“Dilin qoruyucusu, dilin keşiyində dayanan xalqdır” Müsahibə

“Dilin qoruyucusu, dilin keşiyində dayanan xalqdır”

Möhsün Nağısoylu: "Hər bir vətəndaş öz dilini sevməli və bilməlidir ki, onun ana dili - Azərbaycan dili dünyanın ən zəngin, ən qədim dillərindən biridir"

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun APA-ya müsahibəsini təqdim edirik.

- Azərbaycan ədəbi dilinin normalarını pozanların cərimələnməsi təklifiniz ictimaiyyət arasında birmənalı qarşılanmadı. Bu təklif nədən qaynaqlandı?
- Mən bu təklifi elə-belə, boş-boşuna deməmişəm. Belə bir təcrübə dünya miqyasında mövcuddur. Pribaltika ölkələrində, Avropanın digər ölkələrində dilə sevgi, sayğı, hörmət var. Ona görə də həmin ölkələrdə dil qaydalarını pozanlara qarşı inzibati cəza tədbirləri görülür. Azərbaycan ədəbi dilinin normalarını pozanların cərimələnməsi təklifi daha çox kütləvi informasiya vasitələrinə, reklam və afişa işi ilə məşğul olan təşkilatlara aiddir. Kafedir, adı yalnız ingiliscə yazılıb. Belə olmaz axı, bura Azərbaycandır. O cümlədən müəyyən reklam və afişalarda dil qaydalarının pozulması halları baş alıb gedir. Yaxud da televiziyalarda baş verən qüsurlara baxın. Xəzər TV-də "Qayınana" adlı serial yayımlanırdı. Serialın adı "Qaynana" kimi yazılırdı. Halbuki söz "qayınana"dır.
- Dövlət dili haqqında qanunun 19-cu maddəsində qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutulub. 19-cu maddədə açıq yazılıb ki, bu qanunu pozan hüquqi, fiziki və vəzifəli şəxslər Azərbaycan respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bəlkə elə bu qanundan çıxış edəsiniz?
- Bu qanundan da istifadə etmək olar. Lakin bizdə dil qaydalarını pozanların cərimələnməsi ilə bağlı hər hansı mexanizm yoxdur. Mən bu fikri hələ Akademiyanın Rəyasət Heyətində dil siyasəti ilə bağlı məruzəmdə səsləndirmişdim. Mənə elə gəlir ki, bu təklif Rəyasət Heyətində də yaxşı qarşılanmışdı. Yenə deyirəm, biz Dilçilik İnstitutu olaraq belə bir təşəbbüslə çıxış etdik. Bu barədə müəyyən dövlət orqanları qarşısında vəsatət qaldırmaq lazımdır. Düzdür, sizin də dediyiniz kimi qanun var, amma konkret olaraq dil qaydalarını pozanlara qarşı hansı tədbirlərinin həyata keçirilməsi açıq göstərilmir. Bunun mexanizmi işlənməyib. Bu mexanizmi hazırlamaq lazımdır. Mən şəxsən hesab edirəm ki, bu təklif işin xeyrinə ola bilər. Buna qarşı çıxanlar da var. Lakin dilin qoruyucusu, dilin keşiyində dayanan xalqdır. Hər bir vətəndaş öz dilini sevməli və bilməlidir ki, onun ana dili - Azərbaycan dili dünyanın ən zəngin, ən qədim dillərindən biridir. Azərbaycan dilində istənilən anlayışı ifadə etmək üçün bizim söz yaradıcılığımızın geniş imkanları var. Bizim dilimizdə "soyuducu" sözü ola-ola biz niyə "xolodilnik", "dayanacaq" sözü ola-ola niyə "ostanovka" deməliyik?
Bizim zəngin şifahi xalq ədəbiyyatımız, folklorumuz, Nizami kimi dahi söz sənətkarımız var. Elə Nizaminin yaratdığı surətlərin adlarını götürəndə bir xeyli ad edir. Niyə o adlardan istifadə etməyək? Söhbət bundan gedir. Azərbaycan prezidenti İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair" Dövlət Proqramı var. Dövlət Proqramında "Mətbuat orqanlarında, televiziya və radio kanallarında, internet resurslarında və sosial şəbəkələrdə ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün mexanizmlərin müəyyənləşdirilməsi, reklam, afişa və elanlarda ədəbi dil normalarının pozulması hallarının qarşısını almaq üçün yollar müəyyən edilməsi" bəndləri yer alıb. Digər tərəfdən, 2015-ci il 9 noyabrda Azərbaycan prezidenti İlham Əliyev Akademiyanın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda dedi ki, dilimizə xaricdən müdaxilələr edilir. Prezident öz narahatlığını ifadə etdi. Ölkə prezidenti səviyyəsində belə bir narahatlıq ifadə olunur. Müğənni oxuyur, "bravo" deyirlər. Axı niyə "bravo" deyilməlidir? Məgər "əhsən", "afərin" demək olmaz?
- İnsanları ən çox narahat edən məqamlardan biri də "rozetka", "salfetka" və bu qəbildən olan sözlərin dilimizdə doğru-düzgün qarşılığının olmamasıdır. Bu sözlərin qarşılığının tapılması ilə bağlı işlər aparılırmı, ya bu qəbildən olan sözlər elə olduğu kimi qalsa yaxşıdır?
- Bizə bu haqda təkliflər gəlir. İnstitutun Terminologiya şöbəsi həmin təklifləri toplayır. Biz həmin təkliflər əsasında çalışıb ortaq məxrəcə gələcəyik ki, hamı razı qalsın. Qeyd etdiyiniz məsələ bizi də düşündürür. Bu cür sözlərin qarşılığını tapmağa çalışacağıq. Türkiyədə bu barədə çox yaxşı təcrübə var. Sizə adicə 3 söz deyim. "Tolerantlıq" sözünü biz "dözümlülük", türkiyəlilər isə "xoşgörü" kimi ifadə edir. "Multikulturalizm" sözünü elə olduğu kimi deyirik. Lakin türkiyəlilər "çox kültürlülük" deyir. Türkiyəlilər "qloballaşma"ya isə "kürəsəlləşmə" deyirlər. Bizim dilin feil sistemi, söz yaradıcılığı çox zəngindir. Cəfər Cabbarlı "Oqtay Eloğlu" pyesində "bilet" sözü yerinə "yerlik" işlədir. Təbii olaraq bəzi sözlər xalq tərəfindən qəbul olunmur. Tutaq ki, "metro" sözünün əvəzinə "lağım" demək gülünc olar. "Plyaj" sözünün qarşılığı kimi "çimərlik" artıq qəbul olunub. Digər tərəfdən, "telefon", "televizor", "avtobus" sözləri hamı tərəfindən qəbul olunub. Bunların dəyişdirilməsinə ehtiyac yoxdur. Amma yeni söz, əsasən də mürəkkəb söz yaranarsa, onları dilin öz daxili imkanları hesabına qarşılığını tapmaq mümkündür.
- Yeni "Orfoqrafiya lüğəti" Dilçilik İnstitutu , yoxsa Nazirlər Kabinetiyanında Tərcümə Mərkəzi tərəfindən hazırlanacaq? Bir də Tərcümə Mərkəzinin direktoru Afaq Məsudun "Sanki "Orfoqrafiya lüğəti"ni Azərbaycan dilindən tam xəbərsiz insanlar hazırlayıb" fikrinə münasibət bildirməyinizi istərdim...
- Səhv etmirəmsə, 2014, ya 2015-ci ildə Tərcümə Mərkəzi və Dilçilik İnstitutu birgə işlək orfoqrafiya lüğəti hazırlamaq niyyətində olub. Hətta bizim iki əməkdaşımız - Nəriman Seyidəliyev və Qulu Məhərrəmli Tərcümə Mərkəzində görüşdə olublar. Mən bunu alqışlayıram, bəyənirəm. Elə indi də bununla razıyam, birgə əməkdaşlıq edək. "Orfoqrafiya lüğəti" ətrafında gedən söz-söhbətlə bağlı Dilçilik İnstitutu və "Türkologiya" jurnalı birgə dəyirmi masa keçirəcək.
Biz həmin tədbirə Tərcümə Mərkəzinin də əməkdaşlarını dəvət edəcəyik. Gəlsinlər bu məsələni bir yerdə müzakirə edək. Bizə qarşı tənqidlərin müəyyən hissəsi haqlı, müəyyən hissəsi haqsızdır. Sonuncu "Orfoqrafiya lüğəti"nin hazırlanmasında təkcə Dilçilik İnstitutu iştirak etməyib. "Şərq-Qərb" Nəşriyyat evi lüğətin hazırlanmasında iştirak edib. Razıyam, "Orfoqrafiya lüğəti"ndə bəzi qondarma, dialekt səciyyəli, məhəlli sözlər var. Onları çıxdaş edərək yeni "Orfoqrafiya lüğəti" hazırlamaq olar. Qaydalara əsasən "Orfoqrafiya lüğəti" 5 ildən bir yenilənməlidir. İndiyə qədər də "Orfoqrafiya lüğəti"ni həmişə Dilçilik İnstitutu hazırlayıb. Bu belə də olmalıdır. Çünki Dilçilik İnstitutu dil üzrə məsul, mötəbər qurumdur. Ona görə də lüğəti biz hazırlamalıyıq. Amma kimsə, hansısa təşkilat bizimlə əməkdaşlıq etmək istəyirsə, biz onun da əleyhinə deyilik.
- "Orfoqrafiya lüğəti"ndə qondarma sözlərin olduğunu siz özünüzü də qeyd edirsiniz. Məsələn, lüğəti tənqid edənlər ilk olaraq "ab", "abadan" sözlərinin üzərində dayanır...
- Molla Pənah Vaqif milli ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Vaqifin dili "Orfoqrafiya lüğəti"ndə öz əksini tapmalıdır, ya yox? Vaqifin ən məşhur "Bax" qəzəlinin son beytini diqqətinizə çatdırmaq istərdim:

Vaqifa, göz yum, cahanın baxma xubü ziştinə,
Üz çеvir ali-əbayə, Əhmədi-Muxtarə bax!
Onda gərək biz Vaqifin dilini kənara qoyaq. Vaqif bu sözləri işlədib axı... "Əba" geyim, bir də "əbavü-əcdad" nəsil mənasında işlənir, ərəb sözüdür. Elə qəliz ərəb-fars sözləri var ki, təbii onları işlətməyə gərək yoxdur. "Ab" sözü ayrıca işlənmir, amma "ab-hava", "abi-həyat" dilimizdə ümumişlək sözlərdir. Lüğətçilik asan məsələ deyil. Bu məsələdə müəyyən bir ortaq məxrəcə gəlmək lazımdır. Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Əziz Cəfərzadənin "Bakı 1501", Əlisa Nicatın "Qızılbaşlar" romanlarında işlənən sözləri biz "Orfoqrafiya lüğəti"nə daxil etməliyik, yoxsa yox? Həmin romanlarda məişətlə, etnoqrafiya ilə bağlı sözlər var. Bu əsərləri yazanlar müasir dövrdə yaşayan yazıçılarımızdır. Bəs biz indi onların yazdıqlarını nəzərə almayaq? Bu mənada problemlər var. Sonra elə sözlər var ki, yalnız ayrı-ayrı yazıçıların dilində işlənir. Məsələn, Süleyman Rəhimovun dili çox zəngindir. O sözləri xalq dilindən alıb. Süleyman Rəhimov əsərlərində elə alətlərin adlarını çəkir bəlkə də heç o alətlərdən indi istifadə olunmur. Dildə köhnəlmiş sözlər var, indi bu sözləri ataq?! Yenə də təkrar edirəm, biz ortaq məxrəcə gəlməliyik.
- Mərhum akademik Tofiq Hacıyev deyirdi ki, Azərbaycanda qanunların dili 16-cı əsrin Füzuli dilinə bənzəyir. Qanunların dili bəzən ifrat dərəcədə anlaşılmaz olur. Qanunların hazırlanması zamanı dilçi alimlərin iştirakı mümkündürmü?
- Qanunların dili rəsmi işgüzar üsluba aiddir. Rəsmi işgüzar üslub digər üslublardan fərqlidir. Rəsmi işgüzar üslubda müəyyən arxaik leksika qorunub saxlanır. Tez-tez "Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi" ifadəsini eşidirik. "Qətimkan" sözünün mənasını bəlkə də bir çox hüquqşünas bilmir. "Qət" sözü kəsmək anlamını verir. Yəni tutulan şəxsin imkanını kəsmək mənasında işlənir. Hüquq sistemində, müəyyən qanunlarda köhnəlmiş sözlər bir qəlib, şablon kimi qalıb ki, bu da bir problemdir. Məncə, onları işləmək lazımdır. Düşünürəm ki, bizim Monitorinq şöbəsi hüquqşünaslarla birlikdə əməkdaşlıq edə bilər.
- Bir müddət əvvəl akademik İsa Həbibbəyli və professor Nizami Cəfərov qoşa "y" samiti ilə olan sözlərin yazılışına yenidən baxmağa ehtiyac yarandığını bildiriblər. Bu təklif yeni "Orfoqrafiya lüğətin"də nəzərə alınacaq?
- Orfoqrafiyanın öz prinsipləri var. Fonetik prinsipdə hər hansı söz yazılanda ilk növbədə onun tələffüzü nəzərə alınır. "Kitab", "qələm" sözlərini necə yazırıqsa, eləcə də tələffüz edirik. Daha sonra tarixi-ənənəvi və bir də morfoloji prinsiplər var. Bu məsələdə biz üç prinsipdən birini əsas götürməliyik. Qoşa "y" samiti ilə yazılan sözlərin hamısı ərəb-fars mənşəlidir. Onların bir çoxu dilimizə elə şəkilçi ilə birlikdə keçib. Məsələn, "məşğuliyyət", "davamiyyət", "riyaziyyat", "nəqliyyat" sözlərinin kökü ayrıca işlənir. Lakin "səhiyyə", "təyyarə", "səyyar" sözlərini kök və şəkilçiyə ayırmaq olmur. Mən fonetik prinsipə uyğun olaraq həmin sözlərin bir "y" ilə yazılmasının tərəfdarıyam. Türkiyəlilər bu sözləri bir "y" ilə yazır. Lakin onlar 1-2 sözü, məsələn, "səyyar"ı olduğu kimi saxlayıblar. "Səyyar" sözünü "səyar" kimi desək heç kim başa düşməyəcək. İsa müəllim bu məsələ ilə bağlı bizə öz tapşırıqlarını verib. Biz onun prinsiplərini hazırlayırıq və bu təklifi yeni "Orfoqrafiya lüğəti"ndə nəzərə almağı düşünürük.
- Orta məktəb dərsliklərinin monitorinqi davam etdiriləcəkmi?
- Mən əvvəllər də demişəm, indi də deyirəm bəzi dərsliklərdə akademizm var. Yəni onların müəllifləri akademik üsluba üstünlük verərək dərslikləri hazırlayıblar. Bu məsələ hər zaman diqqətimizdədir. Dərsliklərin monitorinqi davam etdiriləcək.