Girovluqda olmuş qadınlarımızın acı taleyi... Müsahibə

Girovluqda olmuş qadınlarımızın acı taleyi...

Aygün Həsənoğlu: "Bizim kişilərin çoxu qadınlarımızın qədrini bilmirlər "

Qarabağdakı qanlı-qadalı savaşlardan illər keçsə də müharibənin açdığı yaralar heç qaysaq bağlamayıb. Deyirlər, müharibədən ən çox əziyyət çəkən qadın və uşaqlardır. Tək günahı türk olan azərbaycanlı girov qadın və uşaqlar arasında qayıtmayanlar kifayət qədərdir, ailələrin gözü hələ də yolda, Əsir və Girovlar üzrə Dövlət Komissiyası isə hələ də susmaqdadır. Bu barədə susmağa üstünlük verilsə də girovluqdan qayıdan qadınlar üçün həyat hardasa girovluğu xatırlatmaqdadır. Müsahibim - vaxtilə adıçəkilən Komissiyada çalışmış Aygün Həsənoğlu ilə də bu barədə danışdıq.

(əvvəli ötən sayımızda)

- Girovluqda olanların geri qayıtdıqdan sonra yaşadıqları haqda bir qədər geniş danışaq... Nədən irəli gəlir belə münasibət?
- Bu cür münasibət bütün dünya müharibələrinin tarixində olub. Məsələn, Fransız qadınları alman əsgərləri ilə münasibətinə görə, faşistlər ölkəni tərk etdikdən sonra o qızları xalq döyüb ya qovdu, ya da öldürdü. Məsələn, "Milana" filmində də bundan bəhs edilir. Amma Azərbaycanda vəziyyət başqadır. Bizdə qadınlar girov götürülüb və təhqirə, təcavüzə məruz qalıblar. Düşünün ki, ömründə bir oğlanla söhbət etməmiş bir qız erməni əsgərlərinin içində nə qədər işgəncə və təhqirlərə məruz qalıb. Şübhəsiz ki, onun dünyaya baxışı dəyişib, psixologiyası pozulub. Amma bunu gizlətməyə məcburdur. Çünki bircə dəfə üzünə çırpılması belə onun üçün ölümdən betərdir. Bir qız mənə danışa bilmədi, yazıb verdi. Yazır ki, ermənilər ona qrup halında təcavüz edirmişlər. Qız geri verilənə qədər dönmək istəyirmiş, lakin geri verilən anda azərbaycanlıları görəndə dəhştə gəlib, rüsvayçılığın acısını onda yaşayıb. Bütün yolboyu qarşılaşdığı heç bir kişinin üzünə baxmayıb, üzərindəki ifadəni görmək istəməyib. Sonralar da evlənə bilməyib, ona hər hansı oğlan yaxınlaşanda qaçırmış, qorxurmuş. Başqa bir qadın isə mənə evlənib ayrıldığını bildirdi. Söhbətdən məlum oldu ki, həyat yoldaşı ilə bir otaqda qalmağa da qorxurmuş. Daha doğrusu, iyrənirmiş. Müharibənin ən ağır zərbəsi qadına dəyir - atasını, qardaşını, ərini, oğlunu itirir, zərbələrə və təcavüzə məruz qalır.
- Təkcə ötən il ailə münaqişəsi zəminində qadınlara və ya yetkinlik yaşına çatmayanlara qarşı törədilən cinayətlər nəticəsində 30 qadın öldürülüb. Zorakılıq hətta TV ekranlarından sanki norma kimi təqdim edilir.
- Əvvəlcə onu deyim ki, son 10 ildə ölkəmizdə yalnız qadına qarşı cinayətlər deyil, bütün növ cinayətlər, eyni zamanda intihar halları artıb. Bu, eslində gözlənilən bir haldır. Bu, xalqın son 20 ildə yaşadığı faciələrin - soyqırım, terror, köçkünlüyün vurduğu psixoloji zərbənin nəticəsidir. Stress əlamətləri indi özünü biruzə verir.
Qadın cinayətlərinə gəlincə, bu, heç bir zaman normal hesab olunmamalıdır. Amma mən Azərbaycanda bir ildə bu qədər qadın öldürüldüyün bilmirdim. Bu statistika yalnız Azərbaycana aiddirsə, artıq ciddi siqnaldır və dövlət qurumları dərhal bu məsələ ilə məşğul olmalıdırlar. Yerlərdə görüşlər, seminarlar keçirilməli, ailə problemləri barədə televiziya ekranlarından qarşılıqlı söhbət və müzakirələr keçirilməli, reablitasiya mərkəzləri açılmalıdır. Vaxtilə orta məktəbdə "Ailə" dərsi vardı. Bu dərsi məktəblərdə ən yaşlı müəllimlərə verirlər, mən onların bu dərsi necə səviyyəsiz şəkildə tədris etdiklərinin şahidiyəm. Bu dərsin əhəmiyyətini anlamırlar. Əslində "Ailə" çox əhəmiyyətli dərsdir və gənclərə çox dəstək ola bilər. Heyf ki, ya boş keçir, ya da lazım olduğu kimi keçirilmir.
Azərbaycan qadınları - öz sədaqətlərinin və ailə dəyərlərinin girovudurlar. Bu, bizim qadınları başqa xalqlardan ayıran ən önəmli cəhətdir. Özü də bu ona görə heyrət doğurur ki, bizim qadınlar təhsillidirlər, ən azı orta məktəbi bitirmişlər. Yəni ərəb, hind qadınları ilə müqayisə oluna bilməzlər. Bizim qadınlarımız modern, özünə diqqət edən, gözəl yemək bişirməsi ilə fərəhlənən, hər zaman formada qalmağa və həyat yoldaşının tərifini qazanmağa çalışan xanımlardır. Bizim qızları doğulduğu gündən ailəyə hazırlayırlar. Problem ondadır ki, bizim kişilərin 95 faizi səviyyəcə qadınardan aşağıdadırlar. Bunu sosial şəbəkələrdən aydın izləmək olur. Bir də görürsən ki, elmi dərəcəsi olan bir kişi alim qızlarımız, qadınalarımız haqqında elə alçaldıcı fikirlər söyləyir, lətifələr paylaşırlar ki, heyrət edirsən. Bu kişilər əslində ailə qurub sonra evindəki qadınından bezən, fərqli səbəblərə görə ondan ayrıla bilməyənlərdir. Yoxsa bu qədər aqressiv olmazlar. Bir nüansı xüsusi olaraq qeyd etmək istəyirəm. Oğlanlar başqa millətin qızı ilə evlənəndə onun dilində danışır, uşaqlarının adını da o millətin adlarını qoyurlar. Qızlarımız xaricilərlə evlənəndə isə, ən azından o xarici vətəndaşa öz xalqların sevdirirlər, uşaqlarına da o sevgini aşılayırlar, adları da ən azından ortaq adlar seçirlər. Bir qız tanıyıram, ingilislə ailə qurub, amma uşağının otağından Azərbaycan bayrağı asılıb. Uşağını da "Laylay"la, "Sarı gəlin"lə, "Qaragilə" ilə böyüdüb. Mənim yoldaşım Türkiyəlidir, bu iki ildə Xocalı haqqında məndən çox material paylaşıb. İndi gedin başqa millətin qızı ilə evlənən kişilərimizə baxın, bir də onların uşaqlarına baxın.
Azərbaycanda oğlanlar sevdikləri qıza belə öz sevgilərini söz atmaqla bildirirlər. Həzərə almırlar ki, bu, qız üçün təhqiramiz münasibətdir. Mən nə qədər Türkiyədə oldum, bir dəfə qadına-qıza söz atan görmədim. Fikir verin, Azərbaycanda partiya rəhbəri olan siyasətçi xanım varmı? Kişilərin qısqanclığı qoymur qadınları meydana çıxmağa- siyasətdə də, ədəbiyyatda da, həyatda da. Açıq deməliyik, bizim kişilərimzin çoxu qadınlarımızın qədrini bilmirlər. Əslində girov olan qadınlarımız deyil, kişilərimizdir. Kişilərimizin çoxu öz cahilliklərinin girovudurlar.

Ülviyyə Tahirqızı