
Aprelin 7-si Azərbaycan mətbuat tarixində iz qoymuş və böyük bir məktəb yaratmış “Molla Nəsrəddin” jurnalının 120 illiyidir.
Bu barədə xalqxebhesi.az-a açıqlama verən Əməkdar jurnalist, professor Qulu Məhərrəmli söyləyib ki, “Molla Nəsrəddin” jurnalı bizim mətbuat tariximizin mahiyyət etibarı ilə yeni bir mərhələsidir, publisistikada yeni xəttin, yeni məktəbin əsasını qoymuş bir jurnaldır: “Mətbuat tarixçiləri bunu çox işləyiblər, jurnalın ictimai-siyasi siması, milli oyanışda rolu, Molla Nəsrəddinin yaratdığı məktəb, qoyulan mövzular, milli ruhun dirçəldilməsi, nöqsanların tənqid olunması, savadsızlığın, geri qalmanın, avamlığın, mövhumatın kəskin bir şəkildə satira üsulu ilə tənqid olunması əlbəttə ki, bizim o dövrkü yenidən güc alan mətbuatımızda tamamilə yeni bir istiqamət idi”.
Q.Məhərrəmli bildirib ki, jurnalı populyar edən iki səbəb idi: “Birincisi, onun üslubu, tərzi, xalq dilində yazması, ətrafına çox müxtəlif üslublu müəllifləri toplaması, ikincisi isə, Mirzə Cəlilin öz dili ilə desək onun şəkilli jurnal olması idi. Bu iki cəhət birləşib xüsusi bir maraq yaradırdı. Savadı olmayanlar, oxuya bilməyənlər də jurnalın şəkillərinə baxırdılar. O vaxt Molla Nəsrəddinin içində Əzim Əzimzadə də olmaqla, xüsusi bir karikatura məktəbi yetişmişdi. Tiflisə dəvət olunan xüsusi rəssamlar, milli portretləri, karikaturaları çox gözəl şəkildə çəkirdilər. Bunlar da auditoriyada çox geniş maraq doğururdu”.
Professor vurğulayıb ki, jurnala o dövr üçün bizim çox böyük bir müəllif qrupu toplaşmışdı: “Mirzə Cəlil, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabirin şeirləri tənqid ruhunu genişləndirməklə yanaşı, insanlara maarifçilik havası gətirirdi. Yəni tənqid edərək, sevərək milləti maarifləndirmək, onun sinirlərinə toxunaraq inkişafın zərurətini anlatmaq, mövhumatı aradan qaldırmaq - bunlar hamısı “Molla Nəsrəddin” jurnalının əsas xətti idi. Molla Nəsrəddin o baxımdan bizdə təkcə satirik publisistikanın əsasını qoymadı, təkcə bir-birindən gözəl felyetonlar olmadı, həm də ictimai-siyasi mövzularda ən kəskin, ən ağrılı yazılar, yəni millətin başa düşəcəyi tərzdə materialların çap olunması o dövrün mənzərəsini real bir şəkildə əks etdirir. Bütün bu cəhətlərinə görə biz deyə bilirik ki, Molla Nəsrəddin bizim mətbuat tariximizin yeni səhifəsidir, bizim əsas satirik jurnalımızdır və mətbuat tariximizdə yeni bir səhifə açıb”.
Əməkdar jurnalist jurnalın 120 illik yubileyinin qeyd olunmasında bir çox kədərli nüanslar olduğunu da diqqətə çatdırıb: “Əlbəttə, arzu olunardı ki, bu yubiley çox möhtəşəm bir şəkildə qeyd edilsin. Düzdür, bəzi qəzetlər bu barədə materiallar çap edir və s. Amma çox arzu olunardı ki, “Molla Nəsrəddin” jurnalının uzun illər fəaliyyət göstərdiyi Tiflisdəki mətbəəsi yenidən qurulsun. Yəni həmin mətbəə muzeyə çevrilsin. Çünki mən təxminən 1 il əvvəl orada olanda o evə bizim çox görkəmli filosof, kulturoloq Rəhman Bədəlov ilə birlikdə baş çəkdik və çox məyus olduq. Ora demək olar ki, bəsit bir lövhə vurulub, amma ondan əlavə heç bir iş görülməyib. Ümumiyyətlə, Tiflisdə Azərbaycan mədəniyyətinin izlərinə, teatrın, mətbuat tarixinin izlərinə çox diqqətlə yanaşmalıyıq, onları yaşatmalıyıq. O cümlədən də “Molla Nəsrəddin” jurnalının, "Şərqi-rus" qəzetinin və bizim digər nəşrlərin orada izləri var. Onları tapmaq, toplamaq indiki nəslə çatdırmaq çox önəmlidir”.
Röya İsrafilova