"Bu səfər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji dərinliyini bir daha ortaya qoyur” Siyasət

"Bu səfər Azərbaycan-Gürcüstan münasibətlərinin strateji dərinliyini bir daha ortaya qoyur”

“Prezident İlham Əliyevin Gürcüstana səfəri və mətbuata verdiyi bəyanatlar, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji dərinliyini bir daha ortaya qoyur. Cənab Prezidentin vurğuladığı kimi, iki ölkə yalnız qonşu deyil, həm də tarix boyunca dostluq və qardaşlıq ənənələrini qoruyub saxlayan tərəfdaşlardır. Bu səfər həm ikitərəfli, həm də regional əməkdaşlıq baxımından yeni təkan verici amil kimi qiymətləndirilə bilər. İqtisadi, siyasi və enerji sahələrindəki birgə layihələrin genişlənməsi, regionda sabitliyi möhkəmləndirmək üçün önəmli mexanizmlərdir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun bildirdiyinə görə, cənab Prezidentin səfər zamanı verdiyi bəyanatın iqtisadi komponenti xüsusi olaraq diqqət çəkir: “Prezident qeyd edib ki, 2025-ci ilin ticarət dövriyyəsi 800 milyon dolları keçmişdir və ilin sonunda bu rəqəmin bir milyarda çatması real görünür. Azərbaycan sərmayələrinin Gürcüstanda 3,7 milyard dollar olması, tərəflərin investisiya cəlb etmək istiqamətindəki uğurunu göstərir. Bununla yanaşı, enerji infrastrukturunun – xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi – regional əhəmiyyətini vurğulamaq, həm də Azərbaycanın enerji təhlükəsizliyinə və Qafqazda strateji mövqeyinə diqqət çəkir. Bu infrastrukturlar həm ticarət, həm də nəqliyyat dəhlizlərinin genişləndirilməsi üçün baza rolunu oynayır. Siyasi və diplomatik sahədə əməkdaşlıq da yüksək səviyyədədir. Prezidentin də vurğuladığı kimi, iki ölkə beynəlxalq təşkilatlarda hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyinə dəstəklərini ifadə ediblər. Bu, Cənubi Qafqazda regional təhlükəsizliyin təmin edilməsi və münaqişələrin qarşısının alınması üçün mühüm siqnaldır. Eyni zamanda, Gürcüstanın Azərbaycanla Ermənistan arasındakı ticarət və sülh prosesinə vasitəçilik rolu regionun stabilliyinə töhfə verir”.

Y.Bağırzadə bildirib ki, Prezidentin diqqət çəkdiyi digər vacib məqam Cənubi Qafqazda yaranan yeni vəziyyətdir: “Dünyada sülh və sabitliyin pozulduğu bir dönəmdə, Azərbaycan və Gürcüstanın sabitlik, əməkdaşlıq və təhlükəsizlik mərkəzləri kimi çıxış etməsi strateji üstünlükdür. Bu yanaşma, regional inteqrasiyanın və iqtisadi artımın davamlılığını təmin edir. Ümumilikdə, səfər və verilən bəyanatlar, Azərbaycan-Gürcüstan münasibətlərinin yalnız ikitərəfli deyil, həm də regional sabitlik və iqtisadi inkişaf üçün nümunəvi tərəfdaşlıq olduğunu göstərir. Qarşılıqlı hörmət, inam və ortaq maraqlar üzərində qurulan bu əməkdaşlıq, gələcəkdə yeni layihələr və investisiya imkanlarının açılmasına zəmin yaradır”.

Röya İsrafilova