7 Aprel 11:23
5 446
“”Füyuzat” və o vaxtkı digər azsaylı milli jurnallarla bərabər “Molla Nəsrəddin” jurnalı da bir düşüncə məktəbi, milli oyanış tribunası idi. Bəli, o jurnalların hərəsinin öz üslubu, kulturoloji, sosio-fəlsəfi yanaşmaları vardı. 1906-cı ildə Cəlil Məmmədquluzadənin rəhbərliyi ilə nəşrə başlayan “Molla Nəsrəddin”, əslində, Azərbaycan cəmiyyətinin özünüdərkinə güzgü tutdu”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Beynəlxalq “ALAŞ” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı söyləyib.
O qeyd edib ki, “Molla Nəsrəddin”in ən böyük xidməti xalqı “gülərək oyatmaq” idi: “O, cəhaləti, fanatizmi, sosial ədalətsizliyi, geriliyi satira ilə ifşa edir, amma bunu yalnız tənqid naminə yox, dəyişiklik naminə edirdi. Bu baxımdan jurnal həm ədəbi hadisə, həm də ictimai-siyasi və mədəni transformasiya aləti idi. Jurnalın dili özəlliklə diqqətəlayiqdir. O, ağır, anlaşılmaz ədəbi dildən imtina edib xalqın danışıq dilinə yaxınlaşmaqla milli mətbuatın üslubunu dəyişdi. Bu, həm dilin demokratikləşməsi, həm də milli kimliyin ifadəsi baxımından önəmli addım idi. “Molla Nəsrəddin” dili, belə deyək, millətin dili etdi”.
Ə.Qoşalı bildirib ki, eyni zamanda, jurnal təkcə Azərbaycan içində yox, bütün Türk-İslam coğrafiyasında rezonans doğurdu: “Tiflisdən Təbrizə, Bakıdan İstanbula, Qafqazdan Türküstana qədər geniş bir məkanda oxunur, müzakirə olunur, təsir göstərirdi. Bu anlamda “Molla Nəsrəddin” həm də ümumtürk miqyasında fikir platformu idi. Bu gün biz “Molla Nəsrəddin”ə sadəcə tarix kimi baxmamalıyıq; o, hələ də güncəldir. Çünki onun qaldırdığı suallar – cəmiyyətin özünütənqidi, maariflənmə ehtiyacı, ədalət axtarışı – yenə gündəmdədir”.
Röya İsrafilova