
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Xalqcəbhəsi.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, xaricdən YouTube üzərindən yayımlanan internet tv-lərdən birində “diqqətimiz necə oğurlanır” başlığı altında yayımlanan verilişdə iddia olunurdu ki, hökumət insanların həyatını çətinləşdirən problemlərin ictimai müzakirəsinin qarşısını almaq üçün kütləvi informasiya vasitələrində əhəmiyyətsiz və ikinci dərəcəli məsələlərin geniş işıqlandırılmasını təmin edir. Bununla da onların diqqətini özləri üçün vacib olan məslələrdən yayındırır. Bu məsələ ilə bağlı fikirləriniz maraqlı olardı...
- Əvvəla, insanların həyatına birbaşa təsir edən iqtisadi, iş yerlərinin açılması, demoqrafik vəziyyət, səhiyyə, təhsil, bahalaşma, vətəndaşların sosial təminatı, nəqliyyat infrastrukturundakı mövcud problemlər, qanunçuluğun vəziyyəti və s. çoxsaylı məsələlər mediada daima müzakirə olunur. Bu müzakirələrin həcmi barədə danışmaq olar. Əlbəttə, istənilən hökumət çalışır ki, ictimai rəy siyasi təzyiqə çevrilməsin. Hər bir hökumət onun da fərqindədir ki, problemlərdən diqqəti yayındırmaq vəziyyətdən çıxış yolu deyil. Vətəndaş məmnunluğunu təmin etmək üçün problemlər həll olunmalı, islahatlar genişləndirlməlidir. Heç bir təbliğat insanların diqqətini ağırlaşan həyat şəraitindən yayındıra bilməz. Sovet İttifaqı uşaqları 6 yaşında, birinci sinfə gedəndə oktyabryat (oktyabr inqilabından doğulmuşlar ) elan edib yaxalarına xüsusi döş nişanı vururdu, 5-ci sinfə çatanda onlar pioner adlandırılırdı, bu zaman yeni, fərqli döş nişanı ilə yanaşı boyunlarına qalstuk da taxırdılar. 8-ci sinfə çatanda onlar komsomola qəbul edilirdi və onlara fərqli döş nişanı verirdilər. 18 yaşlarında isə daha yaxşılar Kommunist Partiyasının sıralarına qəbul edilirdi. Bütün bu dövr ərzində gənclər kommunist ideologiyası əsasında, kommunizmə sədaqət ruhunda tərbiyə olunurdu. O zaman sərhədlərin bağlı olması ilə yanaşı, alternativ informasiya mənbələri də yox idi. Amma iqtisadiyyyatı neftdən asılı olan Sovetlər Birliyində neftin qiyməti düşən kimi korrupsiya və saxta statistika (perepiska) çiçəkləndi, narazı xalqlar ayağa qalxıb azadlıq istədi, Sovet İttifaqı çökdü. Ona görə ki, soyuducunun ictimai rəyə təsir imkanı medianın imkanlarından dəfələrlə çoxdur. Soyuducu dolu, insanların mənəvi təlabatlarını qarşılamaları üçün heç olmasa minimum vəsaitləri olanda ideoloji işin əhəmiyyəti olur.
- Prezidentin Türkmənistana səfərini necə qiymətləndirirsiniz?
- Çox yaxşı, Tacikistandan başqa digər Mərkəzi Asiya respublikaları türk respublikalarıdır. İranın MDB+1 formatında əməkdaşlıq təklifi, Qırğızıstanın vahid viza rejimi təklifi müsbət qarşılanmalıdır. Azərbaycanın qonşu ölkələrlə istənilən formatda əməkdaşlığı ölkəmizin inkişafına və təhlükəsizliyinə təkan verməlidir. Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun və Birlik daxilində ciddi iqtisadi inteqrasiya baş versin. MDB ölkələrində ciddi iqtisadi açılım, azadlıqlar olmasa xalqlar və ölkələr arasında dostluq dövlət başçılarının iradəsindən asılı olacaq. Bu zaman iqtisadiyyatın böyüməsi sürətli xarakter almayacaq və münasibətlər dayanıqlı olmayacaq.
- Avropa Parlamentinin dünən Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə münasibətiniz necədir?
- Avropa Parlamenti Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, o zaman bizə təzyiq etmək, bizi nüfuzdan salmaq yolu tutmamalıdır. Bütün məsələlər masa arxasında həll olmalıdır. Necə ki, bəzi məsələlər həll olunur. Diplomatiya bundan yanadır. Tərəflər səmimi olaraq əməkdaşlıq istəyirlərsə “mən haqlıyam, ona görə yalnız mənim şərtlərim əsasında əməkdaşlıq ola bilər”,-yanaşmasından geri çəkilməli, qarşılıqlı güzəştlər yolu ilə anlaşmalıdırlar. Yox, istəmirlərsə hərə öz mövqeyində qala bilər. Şərtlər Azərbaycanın dövlət müstəqiliyini, ərazi bütövlüyünü, suverenliyini şübhə altına alırsa, heç bir müzakirədən söhbət gedə bilməz. Digər məsələlər barədə anlaşmaq olar. Bizim Qərblə yaxından əməkdaşlığımıza ciddi ehtiyac var, çünki ixracatımızın 90%-ni təşkil edən neft və qaz məhsullarını əsasən onlara satırıq. Bu gün olmasa da sabah onlar bundan imtina edə bilər. Mərkəzi Asiya Respublikalarının birlikdə Ümumi Daxili Məhsulunun həcmi təqribən 543 milyard dollardır. Əhalisinin sayı Azərbaycan qədər olan İsveçin ÜDM-i 623 milyard (Adambaşına 58529 $) dollardır. Bizə dövlətin iqtisadi proseslərə müdaxiləsinin minimuma endirildiyi liberal iqtisadiyyat, Qərb investisiyası və müasir texnologiyası lazımdır. Bunun üçün isə Qərblə əlaqələri genişləndirməliyik.