“Şimali Koreyanın təhriklərinin qarşısını almağa hazırıq” Müsahibə

“Şimali Koreyanın təhriklərinin qarşısını almağa hazırıq”

Səfir Kim Çanq-Qyu:"Dünya birliyi və Koreya yarımadasındakı böyük güclər, həmçinin Koreya Respublikası Şimali Koreyanın nüvə proqramını dayandırması üçün yaxın əməkdaşlıq edirlər"

" Cənubi Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Çanq-Qyunun APA-ya müsahibəsini təqdim edirik.
- Azərbaycanda səfir olduğunuz müddətdə fəaliyyətinizdə hansı sahələr prioritet təşkil edəcək?
- Altay dillərində danışan xalqlar olaraq, xalqlarımızın birgə firavanlığı və rifahı naminə sıx əməkdaşlıq etməliyik. Xalqlarımız bütün sahələrdə, xüsusilə də mədəniyyət, dövlət idarəçiliyi, təhsil, kənd təsərrüfatı, tibbi xidmət, nəqliyyat , İKT, istehsal sahələrində əməkdaşlıq üçün böyük potensiala malikdir. Bir-birimizin çoxsaylı təcrübəmizdən öyrənə bilərik. Koreya xalqının milli iqtisadi inkişaf əsnasında qazandığı təcrübə və yüksək texnologiya sahəsindəki nailiyyətləri Azərbaycan hökumətinə iqtisadiyyatın şaxələndirilməsi və inkişaf etdirilməsində faydalı ola bilər. Koreya xalqı isə xalqınızın zəngin mədəniyyətindən, yüksək ənənəvi dəyərləri və müdrikliyindən, həmçinin, sosial-iqtisadi təcrübəsindən faydalanmaq arzusundadır. Düşünürəm ki, hazırda baş verən bir çox qlobal nizamsızlığın səbəbi qarşılıqlı hörmət və mədəniyyətlərarası ünsiyyətin kasadlığıdır. Zənnimcə, mədəniyyət sahəsində əməkdaşlıq münasibətlərimizdə mühüm əhəmiyyət kəsb edir, belə ki, Altay dillərində danışan xalqlar olaraq eyni mədəni kökü paylaşırıq. Həmçinin, xalqlarımız uzun tarixi dövr ərzində formalaşmış zəngin mədəni irsə malikdir. Xalqlarımızın mədəniyyət sahəsində əməkdaşlıq etməsinə baxmayaraq, etiraf etməliyəm ki, bu, kifayət deyil. Ümid edirəm ki, əməkdaşlığımız mədəniyyətin bütün sahələrdə daha fəal şəkildə inkişaf edəcək. Bu baxımdan, ən təqdirəlayiq nümunə Qəbələ şəhərində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən mütəxəssislərimizin birgə həyata keçirdiyi arxeoloji qazıntı işləridir. Azərbaycan xalqının tarixinin aşkarlanmasında göstərdiyi mühüm səylərə görə SEBA Assosiasiyasına dərin minnətdarlığımı bildirmək istəyirəm. Koreya səfiri olaraq fəaliyyətim dövründə xalqlarımız arasında qarşılıqlı anlaşmanın genişləndirilməsi məqsədilə mədəniyyət sahəsində əməkdaşlığı inkişaf etdirəcəyəm. Son illərdə İpək yolu yenidən dirçəlməkdədir. Belə ki, Koreyanın liman şəhəri Pusandan başlayaraq dəmiryolu nəqliyyatı vasitəsilə artıq sınaq məqsədilə yük gətirilməsinin şahidi olmuşuq. Avrasiya materikinin mərkəzində yerləşən Mərkəzi Asiya və Qafqaz regionları kommunikasiya və nəqliyyat sahəsində dünyanın digər ölkələrindən təcrid olunmuşdur. Lakin bu ərazi qədim İpək yolu kimi yenidən böyük nəqliyyat marşrutu olaraq inkişaf etməyə başlayır. Buna ən yaxşı nümunə isə yuxarıda qeyd etdiyim sınaq yük daşınmasıdır. Dirçəlməkdə olan İpək yolu Altay zolağında yerləşən ölkələrin əsas ticarət ölkələri olaraq inkişaf etməsinə böyük imkan yaranacağının müjdəçisidir. Xalqlarımız bu sahədə də birgə əməkdaşlıq edə bilərlər. Hesab edirəm ki, yaxşı tibbi xidmət insanların rifahı və xoşbəxtliyinin artmasında mühüm rol oynayır. Koreyanın qabaqcıl tibb sənayesi Azərbaycana tətbiq oluna bilər, çünki Azərbaycanın yüksək standartlara malik insan resursları potensialı var. Koreya tibb sənayesinin Azərbaycanda uğurlu təqdim olunması şübhəsiz ki, Azərbaycan xalqının sağlamlığına və yeni yüksək dəyərə malik sənaye sahəsinin təkmilləşməsinə böyük töhfə verəcək. Həmçinin, kənd təsərrüfatı da mümkün əməkdaşlıq sahələrindəndir. Ölkələrimiz oxşar iqlim şəraitində yerləşdiyindən istixana təsərrüfatı, kənd təsərrüfatı məhsullarının istehsalı və bazarlanması kimi yüksək texnologiyalı kənd təsərrüfatı sahələrində təcrübə mübadiləsi etməklə uğurlu əməkdaşlıq edə bilərik. Bildiyimiz kimi, insan resursları iqtisadi inkişafa nail olmaq üçün əsas nemətdir. Bu baxımdan düşünürəm ki, təhsil sahəsində əməkdaşlıq ən mühüm istiqamətlərdən biri olmalıdır. Şübhəsiz, ölkələrimiz arasında çoxsaylı tələbə və insan resursu mübadilə olunmaqdadır. Lakin, bununla kifayətlənmək olmaz. Biz təhsil və insan resurslarının mübadiləsi sahəsində əməkdaşlığımızı artırmalıyıq.
- Koreya və Azərbaycanın ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar tərkibində çoxtərəfli formatda əməkdaşlığının səviyyəsini necə qiymətləndirirsiniz?
- Ölkələrimiz ikitərəfli və çoxtərəfli formatda yaxşı münasibətlərə malikdir. İkitərəfli ticarət dövriyyəsi 2014-cü ildə 260 milyon ABŞ dolları təşkil edib, ölkələr arasında sərmayə qoyuluşları həyata keçirilib və Koreyanın sabiq prezidenti cənab Noh Moo-hyun və Azərbaycan prezidenti cənab İlham Əliyevin dövlət səfərləri və hər iki ölkənin yüksək vəzifəli şəxslərinin səfərləri daxil olmaqla, çoxsaylı səfərlər həyata keçirilib. Bununla belə, əməkdaşlıq üçün böyük potensialı nəzərə alaraq, mən yüksək rütbəli şəxslərin və insanların mübadiləsini daha da inkişaf etdirməliyəm. Münasibətlərimizin davamlı inkişafını təmin etmək məqsədilə mədəniyyət sahəsində əməkdaşlığı sürətləndirməyin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm.
- Bu yaxınlarda açılan Koreya hərbi attaşeliyinin gördüyü və planlaşdırdığı işlərlə bağlı nə deyə bilərsiniz?
- Koreya hərbi attaşeliyinin fəaliyyətinə böyük əhəmiyyət verirəm. Koreya hərbi idarəetmə sahəsində böyük təcrübəyə malikdir və hərbi avadanlıqları və silah sistemlərini qabaqcıl səviyyədə inkişaf etdirib. Hərbi heyətin mübadiləsi vasitəsilə bir-birimizin təcrübəsindən faydalana bilərik. Hərbi attaşelik açıldıqdan sonra Koreya Respublikasının Hərbi Dəniz Əməliyyatlarının rəisi Azərbaycana səfər edib və səfər zamanı hərbi heyətin və hərbi biliklərin mübadiləsi üzrə razılıq əldə olunub.
- Yaxın zamanlarda iki ölkə arasında yeni sazişlərin imzalanması planlaşdırılırmı?
- Ölkələrimiz arasında bir çox sahələrdə - dənizçilik sahəsində əməkdaşlıq, dənizçi mühəndislərin sertifikatlarının qarşılıqlı tanınması və hüquqi məsələlər üzrə anlaşma memorandumları, gömrük məsələləri üzrə qarşılıqlı yardım və əməkdaşlıqla bağlı saziş üzrə danışıqlar davam edir. Bundan əlavə, texniki yardımlarla bağlı çərçivə sazişləri ilkin mərhələlərdə əldə olunmalıdır. Qeyd etmək istəyirəm ki, qarşılıqlı qaydada viza verilməsi prosesinin sadələşdirilməsi ilə bağlı razılıq əldə olunması üçün fəal müzakirələr davam edir. Sazişin qüvvəyə minməsinin vizaların alınmasına böyük rahatlıq gətirəcəyinə əminəm.
- Sələfiniz Çoi Suk İn fəaliyyəti ərzində mütəmadi olaraq məcburi qaçqın düşərgələrini ziyarət edirdi. Fəaliyyətinizdə bu sahəyə diqqət ayıracaqsınızmı?
- Məcburi köçkün düşərgələri fəaliyyətimin prioritet sahəsi olacaq. Sələfim cənab Çoi Suk İn kimi bu sahəyə diqqət ayıracağam. Məcburi köçkünlərə ən dərin rəğbətimi ifadə etmək arzusundayam. Şübhəsiz, SEBA Assosiasiyası və Azərbaycanda fəaliyyət göstərən Koreya şirkətləri ilə birgə əməkdaşlıq edərək sələfimin şərq təbabəti ilə qayğı, sehrli nağıl rəsm müsabiqəsi, məcburi köçkün ailələri ilə tanışlıq, Koreya filminin nümayişi kimi fəaliyyətlərini davam etdirəcəyəm və daha da genişləndirmək arzusundayam. Bu baxımdan, ötən il məcburi köçkünlərlə bağlı onların həyata keçirdikləri fəal və səmimi fəaliyyətləri yüksək qiymətləndirirəm.
- Dünyada baş verən iqtisadi proseslər və Azərbaycanın üzən məzənnə rejiminə keçidi birgə layihələrə, ümumilikdə, ikitərəfli ticarətə nə kimi təsir edib?
- Qlobal ictimaiyyətdə ümumi dəyərlərin itirilməsi, dərinləşən qloballaşma, ölkələr arasında rəqabətin dərinləşməsi, enerji və maddi resurslar da daxil olmaqla, bazarda vəziyyətin kəskin dəyişməsi, materializm və emosionalizmin artan təsirləri nəticəsində son dövrlərdə qlobal iqtisadi və siyasi vəziyyət getdikcə dərinləşir. Enerji qiymətlərinin enməsi, digər iqtisadi göstəriciləri nəzərə alaraq Azərbaycanın üzən məzənnə rejiminə keçməklə bağlı qərarı düzgün qərar olub. Bu, ticarət mühitinə təsir etsə də, ümid edirəm ki, ikitərəfli ticarətə mənfi təsir göstərməyəcək.
- Şimal qonşunuz hidrogen bombasını sınaqdan keçirdi. Necə düşünürsünüz, ötən yay sərhəddə baş verənlər də nəzərə alınsa, iki ölkə arasındakı gərginliyin aktiv fazaya keçməsi təhlükəsi artırmı?
- Şimali Koreya 2016-cı il yanvar ayının 6-da, saat 10:30-da hidrogen bombasını sınaqdan keçirdiyini bəyan etdi. Biz Şimali Koreyanın Koreya Respublikasının və dünya birliyinin təkrar xəbərdarlıqlarına baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini (1718, 1874, 2087, 2094) kobud şəkildə pozaraq həyata keçirdiyi dördüncü nüvə sınağını şiddətlə qınayırıq. Koreya Respublikası hökuməti artıq xəbərdarlıq olunduğu kimi, nüvə sınağının müvafiq nəticələrinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görəcək, beləliklə də Şimali Koreyanı tamamilə, təsdiq oluna bilən və geri dönülməz şəkildə nüvə silahları və proqramlarından çəkinməyə vadar edəcək. Dünya birliyi və Koreya yarımadasındakı böyük güclər, həmçinin Koreya Respublikası Şimali Koreyanın nüvə proqramını dayandırması üçün yaxın əməkdaşlıq edirlər. Biz şimalın hər hansı təhriklərinin qarşısını almağa hazırıq.
- Təhdidlərdən söz düşmüşkən, bu yaxınlarda Çin Xarici İşlər Nazirliyi Çin və Rusiyanın beynəlxalq münasibətlərin yeni modeli üzərində çalışdığı barədə məlumat verib. Məlumatda o da vurğulanıb ki, burada məqsəd beynəlxalq stabilliyin təmin olunmasıdır. Dünyada son dövrlərdə gedən proseslərin "soyuq müharibə" dövründəki qütbləşməni xatırlatdığı bir məqamda bu yeni modelin Cənubi Koreya üçün hər hansı formada təhdid yaratdığını demək olar?
- Bir-birindən fərqli geosiyasi maraqları və SSRİ dağıldıqdan sonra qlobal mühitin bütün sahələrində olan dəyişikliyi nəzərə alaraq, beynəlxalq münasibətlərin yeni modelinin "soyuq müharibə" dövründəki qütbləşməyə aparacağını söyləmək üçün çox tezdir. Hər iki ölkə bizimlə yaxın və mühüm əməkdaşlıqda olduğundan, Koreya hökuməti Uzaq Şərq ərazisində təhlükəsizlik və stabilliyin inkişaf etdirilməsi və dünya birliyinin birgə tərəqqisi və rifahı naminə eyni məqsədin həyata keçirilməsi üçün həmin ölkələrlə əlaqələrin möhkəmlənməsi və dərinləşməsi istiqamətində böyük səylər göstərəcək.