq, onun müsbət dəyərləndirildiyini söyləyib.
Onun sözlərinə görə, amma ötən il yol vergisi və torpaq vergisindən büdcəyə daxilomlalar azlıq təşkil edib.
Müzakirələr zamanı isə çıxış edən millət vəkili Vahid Əhmədov ötən il əhalinin istehlak xərclərinin 2013-cü illə müqayisədə artaraq 69 faizə çatdığını bildirib və sözlərinə əlavə edib ki, 2014-cü ildə əhalinin banklardakı əmanətləri də azalıb.
"Bunun müqabilində, bankların kreditlərlə bağlı faiz dərəcələri 2013-cü illə müqayisədə artaraq, 1,8 faizdən 2,5 faizə yüksəlib".
V.Əhmədov həmçinin, dövlət büdcəsindən ayrılan kreditlərin geriyə qaytarılması məsələsinə toxunaraq, bundan narahatlığını ifadə edib:
"Bildiyiniz kimi, dövlət büdcəsindən əsasən dövlət təşkilatlarına kreditlər ayrılır. Amma ayrılan kreditlərin cəmi 49 faizi geri qaytarılıb. Bəs, qalan 51 faiz hardadır? Biz hər dəfə bu məsələni qaldlırırıq, amma heç bir nəticə, dönüş yoxdur. Həmin təşkilatlar niyə kreditlərini qaytarmır, niyə onlar haqqında heç bir cəza tədbirləri görülmür? Belə, olmaz axı?!"
O, daha sonra icbari tibbi sığorta məsələsinə toxunub.
"Son illər demək olar ki, hər il dövlət büdcəsindən icbari tibbi sığortaya vəsait ayrılır. Ötən il də bunun üçün 10 milyon manat vəsai ayrılıb. Ancaq nə ötən il, nə ondan əvvəl, nə də bu il bu vəsait icraya yönəldilib, icbari tibbi sığortatnın tətbiqinə başlanılıb. Əgər icbari tibbi sığortanın tətbiqinə başlanılmayacaqdısa, onda nəyə görə bu vəsaitlər ayrılırdı? Bu da insanlarımızı çox ciddi narahat edən məsələlərdəndir".
Sözügedən komitənin üzvü Əli Məsimli öz növbəsində bildirib ki, "kölgə iqtisadiyyatı"nın hətta bir hissəsinin vergiyə cəlb olunması dövlət büdcəsinə ildə orta hesabla əlavə 1,8-3 mlrd. manat vəsait cəlb olunması deməkdir. Onun sözlərinə görə, Dünya Bankının rəqəmlərində Azərbaycanda kölgə iqtisadiyyatı 60%, Dövlət Statistika Komitəsinin rəqəmlərində isə 7-8% təşkil edir: "Məncə, bunun heç biri düzgün deyil və bu göstərici təxminən 33% təşkil edir".
Qanun layihəsi müzakirələrdən sonra MM-in plenar iclasına tövsiyə olunub.