“İstər vasitəçilər, istərsə də onların təmsil etdiyi dövlətlər öz səylərini artırmalıdırlar” Müsahibə

“İstər vasitəçilər, istərsə də onların təmsil etdiyi dövlətlər öz səylərini artırmalıdırlar”

Arzu Nağıyev: "Təbii ki, söhbət həm ATƏT-dən, həm də BMT-dən gedir"

Azərbaycan-Ermənistan cəbhə xəttində bu ilin iyunundan müşahidə edilən gərginlik hər ötən gün bir qədər də artır. Ermənilərin müntəzəm olaraq cəbhə xəttində törətdikləri təxribat və atəşkəs rejiminin mütəmadi şəkildə pozulması hər iki tərəfdən itgilərə səbəb olur. Lakin Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığının yüksək səviyyədə olması və ordudakı peşəkarlıq erməni tərəfdə daha çox itkilərə yol açır. Elə son günlər cəbhədə yenidən baş verən erməni təxribatı və ona cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində bir neçə erməni əsgərinin həlak olmasını buna sübut kimi göstərə bilərik.
Lakin görünən odur ki, erməni tərəfi üzləşdiyi məğlubiyyəti dərk edib geri çəkilmək əvəzinə hələ də Azərbaycanla hədə dilində danışır. Eyni zamanda Ermənistan rəhbərliyi işğalçılıq faktını öz dili ilə təsdiqləyir. Belə ki, həm işğalçı ölkənin prezidenti Serj Sərkisyanın, həm də müdafiə nazirinin Azərbaycanı müharibə ilə hədələməsi deyilənləri sübuta yetirir. Həmçinin Sərkisyanın Dağlıq Qarabağ münaqişəsini Ermənistanın daxili işi hesab etməsi də bu ölkənin işğalçılıq siyasətinin öz dili ilə etirafı sayılır.
Ancaq reallıq ondan ibarətdir ki, hazırkı vəziyyətdə Ermənistan Azərbaycanla müharibə aparmaq iqtidarında və gücündə deyil. Eyni zamanda, beynəlxalq birlik də bu işğalçılıq faktına hələ ki, göz yumur. Elə ekspertlər də bu qənaətdədirlər. Siyasi ekspert Arzu Nağıyev son vaxtlar cəbhə xəttində gərginliyin artmasının səbəblərinə də aydınlıq gətirib. Arzu Nağıyev son vaxtlar Azərbaycanın işğal altında olan ərazilərindən bir neçəsinin azad ediləcəyinə dair yayılan xəbərlərə də toxunub.
-Ermənistanın Azərbaycanı müharibə ilə hədələməsi nədən xəbər verir?

-Hər zaman olduğu kimi yenə də cəbhədə ermənilər tərəfindən olan təxribatlar məhz planlı şəkildə BMT-nin sessiyası vaxtı baş verdi. Eyni zamanda, ATƏT-in Mİnsk qrupunun həmsədrləri ilə hər iki dövlətin xarici işlər nazirlərinin görüşü zamanı belə bir təxribata əl atmaq erməni təcavüzünün məntiqi davamı ıdi və itki verərək geri çəkildilər. Ermənistanın son vaxtlar Rusiya ilə yaxınlaşması və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyü də bunun əsas səbəblərindən biridir. Artıq Sərkisyan da etiraf edir ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistanın daxili işidir və işğal faktını da çəkinmədən etiraf edir.
-Bəs müntəzəm olaraq Azərbaycanın işğal altında olan ərazilərindən bir qisminin azad ediləcəyi barədə yayılan xəbərlər nəyə hesablanıb?

-Düşünürəm ki, ən yaxşı müharibədən pis sülh daha önəmlidir. Məhz buna görə də Azərbaycan hələ ki, Dağlıq Qarabağ münaqişəsinin həllini Madrid prinsipləri çərçivəsində sülh yolu vasitəsilə həll etməyə çalışır. Bununla belə erməni təcavüzkarlarına da güc nümayiş etdirmək vacibdir. Erməniləri sülh danışıqları masasına əyləşdirmək üçün təbii ki, hərbi güc göstərmək mütləqdir. Bizim başqa çıxış yolumuz qalmır. Çünki beynəlxalq təşkilatlar bəyanatlardan o tərəfə əməli addımlar atmırlar.Yayılan xəbərlər isə əsasən Rusiyanın regionda nüfuzunu qaldırmağa hesablanıb.

-İndiki situasiyada beynəlxalq aləmin, Rusiya və Qərbin Qarabağ problemini həll etməyə maraqlı görünməsi müşahidə edilirmi və problemin həllinə maraq varmı?

-Beynəlxalq aləm də, qurumlar da başa düşürlər ki, 20 ildən artıq uzanan və bu qədər status-kvo şəklində saxlanılan yeganə münaqişə ocağı Dağlıq Qarabağ münaqişəsidir. Regionda stabillik olmadıqda bütün maraqları olan dövlətlər özlərinin istər iqtisadi, istərsə də siyasi layihələrini həyata keçirə bilmirlər. Hər şeydən öncə onlar öz maraqlarından çıxış etməlidirlər ki, gələcəkdə planlarını həyata keçirə bilsinlər. Bununla yanaşı həm də nüfuz məsələsi mühüm rol oynayır.
-Cəbhədə gərginliyin artması vasitəçiləri nə dərəcədə hərəkətə keçirə bilər?

-Yuxarıda qeyd edildiyi kimi istər vasitəçilər, istərsə də onların təmsil etdiyi dövlətlər öz səylərini artırmalıdırlar. Təbii ki, söhbət həm ATƏT-dən, həm də BMT-dən gedir. Digər tərəfdən bunu etməsələr missiyalarını həyata keçirə bilmədikləri üçün beynəlxalq nüfuzlarını itirmək təhlükəsi ilə qarşılaşacaqlar və digər münaqişələrə də öz təsir mexanizmini itirəcəklər. Dağlıq Qarabağ münaqişəsi də bu baxımdan istisna deyil. Əgər buna nail olmasalar çox güman ki, atəşkəsin daima pozulması lokal hərbi əməliyyatların başlanacağına zəmin yaradacaq.