“Türkiyə hökuməti “erməni soyqırımı” məsələsinə o qədər də ciddi yanaşmır” Müsahibə

“Türkiyə hökuməti “erməni soyqırımı” məsələsinə o qədər də ciddi yanaşmır”

Kamal Çiçək: "2015-ci ilin ən mühüm hadisəsi Doğu Perinçekin AİHM-dəki apellyasiya məhkəməsi olacaq"

Türk Tarix Qurumu erməni masasının keçmiş başqanı, Ankaradakı İpək Universiteti insan və sosial elmlər fakültəsinin dekanı, professor Kamal Çiçəkin APA-ya müsahibəsi

- İki il əvvəl "erməni məsələsi" haqqında Qərbin elmi dairələrinə ünvanlanmış kitabınız ingiliscə çapdan çıxdı. Eyni məsələ ilə bağlı indi hansı mövzuları işləyirsiniz?

- İndi "erməni məsələsi"nə dair xalqın da rahat şəkildə anlaya biləcəyi bir kitab üzərində çalışıram. Bu, bizim ermənilərlə ilk təmasımızdan tutmuş, bu coğrafiyada "erməni məsələsi"nin meydana çıxmasının səbəblərinə qədər, hər şeyi sadə dildə izah edən bir kitab olacaq. Türk oxucusunun buna ehtiyacı var. Digər tərəfdən, bizə yönəldilən əsassız ittihamlara qarşı daha effektiv şəkildə mübarizə apara bilmək üçün bilikli xalqın dəstəyinə həmişə ehtiyac duyulur. Ona görə o kitabı yazıram.

- On il əvvəlki ssenarilər yenidən tədavülə daxil edilib. On il əvvəl ilə müqayisə edəndə Türkiyə qondarma "erməni soyqırımı" iddialarına qarşı mübarizədə hansı nöqtədədir?

- Keçən əsrdə Qərbdəki "erməni soyqırımı" iddialarına qarşı Türkiyədə çox az kitab yazılıb. Xarici İşlər Nazirliyi səfir Kamran Gürünün kitabını kafi bilib. 10 il əvvəl də biz bu məsələ haqqında az kitab yazmışdıq. İndi isə həm Türkiyədə xeyli əsər yazılıb, həm də Qərb ölkələrində Türkiyənin haqlı mübarizəsini dəstəkləyən alimlərin sayı artıb. Əsrin əvvəllərindən başlayaraq biz Türk Tarix Qurumunda toplumu bilgiləndirmə yolunu tutduq, 2006-da qurulan Tələt Paşa Komitəsi isə qondarma iddialara qarşı Avropada təsirli mübarizə apardı. Apardığımız elmi mübarizə nəticəsində hökumətimiz Ermənistana tarixçilərdən ibarət komissiya qurulmasını təklif edə bildi. İndi müqayisəedilməz dərəcədə irəli nöqtədə olduğumuzu xüsusi qeyd etməliyəm. Ancaq Türkiyə hökumətinin islami çizgi izləyərək getdikcə içə qapanması və Qərbdən təcrid olması 2015-ci ildə bizim əleyhimizə çevriləcək faktor ola bilər.

- Bəs işin siyasi tərəfi? 2015-ci ilə doğru gedən yolda qondarma "erməni soyqırımı" iddialarının dəf edilməsi üçün Türkiyə nə dərəcədə güclü siyasi iradə nümayiş etdirə biləcək?

- Keçən həftə İstanbulda sizin də iştirak etdiyiniz toplantıda dediyim kimi, Türkiyənin indiki hökuməti bu işə bir neçə baxımdan ciddi şəkildə yanaşmır. Keçən əsrin axırlarına qədər Türkiyə hökumətləri deyirdilər ki, bu iş Osmanlı dönəmində olub, ona görə ermənilər Cümhuriyyət dönəmini ittiham edə bilməzlər. Ancaq iş ciddiləşəndə gördük ki, bu, yanlış mövqedir. İndiki hökumət isə məsələyə sırf islamçı nöqteyi-nəzərdən yanaşaraq, o vaxt Sultan Əbdülhəmidi devirən İttihad və Tərəqqi Partiyası mənsublarının erməniləri köçürtdüyünü iddia edir və Sultan Əbdülhəmid təəssübü indiki hökumətin bu mübarizəyə ciddi şəkildə sahib çıxmasına mane olur. Son 10 ildə işi Türkiyənin sərhədlərindən kənara çıxarıb Avropada mübarizə aparan İşçi Partiyası və Tələt Paşa Komitəsinə isə həm hökumət, həm də toplumun mühafizəkar təbəqələri uzaq durduğuna görə, məsələ heç cür milli səviyyəyə yüksəldilə bilmir. Bu məsələyə milli nöqteyi-nəzərdən baxmaqdan başqa yol yoxdur. 2015-ci ilin ən mühüm hadisəsi Doğu Perinçekin Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasındakı apellyasiya məhkəməsi olacaq. AİHM 17 dekabr 2013-də "söz və ifadə azadlığını məhdudlaşdırdığına görə" İsveçrəni məhkum edib, İsveçrənin apellyasiya şikayətini Ermənistan da dəstəkləyib. Türkiyə hökuməti isə Perinçekin mövqeyini dəstəkləyir. Əgər Strasburq Məhkəməsi heç bir siyasi təsir altında qalmadan dəlillərə əsaslanaraq hökm versə, Doğu Perinçek bu dəfə Ermənistana da qalib gələcək. Ondan sonra, xüsusilə, Avropa ölkələrində Türkiyəyə qarşı yönəldilən "soyqırım" ittihamlarının heç bir mənası qalmayacaq.

- Bu mübarizədə Türkiyə və Azərbaycanın müştərək mövqelərdən çıxış etməsi işi nə yerdədir? Bu məsələ ilə bağlı müşahidələriniz nədir?

- Türkiyə diasporası hökumətin bu işə İttihad və Tərəqqi faktoru ucbatından tam sahib çıxmamasına görə son 2-3 ildə təşəbbüsü əldən vermiş kimi görünür. Bu məsələ ilə bağlı olaraq diasporada təşəbbüsü Azərbaycanın öz əlinə alması isə sevindiricidir. İndi Azərbaycanın xaricdəki diasporasının təsirli fəaliyyətindən danışmaq mümkündür. Azərbaycan bu işi öz lehinə çevirməkdə iqtisadi gücündən ustalıqla istifadə edir. İqtisadi cəhətdən güclənən Azərbaycan, Ermənistanı qeydsiz-şərtsiz dəstəkləməkdə olan Rusiyanın bu sahədəki iradəsini də qırmağa qadir olacaq. Başı öz problemlərinə qarışmış Rusiyanın iqtisadi cəhətdən güclü olan Azərbaycanla Ermənistana görə hər hansı konflikt yaşayacağına inanmıram. Sizə şad bir xəbər də verim: bir neçə gün qabaq azərbaycanlı alim dostumuz, professor Musa Qasımlının "Kafkasyanın ermeni sorunu" kitabını çap etdik, 11 noyabrda İstanbuldakı TÜYAP beynəlxalq kitab yarmarkasında kitabın təqdimatı olacaq.