Laçınsız 22 il Müsahibə

Laçınsız 22 il

Faiq İsmayılov:"Münaqişənin həll yolunun seçimindən asılı olmayaraq əhali doğma torpaqlarına qovuşmaq üçün istənilən fədakarlığa bu gün də hazırdır"

Vütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclis sədrinin müavini, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, əslən Laçından olan Faiq İsmayılovun partiyanın mətbuat xidmətinə verdiyi müsahibəni təqdim edirik.

- Faiq bəy, Laçının işğalından 22 il keçir. Sizcə nədən Laçını qoruya bilmədik?
- Sovetlər dönəmindən Laçın rayonu Ermənistanla Dağlıq Qarabağ arasında 1992-ci ilin may ayına qədər inzibati ərazi vahidi-rayon kimi mövcud olub. Tarixən bir neçə dəfə ermənilər Laçın ərazilərini zəbt etmək, Qarabağı özlərinə birləşdirərək Laçını Ermənistana tabe etdirməklə ermənilərə məxsus olmayan ərazilər hesabına dövlətlərini genişləndirmək, "böyük Ermənistan" yaratmaq xülyasını gerçəkləşdirmək istəsələr də, məqsədlərinə nail ola bilməyiblər.
XX əsrin 80-ci illərində SSRİ ərazisinin müxtəlif yerlərində milli və dini separatizmin əlamətləri sezilirdi. Sovet rəhbərliyi bu reallığa qarşı mübarizə aparır, hadisələrin inkişafına mane olurdular. Mixail Qorbaçov hakimiyyətinin boşluqlarından yararlanan erməni separatçılar ölkənin müxtəlif yerlərində, o cümlədən Dağlıq Qarabağ ərazisində daha da fəallaşdılar. XIX əsrin 70-80-ci illərində yaradılan erməni "Hnçaq", "Daşnaksutyun", "Ramgavar", "Armenakan" partiyalarının ideyalarının təsiri ilə erməni millətçiləri, Ermənistanda "Qarabağ", Dağlıq Qarabağda "Krunk" təşkilatları yaradaraq qədim türksoylu aborgenlər yaşayan Qarabağ torpaqlarını Ermənistana birləşdirmək üçün hərbi-siyasi fəaliyyətə başladılar.
1988-ci ildə minlərlə azərbaycanlının etnik təmizləmə siyasəti ilə Ermənistandan-Qərbi Azərbaycan torpaqlarından qovulması Dağlıq Qarabağ ətrafında və Ermənistanla Azərbaycan arasında bütün sərhəd boyu milli münaqişələri alovlandırdı. Hər iki tərəfdən dinc əhali arasında insan tələfatı oldu. Hadisələrin sürətli inkişafı nəticəsində Dağlıq Qarabağdan qısa zaman ərzində bütün azərbaycanlılar qovuldular. Xaricdən erməni diasporu, terrorçu erməni təşkilatları və Qarabağda baş verən hadisələrin mahiyyətindən hələ dərindən xəbəri olmayan bəzi böyük dövlətlərin razılıqları və dəstəkləri ilə erməni millətçiləri hadisələri bütövlükdə hərbi məcraya yönəltdilər. Ermənistan və Dağlıq Qarabağdan qarşı-qarşıya Laçın şəhərinə edilən hücumun qarşısını az qüvvə ilə almaq mümkün olmadı. 1992-ci ilin may ayının 18-də Laçın rayonu ermənilər tərəfindən işğal olundu. Ermənistan və Dağlıq Qarabağ "Laçın koridoru" vasitəsilə birləşdirildi.
Laçının işğalı nəticəsində 264 nəfər şəhid oldu, 65 nəfər girov götürüldü, 103 nəfər əlil oldu. Rayon üzrə bir yaşdan 16 yaşadək 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil oldu. 1071 nəfəri bir, 31 nəfəri isə iki valideyindən yetim qaldı. Bütün qüvvələri ilə erməni ordusuna qarşı döyüşlərdə qəhrəmanlıq göstərən beş nəfər laçınlı "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.
Respublikanın 58 rayonunda 895 yaşayış məntəqəsində məskunlaşıb məcburi köçkün həyatı yaşayan 73 min laçınlı min illər boyu vətənləri olmuş Laçına qayıtmaq istəyi, əzmindədirlər. Münaqişənin həll yolunun seçimindən asılı olmayaraq əhali doğma torpaqlarına qovuşmaq üçün istənilən fədakarlığa bu gün də hazırdır.
- Laçında ermənilərin yerləşdirilməsi haqqında dəfələrlə məlumat verilib. Ancaq o da bildirilib ki, burada ermənilər üçün elə də yaxşı şərait qurulmayıb. Nə vaxtsa buralardan gedəcəklərini bildikləri üçündür, yoxsa başqa ölkələrdən köçürülən ermənilərə münasibət fərqlidir?
- Laçın rayonu hazırda Ermənistan üçün çox ciddi strateji əhəmiyyətə malikdir. Laçının təbii resursları, tarixi mövqeyi, coğrafi ərazisi və mədənlərinin çoxluğu bu ərazilərin əhəmiyyətini daha da artırır. 1992-ci il işğalından sonra Laçında 10 min erməni əhali məskunlaşdırılıb. Xəstəxana, bank, poliklinika tikilib, telefon qovşağı yaradılıb, müxtəlif sexlər, üç erməni kilsəsi inşa edilib. Laçında ermənilərin yaşaması üçün mümkün şəraitin yaradılmasına çalışırlar. Mən deməzdim ki, ermənilər Laçında məskunlaşdırıldıqlarına görə peşimandırlar. Laçında məskunlaşdırılan ermənilər özlərini orada heç də müvəqqəti hesab etmirlər. Çünki onlar Laçının Azərbaycana qaytarılacağı təbliğatına inanmırlar. Əlbəttə xarici ölkələrdən aldadılıb dəbdəbəli bir həyat üçün Laçına gətirilənlər burada başqa bir həyat görürlər, onların bir çoxu peşiman olub vətənlərinə qayıtmaq istəyirlər. Amma belə epizodlar Laçıında məskunlaşdırılan ermənilərin siyahısında azalmaya elədə təsir etmir. Əksinə, son illər Laçında məskunlaşan ermənilərin siyahısında artım müşahidə edilir.
Hazırda işğalçı Ermənistan tərəfindən Azərbaycanın təbiətinə qarşı planlaşdırılmış ekosid siyasəti həyata keçirilir. İşğal edilmiş ərazilərdə meşələrin qırılması və məhvi hesabına Ermənistanda ağac emalı sənayesi inkişaf edir. Təkcə 1993-cü ildə işğal olunan ərazilərdən Ermənistana 206,6 min m3 qiymətli ağac növləri aparılıb.
Laçın rayonunun ərazilərində dünyada ən nadir ağac sayılan qırmızı dəmir ağac, qırmızı palıd, eldar şamı meşələri, çoxlu mineral suları, kobalt, uran, civə, qızıl, dəmir, boyaq və müxtəlif rəngli mərmər yataqları, həddindən çox dərman bitkiləri vardı.
Hazırda erməni işğalı altında olan Laçın rayonunun meşələri ermənilər tərəfindən kütləvi şəkildə qırılır. Belə ki, Piçənis və Hacısamlı meşələrindən qırmızı palıd ağacları qırılaraq Fransaya konyak istehsalında çəllək, təbii bitən irigövdəli qoz ağacları isə qırılaraq İrana mebel istehsalında istifadə üçün göndərilir.
Erməni girovluğundan azad edilmiş bir nəfərin ifadəsinə görə, ermənilər azərbaycanlı girovlardan Laçın rayonunun Zavod, Hacısamlı, eləcədə Qarabağ ərazisindəki Ağdərə rayonunda meşələrin qırılmasında istifadə ediblər. Girovun dediyinə görə, hazırlanan taxta materialları İrana satılır, oduncaq hissələri isə yanacaq kimi erməni ailələrinə paylanıb.
İşğal edilmiş regionun faunasına da əvəzolunmaz zərər vurulub. Regionun bioloji müxtəlifliyi təhlükə altındadır, çünki bir çox növü "Qırmızı kitab"a salınmış faunanın nəzarətsiz məhv olunması prosesi gedir. İşğal olunmuş Laçın rayonunda yasaqlıq məhv edilir. Bu yasaqlıqda yerləşən Hacışamlı meşəsində ermənilər, sonradan xaricə satış məqsədlə, qırmızı palıdın qırılması və tədarük edilməsi ilə məşğuldurlar. Bununla yanaşı, xarici ölkələrə satış məqsədilə, dekorativ mebel və parketin hazırlamasında əvəzsiz olan Bəsitçay qoruğu ərazisində bitən genişyarpaqlı palıd meşələri, çinar və qoz ağacları da qırılır. Sahəsi 240 hektar olan Qaragöl qoruğu da tamamilə məhv olunma təhlükəsi qarşısındadır. Burada 68 müxtəlif bitki növünə və 27 bitki ailəsinə mənsub olan bitkilər vardı. Sahəsi 13160 hektar meşə təsərrüfatı olan Qubadlıda da meşələr tamamilə məhv edilib. 2005-ci ilə kimi ermənilər işğal olunmuş ərazilərdən 720 min m3 ağac tədarük ediblər.
- Sizin təşkilat Laçınla qonşu Qubadlı rayonunda da Suriyadan erməni ailələrinin köçürüldüyü haqqında məlumat verib. Əvvəllər Qubadlı da daxil olmaqla Zəngilan və Cəbrayılın adları ermənilərin məskunlaşdıqları rayonlar siyahısında hallanmırdı. Və bildirilirdi ki, ermənilər bu rayonlardan gedəcəklərini anladıqları üçün əlavə xərc çəkmək istəmirlər. Bəs bu gün nə baş verir?
- Bizim təşkilat Azərbaycanın işğal olunmuş ərazilərində baş verən bütün qeyri-qanuni fəaliyyətləri diqqət mərkəzində saxlayır, bu barədə Azərbaycanda olan Beynəlxalq təşkilatların nümayəndəliklərinə bilgi verilir. Ermənilər Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarını işğal etdikləri vaxtdan oradakı bütün inzibati yaşayış məntəqələrindəki mülki əhaliyə məxsus, həm də dövlət mülkiyyətini söküb qənimət kimi Ermənistana daşıdılar. Bir növ bu rayonların əraziləri xarabalığa çevrildi. Lakin Suriya qaçqınlarının məskunlaşdırılmasına başlanandan bu ərazilər də ermənilərin diqqətindən kənarda qalmadı. Onlar əvvəl Zəngilan, indi isə Qubadlı rayonu ərazzilərində yenidənqurma işləri apararaq məskunlaşdırma siyasətlərini gerçəkləşdirməyə başladılar. Göstərdiyimiz bu faktı təsdiq etmək üçün deyə bilərəm ki, bu yaxınlarda Ermənistanın Tufenkyan fondunun baş direktoru Andranik Qasparyan "Lent.ru" sayıtına verdiyi məlumatda deyib:"Ermənistan Hökuməti Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının inzibati yaşayış məntəqələrinə Suriyalı qaçqınların yerləşdirilməsində maraqlıdır". Bu məqsədlə adıçəkilən fondun hesabına hər il xeyli miqdarda pul köçürülür.
Andranik Qasparyan qeyd edib ki, bu il Qubadlı rayonunun Xanlıq kəndində 12 yaşayış mənzili olan bir bina tikilib istifadəyə verilib. Bu mənzillərin orderləri və simvolik açarları yaxın günlərdə suriyalı qaçqınlara təqdim edilib. Burada yaşayan qaçqınlar işlə də təmin olunublar.
- 20 ildir sənədlə atəşkəs rejimi hökm sürür. Ancaq hər gün demək olar ki, atəşkəs ermənilər tərəfindən pozulur. Ümumiyyətlə, atəşkəs dövründə Azərbaycana vurulan maddi və mənəvi ziyanla, insan itkisilə yanaşı, həm də mədəniyyətimizə zərbə dəyib.
- Haqlısınız, son 20 ildə deyərdim ki Ermənistan-Azərbaycan təmas xəttində heç vaxt atəşkşs rejimi olmayıb. Bu illər ərzində demək olar hər gün atəş səsləri eşidilib, istər Naxçıvanda, istər Qazaxda, istərsədə Qarabağda insanlar öldürülüb, yaralanıb, girov götürülüb və s. Bu illər ərzində yalnız qarşılıqlı hücumlara icazə verilməyib. Atəşkəs rejimi adlanan illər ərzində Azərbaycan tərəfi təqribən müharibə dövründə verdiyi itkilər qədər itki verib. Biz müharibə etsəydik, bu qədər itki ilə çoxdan ərazilərimizi azad etmişdik.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində vurduğu maddi, mədəni və mənəvi zərərlər olduqca böyükdür. Təkcə daşınmaz tarix və mədəniyyət abidələrinə Ermənistanın hüquqazidd əməlləri nəticəsində 170 milyard manat zərər dəyib.
BMT Baş Assambleyasının "Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti" qətnaməsinə əlavənin 35-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllərə görə məsuliyyət daşıyan dövlət restitusiyanı həyata keçirməlidir. Belə ki, restitusiya hüquqazidd əməlin törədilməsinə qədər mövcud olan vəziyyətin bərpasını özündə ehtiva edir. Bu isə restitusiya vasitəsilə əvvəlki maddi vəziyyətin və qeyri-maddi hüquqların bərpası deməkdir.