“Əkin üçün yararlı torpaqlar azalır” Müsahibə

“Əkin üçün yararlı torpaqlar azalır”

Vahid Məhərrəmli: "İndi az maliyyə vəsaiti ilə bərpa oluna biləcək torpaqlara gələcəkdə daha çox kapital qoymaq lazım gələcək"

Hər bir fermer torpağından bol məhsul götürməkdə maraqlıdır. Alıcı da bazarda yerli və ucuz məhsula üstünlük verir. Yerli məhsulu bol və ziyansız yetişdirmək üçün isə ilk növbədə torpağın münbit və məhsuldar olması vacibdir. Təəssüf ki, Azərbaycanın münbit və məhsuldar torpaqları get-gedə şoranlaşmaqda və əkin üçün yararsız vəziyyətə düşməkdədir. Vəziyyətin həyəcan verici durumda olduğunu deyən kənd təssərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ilə söhbətimizdə şoranlığa məruz qalmış torpaqlar haqda danışdıq.
- Şoranlıq necə yaranır?
- Əvvəla şoran torpağın tərifini verməyə çalışaq. Səthində və profilində bitki üçün çox miqdarda toksik duzlar olan torpaqlar şoran torpaqlardır. Şoran torpaqların yaranmasının səbəbi müxtəlifdir. Torpaqlarda olan suxurların aşınması, üzvi maddələrin mikroorqanizmlər tərəfindən parçalanması, mineral maddələrdə olan birləşmələrin parçalanması nəticəsində suda asan həll olunan duzların kapiliyarlarla torpağın üst hissəsinə çıxmsı prosesi baş verir. Yeraltı suların səviyyəsinin qalxması torpağın alt hissəsində suda asan həll olunan zərərli duzların torpağın üzərinə qalxmasına səbəb olur. Havanın isti keçməsi nəticəsində su buxarlanır, toksik duzlar isə torpağın üst hissəsində toplanaraq onu şoranlaşdırır. Bizdə problem ondan ibarətdir ki, Kür, Araz çayları ətrafında şoran torpaqların həcmi get-gedə artır. Bunun başlıca səbəbi kimi Kür çayının yatağının qalxmasıdır. Digər səbəb kimi mənbəyini Mingəçevir su anbarından almış Qarabağ və Şirvan su kanallarının sızması nəticəsində ətraf ərazilərin şoranlaşmaya məruz qalmasıdır. Həmin kanallar vaxtilə çəkiləndə yataq beton örtüklərlə inşa edilməliydi ki, su sızması baş verməsin. Təəssüf ki, kanallar çəkiləndə bu vacib məsələ nəzərə alınmayıb. Elə buna görə də su bolluğu yarananda qurunt sularının qalxmasına səbəb olur ki, bu da öz növbəsində torpaqların şoranlaşması ilə nəticələnir. Azərbaycanda əsasən torpaqların şoranlaşması bu cür baş verir.
- Şoran torpaqların yaranma səbəblərindən biri olan suvarma sistemi haqda nə deyə bilərsiniz?
- Azərbaycanda təssüflər olsun ki, fermerlər su rejimi haqda məlumatsızdırlar. Torpağın su rejimi mütləq tənzimlənməlidir. Suvarma bitkinin suya olan təlabatını nəzərə almaqla, əsasən iqlim və torpaq şəraitinə uyğun olaraq tənzimlənməlidir. Bizdə suvarma hələ də primitiv qaydada aparılır, selləmə suvarma üsulundan daha geniş istifadə olunur. Belə halda sudan düzgün istifadə olunmur, həm coxlu həcmdə su itkisinə yol verilir həm də torpağın münbit qatının yuyulması prosesi baş verir. Digər tərəfdən selləmə suvarma nəticəsində su nisbətən aşağı hissədə yerləşən əkin sahələrində yığılaraq qurunt suyunun qalxmasına səbəb olur. Bu da öz növbəsində həmin sahədə torpağın şoranlaşmasına yol açır.
- Azərbaycan kənd təsərrüfatı üçün hansı suvarma sistemi daha əlverişlidir?
- Bəyaq dediyim kimi, suvarma bitkinin suya olan təlabatını nəzərə almaqla, əsasən iqlim və torpaq şəraitinə uyğun olaraq aparılmalıdır. Bizə lazımdır ki, bitki torpaqda olan qida maddəsini mənimsəyə biləcək qədər su ilə təmin edilsin. Artıq su bitkinin normal qidalanmasına, maddələr mübadiləsinə mane olur. Bununla həm də normal tənəffüs prosesi pozulur. Artıq su verməklə biz bitki üçün çox vacib olan qida maddələrinin torpaqda yuyulub getməsinə şərait yaratmış olarıq. Çalışmaq lazımdır ki müasir suvarma üsullarından, damcı, yağış yağdırma, çiləmə sistemlərindən istifadə edək. Son zamanlar dunya praktikasında bu üsullardan geniş istifadə olunur. Düşünürəm ki, bu üsullardan istifadə etmək üçün bizdə bütün imkanlar var. Yağış yağdırma və damcı üsulu ilə suvarma sistemi quraşdırmaq hər hektar sahə üçün 2000-3500 dollar vəsait tələb edir. Bu qədər vəsait qısa bir müddətdə özünü doğruldur. Belə ki, bu üsuldan istifadə suya ciddi qənaət etməklə yanaşı, məhsulun maya dəyərini aşağı salır, məhsuldarlığı isə artırır. Geniş formada bu suvarma üsulundan istifadə etmək üçün bizim maliyyə resursumuz var. Bu da öz növbəsində şoranlaşmanın qarşısını ala bilər. Yəni Azərbaycanda kifayət qədər şoran torpaqların bərpa edilməsi, torpaqların təkrar şoranlaşmaya məruz qalmaması üçün geniş imkanlar var. Şoran torpaqların yuyulması, bərpası istiqamətində Sovet vaxtından qalmış təcrübə də var. Bütün imkanlarımız olduğu halda bu işlərin həyata keçirilməsi üçün iradə lazımdır və bu iradəni hökumət ortaya qoymalıdır. Nəzərə alınmalıdır ki, ölkə əhalisi artır, bununla yanaşı kənd təsərrüfatı məhsullarına olan tələbat da çoxalır. Artan əhalinin işlə təminatını həyata keçirmək üçün bu torpaqları yararlı vəziyyətə gətirmək lazımdır. Kənddə yaşayan əhalinin sosial problemlərini həlli etmək, aqrar sahənin gəlirli olması üçün şoran torpaqların bərpasına ehtiyac var. Hökumət sadalananları həyata keçirsə, Azərbaycanın ərzaqla bağlı problemini həll etmiş və idxaldan asılılığı aradan qaldırmış olar. Biz ərzaq mallarına olan tələbatın əsas hissəsini idxalın hesabına ödəyirik. Şoran torpaqların özü də fərqlidir. Eləsi var, torpaqda şoranlığın dərəcəsi yüksəkdir, amma elə sahələr var ki, məsələn, çəltik istehsalı ilə məşğul olmaqla həm yaxşı gəlir əldə etmək, həm də torpağın şoranlılığını minimuma endirmək olar. Dənli bitkilər nisbətən şoran torpaqlara dözümlü olur. Düzdür məhsuldarlıq yüksək olmur, amma bu bitkilərin əkini ilə məşğul olmaqla, şoran torpaqları nisbətən bərpa etmək mümkündür.
- Şoran torpaqların sahəsi nə qədərdir?
- Dövlət rəsmiləri tərəfindən səsləndirilən rəqəm təxminən 400 min hektardır. Ancaq digər mənbələrdə bu rəqəm 1 milyon 400 min hektardan çoxdur. Ümumiyyətlə, ölkədə dəqiq hesablamalar aparılmalı, mütəxəssislər yerlərdə şoran torpaqların ərazisini dəqiqliklə müəyyənləşdirməli və ortaya konkret statistik rəqəm qoyulmalı və şoran ərazilərin xəritəsi hazırlanmalı idi. Bu barədə çox danışılsa da indiyə kimi ortada konkret iş yoxdur. Ümumiyyətlə, hər hansı iş görülməzdən əvvəl əldə dəqiq statistik məlumat olmalıdır. Ona uyğun Dövlət Proqramı qəbul edilməlidir. Bu məlumatın olmaması deməyə əsas verir ki, yaxınlarda bu sahədə hər hansı bir ciddi irəliləyiş olacağına ümid yoxdur.
- Dövlət Proqramının qəbulu üçün hansı tədbirlər görülməlidir?
- Əvvəlcə şoran torpaqlar dəqiq müəyyən edilməlidir, ondan sonra isə həmin ərazilərdə hansı tədbirlərin keçiriləcəyi haqda proqramlar qəbul olunmalıdır. Azərbaycanda bu sahədə vahid koordinasiya sistemi də yaradılmayıb. Bu gün Kənd Təsərrüfatı Nazirliyi torpaqla daha çox əlaqəli olan qurumdur. Torpaq və Xəritəçəkmə Komitəsi torpağın keyfiyyəti ilə bağlı məlumat toplayır, Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyəti şoranlaşmanın qarşısını almaq üçün meliorativ tədbirlər həyata keçirə biləcək bir qurumdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də bu sahəyə cavabdehlər siyahısındadır. Yəni bu gün torpaqlarda eroziya, şoranlaşma, şorakətləşmə, deqredasiya prosesi gedirsə, sadalanan qurumların cavabdehliyi var. Amma vahid koordinasiya sistemi yaradılmayıb. Bu sahədə real vəziyyətlə bağlı məlumatların əldə olunması, ötürülməsi, analizi, görüləcək işlər, cavabdehlik kimi vacib məsələlər qurumlar arasında müəyyənləşməyib. Təbii ki, büdcə formalaşanda da bu kimi məsələlər nəzərə alınmalıdır. Bunların hamısı vahid mərkəzdən idarə olunmalıdır. Ümumiyyətlə, torpaqla bağlı problem uzun müddətdir mövcud olsa da, heç bir iş görülməyib. Həm torpaqlarda deqredasiya prosesi sürətlə gedir, bir çox halda istifadə olunan torpaqlara mineral və üzvi gübrələr verilmir, yəni əkin üçün yararlı torpaqların keyfiyyəti də get-gedə aşağı düşməkdədir. Belə davam edərsə, bu gün əkilən torpaqlar da dövriyyədən çıxacaq. Dövlət qurumları ayrı-ayrılıqda bu problemi aradan qaldıracaq gücə malik olmadıqlarına görə birgə işləməlidilər və torpağın keyfiyyəti ilə bağlı müəyyən proqramlar həyata keçirilməlidir. Yerlərdə fermerlər şoran torpaqdan istifadə qaydasını bilmirlər. İkincisi, onlar ümumiyyətlə şoranlığı aradan qaldıracaq gücündə deyillər. Bəzi fermerlər öz güclərinə torpaqlarını yuyaraq münbitləşdirə bilər. Lakin heç kim həmin torpağın gələcəkdə təkrar şoranlaşmaya məruz qalmayacağına təminat verə bilməz. Yəni şoranlaşma müxtəlif səbəblərdən baş verdiyindən bu dəqiq müəyyən olunmalıdır. Bu da fermerin gücündə deyil, yalnız dövlət səviyyəsində görüləcək işdir. Çayların yataqlarının təmizlənməsi su kanallarının sızmasının qarşısının alınması kimi ciddi işlər görülməlidir. Yəni Azərbaycan bütün bu işlərin öhdəsindən gəlmək qüdrətindədir. Respublikanın həm maliyyə imkanı var, həm də coğrafi şəraiti elədir ki, biz ümumiyyətlə şoranlaşmanın qarşısını birdəfəlik ala bilərik. Xəzər dənizinin mövcudluğu, eləcə də Azərbaycanın relyefi elə formadadır ki, şoran torpaqları yuyub yenidən bərpa etmək və təkrar şoranlaşmanın qırşısını almaq olar.
Bu ciddi kapital qoyuluşuna ehtiyacı olan bir işdir və görüləcək tədbirlər kompleks halda həyata keçirilməlidir. Bu işin fərdi şəkildə həyata keçirilməsi mümkün deyil, dövlət proqramı qəbul olunmalıdır. Xatırlayırsınızsa, 2010-cu ildə Kür çayında ciddi su bolluğu yarandığı zaman qurunt sularının səviyyəsi artmışdı. Nəticədə ətraf ərazilərdə şoran torpaqların həcmi sürətlə genişləndi. Ondan sonra fermerlər nə qədər müraciət etsələr də, konkret iş görülmədi. Ümumiyyətlə Kürün yatağının təmizlənməsi istiqamətində ciddi işlər görülməlidir. Kürün dənizlə birləşən deltasını təmizləyib suyun dənizə maneəsiz axmasını təmin etmək lazımdır. Təəssüf ki, bu sahədə görülən işlər də yarımçıq qaldı.
- Dövlət Proqramının gecikməsi nə vəd edir?
- Şoran torpaqlar yalnız sadaladığım amillərin təsirindən əmələ gəlmir, digər səbəblər də var. Yəni torpağın üst səthində yığılmış duzlar külək vasitəsi ilə yaxın ərazilərə asanlıqla yayılaraq münbit torpaq sahələrini də sıradan çıxarır. Məsələn, əvvəllər Bakı-Qazax yolunun kənarında pambıq əkilirdi, indi o sahələr şoranlaşıb və dövriyyədən çıxarılıb. Təssüflər olsun ki, belə sahələrin ərazisi genişlənir. Dövlət Proqramını ləngiməsi problemin dərinləşməsi və daha ciddi problemlərin yaranmasına gətirib çıxara bilər. İndi az maliyyə vəsaiti ilə bərpa olunacaq torpaqlara gələcəkdə daha çox kapital qoymaq lazım gələcək. Ola bilər ki, bu torpaqların bir qismini ümumiyyətlə bərpa etmək mümkün olmasın.

Ülviyyə Tahirqızı