Türk xalqı erkən seçkilərdən nə gözləyir? Müsahibə

Türk xalqı erkən seçkilərdən nə gözləyir?

Sərdar Ünsal: "Erməni lobbisi, Avropa və Birləşmiş Ştatlar HDP-ni dəstəkləyir"

Noyabrın 1-də Azərbaycanla yanaşı Türkiyədə də parlament seçkiləri keçiriləcək. Azərbaycandan fərqli olaraq qardaş ölkədə keçiriləcək erkən seçimlər gərgin daxili siyasi vəziyyət, silsilə terror aktlarının baş verdiyi ərəfəyə təsadüf edir. Bəs görəsən Türk xalqı bu seçkilərdən nə gözləyir və bu dəfəki seçkilərin nəticələri iyun seçkilərinin nəticələrindən fərqlənəcəkmi? Bu və ya digər suallarla İqdır Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsalla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Sərdar Ünsal iqdırlıların seçkilərdən gözləntiləri və seçkinin nəticələrinin İqdırın gələcək həyatına mümkün təsirir barədə də danışıb.
-Bu həftə Türkiyədə erkən seçimlər keçiriləcək. Seçkilər öncəsi Türkiyənin siyasi gündəmini necə dəyərləndirirsiniz?

-Türkiyədə keçiriləcək 1 noyabr seçkiləri hazırda mövcud olan qeyri-müəyyənliyi, sabitsizliyi ortadan qaldıracaq. Hər kəs nə olacaq, Türkiyə hara gedəcək deyə bir gözlənti içərisindədir. Terror getdikcə artmaqdadır. Paralel olaraq hazırkı vəziyyətdə mövcud hökümət ciddi şəkildə qərar alaraq terrorun üstünə gedir. Hesab edirəm ki, seçkilərin nəticələrinə əsasən təkbaşına iqtidar formalaşarsa bu daha yaxşı olacaq. Onu da qeyd edim ki, qərarasız seçicilər də yoxdur. Bir məqama da diqqət yetirək ki, seçkilərin taleyini, onun qədərini məhz qərarsız seçicilər müəyyən edir. Türk xalqı terror hadisələrindən bezərək daha səssiz bir yerə çəkilib. Bütün halda noyabrın 1-də erkən seçimlər baş tutacaq. 1 noyabr seçkilərinin nəticələrinə uyğun olaraq yenidən koalision hökumət formalaşa bilir.
-Bu seçkilərdən gözləntiləriniz nədir. HDP yenə müəyyən olumuş həddi keçə biləcəkmi?

-Hesab edirəm ki, HDP müəyyən olunmuş seçki limitini keçə biləcək. Çünki hazırda belə bir mənzərə görünür. Xüsusilə, kürdlər və radikal solçular HDP-yə səs verirlər. Erməni lobbisi, Avropa, Birləşmiş Ştatlar da HDP-ni dəstəkləyir. Hazırda HDP səssiz görünsə də, lakin seçkilərə ciddi hazırlaşır. Amma seçkilərdən sürpriz nəticələr də çıxa bilər. Terrordan bezən kürd vətəndaşları AKP və ya CHP-yə səs verə bilərlər. Məzh o zaman HDP müəyyən olunmuş limiti keçməkdə çətinlik çəkər.
-İqdır üçün gözləntilər nədir və bu seçimlərdə HDP İqdırda yenə üstünlüyü ələ ala bilərmi?

-Hazırda HDP-nin Iqdırdan iki millət vəkili seçə biləcəyi mümkün görünür. Çünki İqdırdakı Azərbaycan Türkləri ikiyə bölünmüş haldadır. Bir qism MHP, digər qism isə AKP namizədlərini dəstəkləyir. Etiraf etmək lazımdır ki, hər iki namizəd güclüdür. Bəziləri AKP yenidən iqtidar olacaq, ona görə də AKP-yə səs verək dediyi halda, digərləri MHP-nin üstünlüyünə çalışır. Ona görə də vətəndaşlar qeyri-müəyyən durumda qalıb və nə edəcəyini hələ qərarlaşdırmayıb. Ancaq ortada olan bir gerçək var ki, Azərbaycan Türklərinin səsi cəmi 35-40 min olduğu halda, kürdlər isə 50-60 min səsə malikdir. Əgər.birləşmə olmasa Azərbaycan Türkləri yenə də deputatsız qalacaq.
-Bir müddət əvvəl Tuzlucanın giriş və çıxış qapısına erməni dilində "xoş gəlmisiniz, yaxşı yol" yazılmışdı və buna görə haqlı etirazlar edildi. Hazırda bununla bağlı məsələ nə yerdədir və etirazlar nəticə verdimi?

-Təssüflər olsun ki, həmin yazı hələ də orada durur. Kimsə gecə yazının bir qismini qırıb atıb. Ancaq hələlik yenisini yazmayıblar. Həmin yazının lövhədə əks olunması təşəbbüsünü irəli sürən bələdiyyə sədri də terror qruplaşmasına dəstək verdiyi üçün həbs edilib. Biz də öz növbəmizdə sözügedən məsələ gündəmə gələrkən lazımı etirazlarımızı bildirdik. İqdır Azərbaycan Evi Dərnəyi olaraq imzatoplama kampanyası həyata keçirdik və etiraf edim ki, bu geniş əks-səda doğurdu. Erməni və rus mətbuat nümayəndələri öz sayt və qəzetlərində bizim kampaniyadan ciddi narahatçılıq keçirdiklərini ifadə etdilər. Təbii ki, etirazların kifayət qədər təsiri oldu.
-Hazırkı vəziyyətdə Iqdırda Iqdırdakı durumu, oradakı azərbaycanlıların yaşayış vəziyyətini necə dəyərləndirirsiniz?

-Hazırda Iqdırdakı vəziyyət o qədər də yaxşı deyil. Əgər seçkilərdə birləşmə olmasa yenə məğlub olacağıq. Vətəndaşlar olduqca narahatdır. Xüsusilə artan terror hadisələri insanların ciddi narahatçılığına səbəb olub. Hazırda terrora bir qədər ara verildiyi üçün hər kəs rahat nəfəs alır. Ancaq bütün halda noyabrın 1-də keçiriləcək erkən seçimlərdən sonra vəziyyət tam bəlli olacaq. Düşünürəm ki, Iqdırda Azərbaycan Türkləri üçün tək çarə birləşib bir millət vəkili seçməkdir.