“Övladlarımıza danışacaq çox şeyimiz var...” Müsahibə

“Övladlarımıza danışacaq çox şeyimiz var...”

Türk naşir: "FETÖ ilə mübarizəni sadəcə bir şəxsin çiyinlərinə yükləməyi və hər şeyi ondan gözləməyi doğru saymıram"

Saxta "Ergenekon" və "Balyoz" proseslərində haqsızlığa məruz qalan şəxslərin kitablarını çap edən "Kırımızı kedi" nəşriyyatının sahibi Haluk Hepkonun APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- FETÖ-nün Türk ordusunu,jurnalist-yazarları hədəfə aldığı ən ağır dönəmlərdə siz nəşriyyat yaradaraq, həbsxanalarda yazılmış kitabları çap etməyə başladınız.Söhbətimizə bu zərurətin necə yaranmasından başlamağımızı istəyirəm...

- Nəşriyyat onsuz da vardı. O dönəmdə qurulmuş tələlər nəticəsində həbs edilmiş insanların bir qismiylə tanış idik. Bunu fərq etdik: böyük qorxu ortaya çıxmışdı. Çünki həbs edilən insanlara polis təzyiq göstərir, prokurorlar onlara uzunmüddətli cəzalar tələb edir, hakimlər o dəqiqə o cəzaları verirdi. Bu gün həbs edilən "jurnalistlər" də o vaxt bu əməliyyatların media ayağını təşkil edirdilər. O şərtlərdə bir çox naşir kitabları çap etməkdən çəkinirdi, imtina edirdi. Biz o dönəmdə bunun həm naşirlik, həm də yurddaşlıq vəzifəsi olduğunu düşündük. Lap əvvəldən orduya və gerçək jurnalist-yazarlara tələ qurulduğunu bilirdik, bir qismini yaxından tanıdığımız o insanların iddia edilən işlərin içində olmadıqlarına əmin idik. O vaxt Türkiyədə bu cür kitabları çap edən başqa nəşriyat da olmadığından biz öhdəmizə götürdük. Bütün kitablar dalbadal nəşriyyatımıza təqdim edildi, çap etdik və bu prosesdə həm bir çox yazar, həm də bir çox dost qazanmış olduq.

- Heç unutmuram, arxadakı otağa keçdik, pıçıltıyla "Sabah Soner Yalçının "Samizdat" kitabı sabah çıxır. Həbs ediləndən sonra "Hürriyyət" qəzetinin onu işdən qovmasını da yazıb" - dediniz. Bu kitabları çap etdiyinizə görə sizə də təzyiq göstərirdilərmi?

- Şübhəsiz ki, olurdu. Ancaq bunu demək daha önəmlidir: o təzyiqlər çox təyinedici deyildi. Yəni, söhbət insanların o təzyiqlərə boyun əyməsindən, qorxaqlığından, ürəksizliyindən getməlidir. O prosesdə bir neçə nəşriyyat, bəzi ziyalılar düzgün mövqedə durdu və göstərilən qətiyyət nəticəsində heç bir təzyiqin bizi mövqeyimizdən döndərməsi mümkün olmadı. Təzyiqlərdən çox danışan insanlar ümumilikdə öz qorxaqlıqlarına leqal zəmin hazırlamaq üçün bunu deyirlər.
Digər tərəfdən, bizim nəşriyyat baxımından da maraqlı durum vardı: həbsdə olan Barış Pəhlivan və Barış Tərkoğlunun birgə yazdıqları "Sızıntı" kitabını çap edəndən 10 gün sonra Milli Kəşfiyyat Təşkilatıyla bağlı məlum böyük hadisə baş verdi. 7 fevral 2012-ci ildə prokuror Milli Kəşfiyyat İdarəsinin rəisini ifadə verməyə çağırdı. O vaxt bizim bunu bilməyimiz mümkün deyildi. O dönəmdə FETÖ özünə düşmən gördüyü insanlarla yox, AKP ilə savaşmağı tərcih etdi. Dostum Əhməd Şık zarafatla demişdi ki, mənim bəxtim gətirib, çünki icma ilə AKP savaşa başlamasaydı, qəti şəkildə mənim nəşriyyatımı bağlayacaqdılar. FETÖ-nün son əməllərindən sonra böyük bir terror təşkilatıyla üz-üzə olduğumuzu gördük.

- "Sızıntı"nın qrafik dizaynını məhkəmənin fasiləsində Barış Pəhlivana göstərdiyinizi çox yaxşı xatırlayıram...

- O vaxtlar yazarlarımız həbsdə olduğu üçün onlarla ancaq məhkəmə salonlarında görüşə bilirdik. Naşirlər baxımından çox maraqlı dönəm idi: kitabların üz və arxa qabıqlarını məhkəmə salonlarında əldən-ələ verilən kağızlarla müəyyənləşdirirdik.
Sıxıntılı dönəm idi, ancaq insanlar sıxıntılı dönəmlərdə imtahan verirlər. Bu işləri gördük və sabah övladlarımıza danışacaq çox şeyimiz var...

- Türkiyə üçün çox nadir olan 100 min tirajlarla kitablar çap edirdiniz.Bunu görən məşhur türk jurnalist-yazarların da sizə yönəldiyini müşahidə etmişdim...

- Təbii, təbii. O qorxu iqlimində Türkiyədə çox önəmli bir təbəqə narahat idi və insanlar bu nəfəs alma borusuna dəstək vermək istədilər. Oxucular, yazarlar sahib çıxdı və həqiqətən bir müddətdən sonra "Kırmızı kedi" Türkiyənin namus paradiqmasını təmsil etməyə başladı. Təbii ki, digər nəşriyyatlarda da bu təmsil vardı, amma "Kırmızı kedi"nin bunu bu qədər cəsarətlə və peşəkarcasına etməsi Türkiyədə bəzi işlərin gedişatını dəyişdirdi. Biz bunu gördük: "Sızıntı"nın və "Samizdat"ın çapı "Oda TV" məhkəməsinin leqallığını aradan qaldırdı. O proses leqallığını itirməyə başlayandan sonra toplumda bütün digər tələlərin leqallığı daha çox şübhə altına alınmağa başlandı. "Oda TV" tələ isə düşüncələrdə "Balyoz" və "Ergenekon" da tələ ola bilər ehtimalını yaratdı. Bu da yazarlarda maraq doğurdu və vicdanlı insanlar vicdanlı insanlarla bir yerdə olmaq istədilər və beləliklə, o prosesdə bir çox dost qazandıq.

- İşlərin tamamilə tərsinə dönməsi sizdə necə duyğu yaradır: acı ironiya, yumor, yoxsa kin-küdurət?

- Kin-küdurətə gərək yoxdur. "Bunları daha əvvəl demişdik, Türkiyə bizim dediyimiz nöqtəyə gəldi" - bu cür şeylərə gərək yoxdur. Çünki nəticədə bu, millət, ölkə məsələsidir. Bu durumdan nə qədər tez çıxsaq, hər kəsə yaxşı olar. Lovğalanmaq niyyətimiz yoxdur. Türkiyə bunu anladı: bu gün yandaş kanallarda danışan insanların bir dönəm icma ilə necə qucaq-qucağa olduğunu hamı xatırlayır. Onların icmaya qarşı indi danışdıqlarını çox səmimi qəbul etmək də mümkün deyil. Ancaq indi elə bəlanın içindəyik ki, heç kimin səmimiyyətini sınama lüksümüz yoxdur. 15 gün əvvəl Türkiyədə böyük bir hərbi çevriliş cəhdi oldu. Bu, baş tutsaydı, təkcə düşmən olduğu cinahı yox, bizim bütün yazarlarımızı yenidən həbs edəcəkdilər. Böyük ehtimalla, məni də tutacaqdılar. Ona görə FETÖ bəlasının aradan qaldırılmasında bir az da nəticə əldə edək, böyük addımlar ataq, ondan sonra keçmişi təkrar müzakirə etmək doğru olar.

- Hazırda cərəyan edən proseslərlə bağlı səslənən fikirlərdə FETÖ-yə qarşı mübarizəni prezident Ərdoğanın uğurla tamamlayacağı vurğulanır. Bununla bağlı siz nə düşünürsünüz?

- FETÖ ilə mübarizəni sadəcə bir şəxsin çiyinlərinə yükləməyi və hər şeyi ondan gözləməyi doğru saymıram. Mübarizəni ümumi prinsiplər üzərindən aparmaq lazımdır ki, hər kəs məsuliyyətini dərk edib mübarizəyə qatılsın.
FETÖ ilə mübarizədə biz şəxsi düşmənçiliklərə deyil, mübarizə prosesində xalqın əldə edəcəyi şüur dərinliyinə önəm verməliyik. Siz xalqa saatlarla FETÖ-nü izah etməyə çalışsanız da, 15 iyul gecəsi qədər öyrədici ola bilməzsiniz.

- Güman ki, 15 iyul çevriliş cəhdiylə bağlı nəşriyyatınıza yeni kitablar təqdim ediləcək...

- Kitablar vardı və həmişə gəlir.

- Fasilə verməmişdiniz...

- Heç fasilə vermədik. O qədər kitabın gəldiyini biz belə bilmirdik, reklam işlərinə hazırlıq görərkən çaşbaş qaldıq ki, nə qədər çox kitab varmış. Türkiyədə kontrgerillanın, dərin dövlətin uzun müddətdən bəri Fətullahçıların çətiri altında təşkilatlandığını fərq edirdik. Biz bu məsələylə mübarizəni əsas hədəflərimizdən biri kimi seçdiyimizə üçün yeni kitablar onsuz da gəlirdi. Bunu da unutmamaq lazımdır: yazarlarımızın demək olar ki, hamısı həyatlarının son dönəmini FETÖ ilə mübarizədə keçirib, bu sahədə böyük təcrübəsi var. Həm daha əvvəl yazılmış kitablar, həm də 15 iyul gecəsinin təhlilini yazmaq üçün təşəbbüslər var. 15 iyul xalçanı qaldırdı, biz xalçanın altındakı böcəkləri, zibilləri gördük. Onları təmizləmək üçün yazarlarımızın və bizim üzərimizə böyük iş düşür...