
Su çatışmazlığının artması son illərdə təkcə insanların həyatına və kənd təsərrüfatına deyil, həm də biomüxtəlifliyə ciddi təsir göstərən əsas ekoloji problemlərdən biri kimi ön lana çıxıb. Çayların, göllərin, yeraltı su mənbələrinin quruması, su hövzələrinin səviyyəsinin enməsi bir çox bitki və heyvan növlərinin yaşayış mühitini təhlükə altına salır. Ekosistemlərin təbii tarazlığını pozan bu ekoloji problemin yaratdığı risklərin qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Suallarımızı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Botanika İnstitutu PHŞ-nin Geobotanika şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Sadiq Qarayev cavablandırır.

-Sadiq müəllim, son illər su ehtiyatlarının azalması biomüxtəlifliyə hansı ən ciddi təhdidləri yaradır? Azərbaycanda su qıtlığından daha çox zərər görən ekosistemlər hansılardır və bunun əsas səbəbləri nədir?
-Son 15 ildə bəşəriyyət su çatışmazlığı yaşayır. Su ehtiyatlarının azalmasının əsas səbəbi dünya əhalisinin artması, qlobal iqlim dəyişikliyinin yaratdığı ekoloji fəsadlar və təbii ki, antropogen amillərdir. Sənayeləşmə, şəhərlərin artması, avtomobillərin çoxalması atmosferdə karbon emissiyasının artmasına gətirib çıxarıb. Yer səthinin qızması nəticə etibarilə dağlarda buzlaqların, qar xəttinin əriməsinə səbəb olur. Bu da çaylarda, göllərdə suyu azaldır, yeraltı su mənbələri quruyur. Su çatışmazlığı isə bütün ekosistemə təsir edir. Bitkilər, heyvanlar, göbələk aləminə öz təsirini göstərir. Ekosistem isə bir-biri ilə zəncirvari bağlıdır. Məsələn, meşə eksosistemində və yaxud çəmənlik ekosistemində bitkilər, heyvanlar, həşəratlar bütöv bir sistem əmələ gətirir. Onlardan hansısa biri su qıtlığına məruz qalıbsa öz böyüməsinə, çoxalmasına təsir göstərir. Azərbaycanda su qıtlığından ən çox zərər görən çayqırağı tuqay meşələridir. Çayların səviyyəsinin aşağı düşməsi çayqırağı torpaqların nəm mühitinə uyğunlaşmış bitkilərə daha çox təsir edir. Yağıntıların miqdarının azalması hidrofil bitkilərə, orta temperatura uyğunlaşmış mezotermik ekosistemlərə risklər yaradır.
-Çayların, göllərin və bataqlıq ərazilərin suyunun azalması bitki və heyvan növlərinin sayına necə təsir göstərir?
- Çayların, göllərin və bataqlıq ərazilərin suyunun azalması ilk növbədə qış mövsümündə qar yağıntılarının az olması ilə bağlıdır. Ümumiyyətlə, yağıntıların az düşməsi, qeyri-bərabər olması bu problemi ortaya çıxarır. Azərbaycanda çayların çoxu qar suları və yağıntılarla qidalanır. Yağıntının qeyri -bərabər düşməsi o deməkdir ki, məsələn, Qafqazın cənub yamaclarında-Balakən, Şəki, Zaqatala zonalarında güclü yağıntılar sel şəklində gəlir-gedir, ondan sonra quraqlıq günlər başlanır. Nəticədə çaylarda suyun səviyyəsi kəskin şəkildə aşağı düşür. Bu da çay hövzəsində formalaşmış bitki eksostemlərinə, heyvan növlərinin inkişafına, sayına, populyasiyalarına olduqca mənfi təsir göstərir. Quraqlıq həm də bitkilərin əmələ gətirdiyi formasiyalara, assosiasiyalara mənfi təsir edir.
-Su çatışmazlığı nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin qorunmasını hansı dərəcədə çətinləşdirir?
- Su ehtiyatlarının azalması təbii ki, ilk növbədə nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlərin qorunmasına təsir edir. Bitki növünün nadir olması ilk növbədə həmin bitkinin tarixən yaşadığı ekoloji sistemin, ekoloji amillərin dəyişməsindən ortaya çıxır. Bitki o zaman nəsli kəsilmək üzrə olur ki, ətrafda olan digər növlər tərəfdən sıxışdırılsın və yaxud da ekoloji amillərdə, torpaq, iqlim, istilik amillərində o bitkinin ideoloji xüsusiyyətini cavab verməyən yeni tendensiyalar ortaya çıxsın. Bu mənada su birinci amildir. Suyun, yağıntının, rütubətin azalması nadir və nəsli kəsilməkdə olan bitkilərə və heyvanlara mənfi təsir edir. Heyvanlar miqrasiya edə bilir, su çatışmazlığı olmayan digər regionlara köçə bilirlər. Eyni zamanda köçəri quşlar da miqrasiya edə bilirlər. Nadir və nəsli kəsilməkdə olan bitkilərin mezotermik bitkilərə, hansıki onlar orta quraqlıq səviyyəsinə uyğunlaşmışdılar, onların da inkişafına, böyüməsinə, meyvə verməsinə, təbii bərpasına təsir edir.
-İqlim dəyişmələri ilə su ehtiyatlarının azalması arasında hansı əlaqə mövcuddur və bu proses biomüxtəlifliyə necə təsir edir?
-Qlobal iqlim dəyişmələri ilə su ehtiyatlarının azalmasına birbaşa təsir edən amillərdəndir. Ölkəmiz də qlobal iqlim dəyişikliklərinin təsirindən kənarda qalmayıb. Hesablamalara görə, son 100 ildə ölkə ərazisində orta illik temperatur 0,4-1,30C-yə qədər artıb. İqlim dəyişmələri Azərbaycanda quraqlığa, buzlaqların əriməsinə, şoranlaşmaya, torpaqların deqradasiyasına, səhralaşmaya, yağıntıların və su ehtiyatlarının azalmasına gətirib çıxarıb. Ölkəmizin çayları, gölləri əsasən yağıntılardan, qar sularından formalaşır. Yağıntı miqdarı normadan az düşəndə, yağıntılı günlərin sayı az olanda çaylarda səviyyə aşağı düşür. Eyni zamanda yay mövsümündə istiliyin çox olması buxarlanmanı artırır, su resurslarını azaldır. Biz Qarabağda ekspedisiyada olanda çaykənarı bitkilərdə müşahidələr apardıq. Məlum oldu ki, çay kənarında bitsələr də qarağaclar quruyub. Belə nəticəyə gəlmək olar ki, nəmlik, su miqdarı olsa da belə bitkilərdə quruma müəyyən proseslərlə bağlıdır. Qarağacların yarpaqlarında dəmirin miqdarı çox olduğundan iyul-avqust aylarında bir neçə gün havanın isti keçməsi kifayət edir ki, onlarda quruma sürətlənsin. Yarpaqda olan dəmir günəş intensivliyini daha çox özünə çəkir və quruma baş verir. Bitkilərin quruması, normal meyvə verməməsi, inkişafdan qalması iqlim amillərindən birbaşa asılıdır. İstər yağıntının normadan artıq olması, istər havanın quraqlıq keçməsi, istərsə də günəş intensivliyinin artması bitkilərin inkişafına təsir edir. Bu mənfi təsirlərə məruz qalmış bitkidə stress yaranır və onlara daha tez xəstəliklərə yoluxur.
-Su hövzələrinin quruması köçəri quşların miqrasiyası və qidalanma marşrutlarında hansı dəyişikliklərə səbəb olur? Yeraltı suların səviyyəsinin aşağı düşməsi meşə və kolluq ekosistemlərinə necə təsir göstərir?
-Su hövzələrinin quruması köçəri quşların miqrasiyasına təsir edir. Bu quşlar, məsələn, qaranquş, hacıleylək Azərbaycana isti ölkələrdən miqrasiya edirlər. Burada onlar üçün əlverişli mühit, su, qida var. Əsasən də bitki və heyvan aləmində miqrasiya su ilə bağlıdır. Bitkilər də miqrasiya edirlər. Azərbaycanın Talış bölgəsində məşhur olan Acer velutinum Boiss. nəhəng ağcaqayın dağəmələgəlmə posesindən sonra Himalaylardan dağlar vasitəsilə miqrasiya etmişlər. Eyni zamanda heyvanlar da belədir. Əsasən də köçəri quşalr, heyvanlar iqlim amili bir yerdə pisləşəndə su və qida arxasında müəyyən yerlərə üz tuturlar. Uzun tarixi təkamül prosesi zamanı bu quşların, heyvanların miqrasiyası hansı iqtiqamətdə olmuşdusa bu, onların genetik yaddaşında qalır. Onlar minillərdir həmin istiqamətdə köç edirlər. Bəlkə də eyni qaranquşlar eyni evə, eyni hacıleyləklər eyni kəndə gəlirlər. Orada münasib şəraiti görməyəndə gələn il həmin əraziyə gəlmir, başqa istiqamətə üz tuturlar.
Yeraltı suların səviyyəsinin aşağı düşməsi birbaşa çaylarda suyun azalması ilə bağlıdır, eyni zamanda buxarlanmanın sürətindən asılıdır. Bu da bitkilərin kök sisteminə təsir edir. Qovaq ağaclarında (Populus) kök o qədər aşağı getmir deyə, onlar əsasən çay kənarlarında bitir. Daşlı, çınqıllı yerlərdə, yüksək dağ qurşaqlarında, dağətəyi zonalarda palıd, fısdıq, cökə çox yaşı inkişaf edir. Çünki onların kökü çox dərinə gedir. Bu baxımdan yeraltı suların azalması ən çox kök sistemi zəif inkişaf etmiş, suya tələbatı çox olan bitkilərə təsir edir. Xüsusən Kür qırağı tuqay meşələrinə ciddi təsir edir. Su aşağı düşəndə onların təbii bərpası getmir.
-Biomüxtəlifliyin azalması kənd təsərrüfatı, balıqçılıq və ərzaq təhlükəsizliyi üçün hansı uzunmüddətli risklər yaradır?
-Biomüxətliyifin azalması kənd təsərrüfatına da mənfi təsir edir. Yaşıllıqlar küləyin, tozun qarşısını alır. Yolkənarı, əkinarası yaşıllıqları olmayan ərazilərdə külək torpağın münbit qatını aparır, şoranlaşma baş verir, torpağın humsu azalır. Məlumdur ki, bitki və heyvan qalıqları hesabına torpaq münbitləşir. Biomüxtəliflik azalanda torpaq səhralaşmaya doğru gedir, eroziya baş verir, ərazidə yulğunlar, iydə cinsinə aid növlər bitir. Hazırda Azərbaycanın əkin sistemində yulğunların, iydə cinsinə aid növlərin artması müşahidə olunur. Eyni zamanda yolkənarı yaşıllıqlarda nəhəng ayland, göyrüşyarpaq ağcaqayın növləri yayılır. Amerika mənşəli bu bitki Naxçıvanda da geniş yayılıb. Bu bitkilərin sürətlə çoxalması yerli nadir növləri sıxışdırır.
-Dünya təcrübəsində su ehtiyatlarının qorunması sayəsində biomüxtəlifliyin bərpasına nail olunmuş uğurlu nümunələr hansılardır?
-İri şəhərlərə miqrasiyanı dayandırmaq, kəndləri dirçəltmək üçün ilk növbədə aqrar sektor inkişaf etməlidir. Kəndli öz yurdunda əkməli, becərməli, məhsul bolluğu yaratmalıdır. Bunun üçün isə suvarma sistemi yenidən qurulmalıdır. Yaxın gələcəkdə şirin su ehtiyatlarının qorunması strateji məsələ olacaq. Ölkələrin qüdrəti su resursların qorunması, təbii ehtiyatların mühafizəsi və insanlar üçün sağlam yaşam mühitinin yaradılması ilə ölçüləcək. Ona görə də düşünməliyik ki, su ehtiyatlarını necə qoruyub saxlayaq. Sel və yağış sularının depolanması və suya qənaət proqramları işlənib hazırlanmalıdır. Bunun üçün tədqiqatlar genişlənməli, öyrənilməlidir ki, harada yeni kanallar çəkmək, göllər salmaq olar.
Aysel
"Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən "Dayanıqlı inkişaf naminə: effektli su idarəetməsinin təşviqi" layihəsi çərçivəsində hazırlanmışdır. Bu yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər".